Bizim yazarlar müharibəni anlamayıblar – Yazıçılardan qalmaqallı fikirlər – Sorğu

Müstəqil.AZ  Kulis.az-ın yazıçılar arasında keçirilən sorğusunu təqdim edir. Sual belədir: Müharibə mövzunda ən yaxşı hesab etdiyiniz əsərlər hansılardı?

Sabir Rüstəmxanlı

Gallery

– Lev Tolstoy. “Hərb və Sülh”, Mixail Şoloxov. “Sakit Don”, E.M.Remark. “Zəfər Tağı”, E. Heminquey. “Əlvida Silah”, İsmayıl Şıxlı. “Cəbhə gündəlikləri”, İsa Muğanna müharibə povestləri, Çingiz Aytmatov. “Cəmilə”.

Səfər Alışarlı

Gallery

– Emmanuel Kazakeviç. “Ulduz”, “Çöldə iki nəfər” povestləri. Bizim ədəbiyyatda bilavasitə müharibə mövzusunda yazılmış əsərlər çox bayağı təsir bağışlayır.

Azər Abdulla

Gallery

– Lev Tolstoy. “Hərb və Sülh”, Heminquey. “Əlvida Silah”, İsa Hüseyn .“Tütək səsi”, Henrix Böl. “O illərin çörəyi”, Azər Abdulla. “Çavuş” hekayəsi.

Həmid Herisçi

Gallery

– Müharibə mövzusunda iki yazar eyni zamanda sinxron romanlar yazıblar – birincisi, ən məşhuru Erik Mariya Remarkdı. Digəri Anri Barbüs. Biri almandı, o birisi fransız. Ancaq ikisinin də qələmində müharibə əzabları, dəhşətləri gözəl qələmə alınıb. Ancaq bu yazarlar pasifistdirlər. Yəni, təslimçidirlər. Vətənpərvər deyillər. Bax Ernest Yungerin yaradıcılığı bu baxımdan fərqlidir. Yunger, adı sadalanan yazarlardan fərqli olaraq pasifist olmayıb. Müharibəyə “ubermenş”, yəni Nitsşenin fövqəlinsanının gözüylə baxıb. Barbüsü, Remarkı isə “üntermenş”, yəni əskik insan sayıb… Məncə, bu gün biz müharibə poetikasını, kabusunu bax bu yazarların arasında axtarmalıyıq. Ayrılıqda deyil, bütövlükdə bax bu mübahisəli mövzunu həll etməliyik. Təəssüf ki, Azərbaycan yazarları müharibə dedikdə məhz Barbüsü, Remarkı, Hemenqueyi görür, digərlərini, misal üçün Ernest Yungeri oxumurlar. Oxuyun. Görəcəksiz ki, müharibə təkcə əzablardan ibarət deyil, həm də şücaətdən, qəhrəmanlıqdan ibarətdir. Bizim yazarlar isə pasifist yazarlara meyllidirlər. Çünki özlərində, öz daxillərində müharibə kabusunu anlamayıblar. Məncə bu çox ziyanlıdır.

Etimad Başkeçid

Gallery

– Remarkın “Yaşamaq zamanı, ölmək zamanı” romanı. Onun “Qərb cəbhəsində dəyişiklik yoxdur” romanı daha populyardır, amma mənim üçün “Yaşamaq zamanı, ölmək zamanı” qədər təsirli əsər yoxdur. Müharibə mövzusunda, daha doğrusu müharibə əleyhinə yazılmış son dərəcə maraqlı əsərdir. Remarkın yüksək sənətkarlığını görmək, hiss etmək üçün bu kitabı oxumaq vacibdir. Əsərin qəribə kompozisiyası var – burada, elə bil, ikinci dərəcəli qəhrəman yoxdur, istənilən personajı götürüb əsas qəhrəman elan etmək olar. Əslində isə əsas qəhrəman müharibənin özüdür. Sifariş edən olsa, məmnuniyyətlə dilimizə tərcümə edərdim.

Maral Yaqubova

Gallery

– Əslində, müharibə ilə bağlı xeyli ədəbiyyat var. Amma mənim yaddaşımda müharibənin təsvirini verən deyil, müharibənin nə olduğunu hiss etdirən əsərlər daha çox qalıb. Ferdinand Selinin “Gecənin sonuna səyahət”, Kurt Vonnequtun “5 nömrəli sallaqxana”, uşaq vaxtı oxuduğum Ernest Heminqueyin “Əcəl zəngi” belə əsərlərdəndir. Azərbaycan ədəbiyyatından Yusif Səmədoğlunun “46-cı ilin oyunları” hekayəsi bu mövzuda yazılmış ən uğurlu əsərlərdəndir, həcmi kiçik olsa da. İsa Hüseynovun “Tütək səsi” də yaddaşıma hopub. Müharibənin acılığı var bu əsərlərdə.

Aqşin Yenisey

Gallery

– Müharibə mövzusu ilə bir yazı adamı və bir oxucu kimi demək olar ki, maraqlanmamışam. Mixail Şoloxovun “İnsanın taleyi”, Ernest Heminqueyin “Əlvida, silah!”, Yaroslav Hasekin “İgid əsgər Sveyq” və s. bu kimi bir neçə əsəri də qarşıma çıxdıqları üçün oxumuşam.

Sahilə İbrahimova

Gallery

– Heminqueyin “Əlvida silah”, Remarkın “Qərb cəbhəsibdə yenilik yoxdur”, Sven Hasselin müharibə romanları, Svetlana Aleksieviçin “Müharibənin qadın olmayan üzü”…

Mirmehdi Ağaoğlu

Gallery

– Müharibə mövzusu deyəndə mənim yadıma ilk növbədə Lev Tolstoyun “Hərb və sülh” əsəri düşür. “Hərb və sülh” romanı müharibə haqqında yazılmış ən gözəl və eyni zamanda ən obyektiv əsərlərdəndir. Tolstoy bu əsərdə düşmənləri olan fransızlara böyük hörmətlə yanaşır, onlara yalnız döyüş meydanında düşmən kimi baxır, döyüş meydanından kənar onlar böyük mədəniyyəti olan xalqa çevrilirlər. Eynilə fransızlar da rus döyüşçülərinə rəğbətlə yanaşırlar. Əsərdə Napoleonun əlində bayraq tutmuş Balkonskinin cəsədini görüb ona rəğbətini gizlətməməsi ən yaddaqalan səhnələrdəndir.

Bundan başqa Mixail Şoloxovun “Sakit Don” əsərinin adını çəkə bilərəm. “Sakit Don” baxmayaraq ki, Sovet dövründə yazılıb, orda da hər iki cəbhənin vəhşilikləri cəsarətlə göstərilib (Məsələn, bolşeviklərin dinc insanları fermaya doldurub yandırması səhnəsi). Bundan başqa müharibə fəsadları gerçək naturalistik boyalarla (Məsələn, kəllənin içindəki sıyığa oxşar beynin üstünə yağış damması kimi səhnə) əks olunub.

Bu hər iki epopeya müharibə haqqından naturalistik təsvirlərlə yanaşı rus insanının yaşayışını, arxa cəbhədəki həyatını, müharibənin insanların taleyindəki rolunu böyük ustalıqla göstərir.

Sevinc Elsevər

Gallery

– Remark “Qərb cəbhəsində dəyişiklik yoxdur”, Dino Bussati. “Tatar çölü”, Seymur Baycan. “Quqark”, Svetlana Alekseyeviç. “Müharibənin qadın olmayan üzü”. Oxuduqlarım içində bunları xatırlayıram. “Sakit don” da dumanlı qalıb yadımda. Oxuyub unuduram adətən. “Əcəl zəngi”ni də oxumuşam, ancaq unutmuşam, təkcə qəhrəmanın ölüm səhnəsinin təəssüratı yadımda qalıb. Bizim Şərifin Ağayarın Qarabağ müharibəsindən bəhs edən hekayələri də unudulmaz və təsirlidir.

Fərid Hüseyn

Gallery

– İraqlı yazar Kazım Xəncərin “Təcili “bir torba” məzar tapılıb” hekayəsi, Remarkın “Qərb cəbhəsində yenilik yoxdur” romanı, Zbiqnev Herbertin “Mühasirədəki şəhərdən hesabat”, fələstinli şair Əsma Əzizə “Müharibədən danışsam da inanmayın mənə” və İsa İsmayılzadənin “Güllələr demədi” şeirləri.

Share: