İstanbulda izdihamlı mitinq: Azərbaycana canımız fəda – Foto

Türkiyənin İstanbul şəhərində tarixi Bəyazit meydanında “Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

Müstəqil.Az xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ərcan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndiriblər.

 

Share: