Əməkdar artist: “Həyat yoldaşım heç vaxt mənə məişətdə kömək etməyib” – Müsahibə

Müstəqil.Az Kulis.az-ın  “Yuğ” Teatrının aktrisası, əməkdar artist Gülzar Qurbanova ilə müsahibəsini təqdim edir.

– Gülzar xanım, karantin günlərini necə keçirirsiniz?

– Ev adamı olduğum üçün evdə qalmaq mənə rahatdır. Mən ümumiyyətlə elə bir insanam ki, aylarla evdən bayıra çıxmaya bilərəm. Karantinin bitməsini hərdən heç istəmirəm. Bu günlərdə həyatın, yaşamağın nə qədər dəyərli olduğunu bir daha anladıq. Höte deyirdi ki, istər kral olsun, istər kəndli, dünyada ən xoşbəxt adam evində hüzur tapandı.

Hər gün başımın üstündəki səmaya baxanda heyrətlənirəm. İndi artıq zamanım var, ona görə də istədiyim qədər göy üzünə baxa bilirəm. Bir də günəşin qürub etməsinə tamaşa edib, telefonumla şəklini çəkirəm. Bu, yalnız günəşli günlərdə olur. İstərdim, balaca şəhzadə kimi bu hal həyatımın sonuna qədər davam etsin. Günəşin doğması və qürub etməsi dünyadakı ən gözəl mənzərədir. Qəribə bir hüzur tapır insan. Bundan sonra həyatımın qalan hissəsini həyatdan zövq ala bilmək istərdim.

Bir də qəribədir ki, axır vaxtlar eşitmə qabiliyyətim zəifləmişdi, indi sükutun da səsini eşidə bilirəm. Sən demə sükutun da səsi varmış.

– Bu sükutda mütaliə etmək yəqin ki, rahat olar?

– Kitablardan yaranan işığı hiss edəndə xoşbəxt oluram. Belə vəziyyətdə klassiklərin həyatında baş vermiş hadisələrə bir daha diqqət etməli olursan. Məsələn, Herman Hesse müəyyən fikirlərinə görə həbsdə yatanda belə bir hadisə baş vermişdi. Gözətçi Hessenin kamerasına daxil olduqda divarda uzaqlara doğru yönələn qatar rəsmini görür və məhbusa müraciət edir: Herman Hesse, çıxışa doğru! O, isə cavab verir: “Herman Hesse bu qatar minib buralardan uzaqlaşdı”.

Bununla Hesse insanı monoton, yalnız maddiyyat üçün yaşanan həyatdan uzaqlaşdırır, daxili aləmə səyahətə dəvət edir. Kitablar bizə güc, motivasiya verməklə yanaşı həm də daxilimizdəki mərhəmət hissinin yaranmasına yardımçı olur. Baxmağı, sevməyi bacarsaq, görərik ki, dünya başdan-başa möcüzədir.

– Gülzar xanım, Herman Hessenin əsərinin adını çəkdiniz, bəs filmləri necə? izləyirsiniz?

– Karantin günlərində çox filmlərə baxdım. Onsuz da izləyirdim, çünki bu mənim işim, daha doğrusu həyat tərzimdi. Dünən baxdığım filmi gecə saat üçdə bitirib yatdım. Karantin günlərində Mövlanəni, Şəms Təbrizini oxumaq mənə çox kömək elədi.

– Siz namaz da qılırsınız. Belə vaxtlarda din nə dərəcədə insanlara kömək ola bilir?

– Bilirsən, mənə elə gəlir ki, insan təbiətdə, evdə və ya hansısa bir ağacın kölgəsində özünü yaxşı hiss edə bilər. Və yaxud da filmə baxanda, kitab oxuyanda rahatlıq tapa bilər. Bütün bunlar fərdi məsələlərdi. Əsas odur ki, insan ona lazım olan nəzər nöqtəsini tapıb orda rahatlaşa bilsin, özünü yaxşı hiss etsin. Mən harda, hansı nöqtədə özümü rahat hiss edirəmsə, orda oluram. Bəzən elə olur ki, heç filmə baxmaq, kitab oxumaq istəmirəm. Amma bu günlərdə Mövlanəyə minnətdaram. O, öz söhbətləri ilə əlimdən tutub səmimi yol yoldaşı, böyük qardaş, ağsaqqal kimi mənə kim olduğumu başa salır. İnsanın şəxsiyyətini və mənəviyyatını zənginləşdirib, onu ucaldır. İçindəki tərəddüdlərdən, müəmmalardan azad edib, dünyaya başqa gözlə baxmağına yardımçı olur. Onunla ünsiyyət xoşdur. İnsanın xoşbəxtliyinin açarı isə öz əlindədir.

Gallery

– İndi bir çox teatrların tamaşaları karantin günləri ilə əlaqədar onlayın göstərilir. Öz tamaşalarınıza baxırsınız?

– Düzü, mən tamaşalara internet vasitəsi ilə baxmağı sevmirəm. Hətta bir neçə dəfə Moskvada Vaxtanqovun “Maskarad”, “Vanya dayı” tamaşalarına gedib baxmışdım. Sonra onlara onlayn baxanda gördüm ki, canlı izləmək tamam başqadır. Həm dəm teatrda canlı ünsiyyətə, enerji mübadiləsinə öyrəşdiyimdən internet vasitələri mənim üçün canlılığı əvəz edə bilmir. Amma bütün hallarda tamaşa izləmək yaxşı haldır.

– Bu günlərdə evdən işləyən qadınlarımız var ki, onlar həm ev işini, həm də mənsub olduqları peşənin işini görürlər. Əslində, xeyli çətindir…

– Əlbəttə, bu gün məişətin yükü qadınlarımızn çiyninə düşür. Çünki ocaq qadındır. Qadınlar evdə onsuz da kişilərin nazını çəkirlər. Amma bu günlərdə bunu daha çox etsinlər. Qadın elədir ki, evdə olanda başını hər şeylə qata bilir. Amma kişilərin birdən-birə evdə oturması onlar üçün çox çətindir. Qadınlar bu günlərdə deyinməsinlər. Balaları ilə ünsiyyətdə olsunlar, onları qucaqlasınlar.

– Gülzar xanım, karantin günləri bitəndən sonra sənətə adaptasiya olmaqda hər hansı çətinlik yaşayacağınızdan ehtiyat etmirsiniz?

– Aktyorlar üçün çətinlik, mənə elə gəlir ki, bir az fiziki tərəfdən olacaq. Məndə elə çətinlik olmayacaq. Ola bilər, illərlə tamaşada iştirak etməyəsən. Eybi yox. Onsuz da yaradıcı adam həmişə baxır, oxuyur, öz-özünə analiz edir, insanlarla ünsiyyət qurur və s. Bütün bunlar hamısı onsuz da yaradıcılığın bir parçasıdır. Yəni bütün bunlar mənim həyat tərzimdir.

– Yəni insan istənilən situasiyada insan olaraq qalmağı bacarmalıdır…

– Mütləq. Əslində bütün bunlar – özünü sənətdə təsdiq etmək, realizə etmək ona görədir ki, biz insan olaraq qala bilək. Sabah bundan da ağır hadisə ola bilər, amma insanlığımızı mütləq saxlamağı bacarmalıyıq. Ən pisi nədir, ölümdür də. Deməli, ölümdürsə də ölməlisən. Çətin olan ölmək deyil, çətin olan simamızı qoruyub saxlamağımızdır. Çalışaq ki, bunları itirməyək

Görüntünün olası içeriği: 2 kişi, Эльхан Джафаров dahil

– Bir çox aktrisalarımız karantin günlərində sobada çörək bişirdilər. Siz necə, çörək bişirməyi bacarırsınız?

– Çörək bişirmədim, amma elə həmişəki qaydada xörəklərimi hazırlayıram. Bu günlərdə tərəvəzlərə daha çox üstünlük verirəm. Kahı, kələm, çuğundurdan salatlar hazırlayıram. İndi qızım evdədir, internet vasitəsi ilə fransız dilini öyrənir, mən də ona qulluq edirəm, onun üçün müxtəlif soklar çəkirəm ki, içsin. O, sokunu içəndə elə bilirəm mənə dünyanı bağışlayıblar, xoşbəxt oluram. Meyvə tərəvəz və qayğı məslələrinə mən, xəmir, piroq, tort işlərinə isə qızım baxır.

– Həyat yoldaşınız Elxan müəllim məişət işlərində sizə kömək edir?

– Yox, Elxan (rejissor Elxan Cəfərov – red.) ümumiyyətlə mənə heç vaxt məişətdə kömək etməyib. Biz avropalı deyilik axı, sovet adamlarıyıq. Ona görə evin yükünü paylaşmaq kimi məsələlərdə mən o mərhələni ötüb keçmişəm. Sovet insanını bir xatırla, nə qədər vurulsa da, yorulsa da, yenə özündə güc tapıb ayağa qalxırdı.

– Oğlunuz, bildiyimə görə, Budapeştdə təhsil alır və bu gün ondan ayrısınız. Ünsiyyətiniz indi yəqin daha çox olar?

– İndi orda təkdir, amma hər gün danışıram, yaxşı, maraqlı videolar göndərirəm ki, baxıb motivasiya olsun. Elə şeylər var ki, onlar bizim iradəmizdən kənardı, yalnız Allaha məxsusdur. Baş verən hər şeyin doxsan doqquz faiz səbəbkarı allah, bir faizi isə bizim qəlbimizdir. Mən bir dəfə onun yanına getmişdim, orda miqrenim bərk tutdu. Çox qorxdum. Fikirləşdim ki, insana nə olur-olsun, amma öz vətənində, doğmalarının yanında olsun. Vətən əzizlərinin yanında olub, onların əlindən tuta bilməkdir. Allahtəala heç kimi üzü divara eləməsin. Mən bunları bilirəm, hiss etmişəm. Ona görə də öz yaşadıqlarımdan danışıram. Bir də bilirsən biz sevgi verməyi bacarmalıyıq. Sevgi vermək – təqdim etmək və qarşılıq gözləməməkdir. Mən nə edirəmsə, sevgi ilə edirəm. Və heç nəyin əvəzini gözləmirəm. İndi sevgi ilə qalib çıxmağın məqamıdır. Hansı situasiya olur-olsun, insan ordan qalib çıxmağı özünə təbliğ etməli və bunu bacarmalıdır.

– İnsanlar üçün xüsusi bir tövsiyəniz var?

– İnsanlar məyus olmasınlar. Ətrafımızdakı hər bir canlıya mərhəmət hissi ilə yanaşaq ki, Allah da bizə rəhm etsin.

Share: