Qurbanlıq quzu

Arif ƏRŞAD
(hekayə)

Maşının yük yerindən ehmalca qurbanlıq qoyunu düşürüb həyətdəki ağaca bağladım. Qoyunu kəsmək üçün əyin-başımı dəyişməli və lazım olan bıçaq-baltanı gətirməliydim deyə, evə qalxdım. Bir qədər sonra əlimdə bıçaq və bir vedrə təmiz su ilə aşağı enəndə nəvəmin ağaca bağladığım qoyunla söhbətlərinin şahidi oldum.

Maraq məni bürüdü və sakitcə onlara yaxınlaşdım. Düzü nəvəm lal-dinməz qoyunun qarşısında dayanıb onu dinləyirdi. Qoyun əsəbi halda danışır və gözlərindən axan yaşın görünməməsi üçün arada başını möhkəm sikələyirdi:
– Eh, ay Ömər, sənin babanın da gücü elə mənə çatır. Mənim qanımı tökməkdənsə, getsin yurdunu 30 ilə yaxın işğal altında saxlayan ermənilərin qanını töksün də. Mən ona neyləmişəm? Ona nə eliyibsə, ermənilər eliyib.
Əzizlərini dədə-baba yurdundan qovub, nə qədər qohumları qaçqın-köçkün həyatı yaşayır, əsirlikdə qalan qlz-gəlinləriniz, oğullarınızdan bir xəbər yox, şəhidlərinizin ruhu hələ də nigaran… nə qədər sayım, yetməzmi? Erməninin qanını tökməyə bu saydıqlarım babana kifayət deyilmi?


Qoyunun haqlı iradlarını eşitdikdə özümdən asılı olmayaraq ayaqlarım əsdi, tutduğum su ilə dolu vedrə əlimdən sivrilib yerə düşüb dağıldı. Özümü saxlaya bilmədiyimdən üzü üstə yerə yıxıldım. Bu zaman əlimdə saxladığım bıçağın tiyəsi qarın boşluğuma batdı. Ağ köynəyimin qana bulaşdığını görən nəvəmin ağlaya-ağlaya, “mənim qoyunumu kəsmək istəməsəydin, belə olmazdı, kəsmə mənim qoyunumu. O, sənə nə pislik eləyib ki, baba? Kəssən, onsuz da mən onun ətini yeməyəcəm” deməsi, mənə ayağa qalxmağa güc verdi. Dartıb bıçağı bədənimdən çıxartdım…
Bütün bədənim ağrayırdı. Bütün gecəni ürək çırpımmam olduğundan, qarmaqarışıq yuxular məni səhərə qədər yatmağa imkan verməmişdi. Gördüyüm yuxunun təsirindən səhər yemək yemədən belə əynimi geyinib işə getmək üçün evdən tez tələsik çıxmağıma baxmayaraq, qurbanlıq qoyun almaq üçün axşamdan cibimə qoyduğum 200 manat pulu da masanın üstündəki güldanın yanına atmağı unutmadım. Sevinə-sevinə piyada olaraq iş yerimə tərəf yol gedirdim. Qanının tökülməsi vacib olan erməniyə gücüm çatmırsa, heç olmasa bir quzunun həyatda qanının tökülməsinin qarşısını almağa gücüm çatdığı üçün sevinirdim. Nədənsə yanımdan ötənlər maraqla və bir az da təşvişlə mənə baxırdılar. Zibil qutularının yanından ötəndə əlimdə tutduğum yekə bıçağı boş yeşiyin içinə atdım və ürəklə küçədə işə tələsən insan kütləsinə qoşuldum.

31. 07. 2020.

Share: