Sənətin və sözün ustası Məhəmməd FEYZƏL oğlu

Sözü-sovu eldən gələn, el dərdinin tərcümanı olan, xeyir-şər məclis­lərində çiynini yük altına verən şairlərdən biri Abbasov Məhəm­məd Feyzəl oğludur.

Onu Usta Məhəmməd kimi tanıyırlar. 1954-cü ildə Cəlilabad rayonunun Əliabad kəndində dünyaya göz açıb. Fitri istedad sahibi olan Məhəmməd Abbasov ədəbi məclislərdə bədahətən şeirlər deməyi xoşlayır. El şairi uzun müddət şeirlərinin çapı haqqında düşünməyib, dostları, tanışları onun el arasında əzbərdən söylənilən şeirlərini mətbuara çıxarıblar. 2010-cu ildə mərhum şair Qasid Nağıoğlunun təkidi və tərtibi ilə Usta Məhəmmədin “Sənin əziz canın haqqı” adlı şeirlər toplusu işıq üzü görüb. Q. Nağıoğlu kitaba “Dünya özü biləcək” adlı maraqlı bir ön söz də yazıb. Yeri gələndə sözünü deyən, haqqın təmsilçisi sayılan el şairinin el içində hörməti, ehtiramı urvatlı olur. Saz çalmasa da, saz danışan, saz deyən, saz düzən söz ustasıdır Usta Məhəmməd!

 

Düz ol demə bilə-bilə,
Hardan olum düppədürüst.
Köklənmişik indi belə,
Hardan olum düppədürüst.

 

Heç bir şeyə yox gümanım,
Çün yoxdur dinim-imanım.
Sənə qurban mənim canım,
Hardan olum düppədürüst.

 

Günahımı çəkməz fil də,
Yuya bilməz daşqın, sel də.
Asan gəlir sənə dildə?!
Hardan olum düppədürüst.

 

Qaşım əyri, gözüm əyri,
Dilim əyri, sözüm əyri.
Sözün düzü, özüm əyri,
Hardan olum düppədürüst.

 

Dost-tanışım olub şeytan,
Danışdığım tamam böhtan.
Əgər yoxsa məndə vicdan,
Hardan olum düppədürüst.

 

Usta, heç də qəm eyləmə,
Günahkaram heç vaxt demə.
Deyəndə də deynən belə:
Hər sözüm də düppədürüst,
Mən özüm də düppədürüst.

 

Usta Məhəmmədin şeirlərində acı ironiya, kəskin tənqid var. Bəzi şeirləri isə sərtliyi ilə seçilir. Usta Məhəmmədin şeirlərindəki bu cəhəti nəzərdə tutan Qasid Nağıoğlu yazır ki, onun satirik və yumoristik şeirləri başdan ayağacan birnəfəsə oxunur. Cəmiyyətdəki neqativ halların həyat tərzinə çevrilməsinə etiraz edən Usta Məhəmməd oxucularını (əslində dinləyicilərini) nöqsanlara qarşı barışmaz olmağa çağırır. Ən başlıcası, bu sənətkarın bədahətən söylədiyi və dillər əzbəri olan satirik şeirlərində belə aşıq ruhu var:

 

Öyrənmisən böhtana sən,
Dərs verirsən şeytana sən.
Oxşamırsan insana sən,
Ay boyuvu yerə soxum!

 

Ev yıxmaqdı işin sənin,
Hey ağarır dişin sənin.
Kim olub keçmişin sənin?
Ay boyuvu yerə soxum!

 

Dost-tanışın özün kimi,
Özün də ki, sözün kimi.
Üz görmədim üzün kimi,
Ay boyuvu yerə soxum!

 

Heç bir kəsə eyləmə lağ,
Götür güzgü, özünə bax.
Nə gündəsən sən, ay axmaq,
Ay boyuvu yerə soxum!

 

Pis nə varsa götürmüsən,
Xəlqə xələl gətirmisən.
Mən tək dostu itirmisən,
Ay boyuvu yerə soxum!

 

Usta Məhəmmədin poetik etirafı da səmimidir. “Qocalmışam mən” şeiri, əslində eqoportretdir:

 

Elə ki əllini ötürdü yaşım,
Töküldü dişlərim, ağardı başım.
Gödəldi kirpiyim, uzandı qaşım.
O gündən bildim ki, qocalmışam mən.

 

Ürək zəiflədi, qalmadı dözüm,
Kar oldu qulağım, kor oldu gözüm.
Heç yerdə ötmədi bir kəlmə sözüm,
O gündən bildim ki, qocalmışam mən.

 

Təpidi dodağım, təpidi dilim,
Titrədi dizlərim, büküldü belim.
Özünün nişanın göstərdi ölüm,
O gündən bildim ki, qocalmışam mən.

 

Baxdım ki, əlimdən düşüb ağacım,
Məndən uzaq gəzir qardaşım-bacım.
Başımdan salınıb kişilik tacım,
O gündən bildim ki, qocalmışam mən.

 

Duydum ki, gizlicə edirlər söhbət,
Mənim zəhmətimə verirlər qiymət.
Gördüm ki, mənimçün düzəlir səbət,
O gündən bildim ki, qocalmışam mən.

 

El şeirindən söz düşəndə, adətən, müdrik kəlamlardan danışır, hər sözün arxasında bir hikmət axtarırıq. Əlbəttə, hikməti olmayan deyimin ömrü uzun olmaz. Təbiət şeiri də, sevgi şeiri də, əxlaqi-didak­tik şeir də hikmət nuruna bələnir. Şübhəsiz, hər şeirin bir fəlsəfi ma­hiyyəti olur. Buna görə də klassik şairlərin yaradıcılıq nümunə­lə­ri­ni mövzularına görə araşdırmaq dəb halını alıb. Aşıq şeirinə də, ya­zılı ədəbiyyat nümunələrinə də belə münasibət bəsləyirik. Əslində, əlinə qələm alan, yaxud bədahət söyləyən söz adamı düşdüyü şəraitin təm­silçisidir. Bu sevgi məqamı da ola bilər, ictimai-siyasi vəziyyət də! Usta Məhəmməd şeirlərindən birində bu vəziyyəti gözəl təsvir edib:

 

Sən fikir ver danışdığın sözünə,

Utanmadan mən deyirəm üzünə.

Şair demə, a qardaşım, özünə,

Qoy desinlər, şair sənsən, yoxsa mən?

 

Şair odur, sözlərindən bal dada,

Sözün deyə, danışmaya daldada.

Yoxsa, sən tək yalan deyə, aldada,

Qoy desinlər, şair sənsən, yoxsa mən?

 

Şair gərək bədahətən söz deyə,

Dediyin də taraz deyə, düz deyə,

Yeri düşdü iynələyə, bizləyə,

Qoy desinlər, şair sənsən, yoxsa mən?

 

Həqiqətən, belədir! Əgər el tərcümanısansa, elin dərdini demə­lisən! Elin dərdini deməyin yolları isə çoxdur. Haqsızı qınamaq lazım gələndə Usta Məhəmməd satirik üsluba üz tutur. Bəzən ümumi bəlanı tənqid etmək üçün el şairi özünəməxsus bir üslub tapır. O, tənqid atəşinə tutduğu mərəzə özünü də şərik edir. Şair özü kiminsə qınağına tuş gələndə əsl həqiqəti poetik şəkildə ortaya qoyur:

 

Üz qarası, ləkəsidir,

Cəzasını çəkəsidir.

Günahkarın yekəsidir,

Məndən günah görənə bax.

 

Anlamıram kəlməsini,

Dürtür hara kəlləsini?

Mənə deyir kəs səsini,

Axşamacan hürənə bax.

 

El şairinin satirik ovqatla gülüş hədəfinə çevirdiyi cəmiyyət bu bəladan yalnız birlikdə xilas ola bilər. Xislət ümumidirsə, nöqsan hamıya aiddirsə, bu zaman tərəflərin hər ikisi gülüş obyektinə çevrilir:

 

Ya dayanaq üz-üzə,

Ya oturaq diz-dizə.

Heç kəs gəlməmiş bizə,

Sən mənə gül, mən sənə.

 

Bir dostum var kasıbdır,

Biri özün asıbdır.

Bizi də bit basıbdır,

Sən mənə gül, mən sənə.

 

Məhəmmədin “Usta” deyə çağrılması onun həyatda özünə dolanışıq yeri seçdiyi peşəsi ilə bağlıdır. İş elə gətirib ki, eldə, obada onu həm də sözün, şeirin, sənətin ustası kimi tanıyırlar.

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

 

Share: