İstəyirsiz inanın, istəyirsiz inanmayın

Adil İrşadoğlu

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə daxil olmaq üçün mən də sənədlərimi təqdim etmişdim. Valideynlər imtahanın gedişatını bayırda quraşdırılmış televizor vasitəsilə izləyirdilər.

Şərqşünaslıq Fakültəsinə daxil olmaq istəyənlərdən imtahanı universitetin qarşısındakı adamlar dağılışandan və televizoru söndürəndən sonra axşam götürürdülər. Mənimlə birlikdə imtahan verən abituriyentlərdən bir neçəsini yaxından tanıyırdım. Uşaqlıq dostum Nazim Mirismayıl oğlu Ağamirov, Seyfəddin Dağlının oğlu Bəhlul Abbasov, Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadə, Əlfi dayının oğlu İlqar Qasımov, Müştəba Əliyev, ağdamlı Vahid, Niyazi və başqaları…

Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsinə iddialılar çox, keçid balı isə 18 idi. 4 şifahi imtahan verdim. Öz gücümə 2-sindən 5 aldım, 1-dən 4 aldım. İngiliş dilindən imtahan verəndə isə müəllimlər mənə ilişdilər… Məni borclu çıxarıb zorla 3 yazdılar… Sevil Heydər qızı Əliyeva da bizimlə birlikdə ingilis dilindən imtahan verirdi. O, mənə qarşı edilən haqsızlığı görüb narahat oldu və müəllimlərə irad tutdu. Buna baxmayaraq həmin müəllimlər mənim Azərbaycanda yeganə Universitetin Şərqşünaslıq Fakültəsinə daxil olmağıma mane oldular. Qismət beləymiş… Növbəti il gəlib Universitetin Jurnalistika fakültəsinə imtahan verib yüksək qiymətlərlə daxil oldum… Sonra eşitdim ki, Şərqşünaslıq Fakültəsinin ərəb dili şöbəsindəki həmin yeri, yəni mənim halalca yerimi SSRİ-nin Almaniyadakı Səfirliyində çalışan bir kişinin qızına bağışlayıblar. Elə o vaxtdan haqqım tapdalana-tapdalana gəlib çatmışam 67 yaşıma… Sonra :

*Ulu babalarımdan və nənələrimdən mənə miras qalan Qarabağımı əlimdən aldılar.

*Soydaşlarımı, qohum-əqrabamı yud-yuvasından didərgin saldılar. Məni onların üzünə həsrət qoydular.

*Atamdan və anamdan miras qalan ev-eşiyimi dağıtdılar, məni gorgahlarımı ziyarət etməyə qoymadılar. Bundan da ağır dərd olar?

*Dünyanın ən ağır dərdini çiyinlərimə alıb daşıyıram…

*Haqq-ədalət dediyiniz budur?

*Mən haqqıma girib yolumu kəsənləri qınayıram, bağışlamıram.

*Mən haqqımı oğurlayıb başqasına satanı lənətləyirəm.

*Nə edəsən taleyin bu oyunu qarşısında?

*“Allah insanı azad yaratmışdır”, dedikləriniz budurmu?!

*Məgər mən azadam?

İstəyirsiz inanın, istəyirsiz inanmayın. Mən Vətənimi, Dövlətimi, Xalqımı və Millətimi səmimi qəlbdən dəlicəsinə sevən bir insanam. Bunu dövlətin ali müəssisəsində işlədiyim vaxtlarda və işləmədiyim vaxtlarda dəfələrlə sübut etmişəm, canımı, səhhətimi qurban vermişəm. Ancaq buvaxtadək nə vətənim, nə dövlətim, nə xalqım, nə də millətim bir azca da olsa məni sevmədi, mənə dəyər vermədi…

Özümə söz vermişəm usanmayacam, ruhdan düşməyəcəm, yazıb-yaradacam, sınmayacam, ürəyimdəki arzularıma qovuşmaq üçün 67 yaşımdan sonra da mübarizə aparacam. Təki Allah məni sevsin. Təki Allah köməyim olsun. Təki Allah mükafatlandırsın. Amin.

Bakı, 02.08.2020.
Ardı olacaq…

Share: