Sərnişinlərlə dolu avtobusu girov götürmüş cinayətkar tutuldu – FOTO/VİDEO (YENİLƏNDİ

Bu dəqiqələrdə xüsusi təyinatlılar Lutskın mərkəzində terrorçunun girov götürdüyü avtobusa hücum ediblər.

Publika.az xəbər verir ki, cinayətkar tutulub.

***

21:57

Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusunun içində 20 nəfəri girov saxlamaqda davam edir. Həmin şəxsin hədələdiyi kimi partlayıcı qurğunu işə salmasının qarşısını almaq məqsədilə şəhərdə radio əlaqə kəsilib.

Publika.az xəbər verir ki, partlayıcı qurğulardan artıq biri tapılıb və zərərsizləşdirilib.

Girovlardan birinin yaralandığı deyilir. Bu barədə terrorçu özü məlumat verib. O qeyd edib ki, girovların vəziyyəti yaxşı deyil, aralarında hamilə qadın və uşaq da var.

Ukraynanın Daxili işlər naziri bildirib ki, avtobusdan üç girov çıxarılıb. Bu, ölkə prezidenti Zelenskinin həmin silahlı şəxslə telefonla danışığından sonra mümkün olub.

***

18:31

Ukraynanın Lutsk şəhərində 20 sərnişinlə dolu avtobusu girov götürən şəxsin kimliyi və tələbləri məlum olub.

Publika.az xəbər verir ki, cinayəti törədən Maksim Krivoş adlı şəxs internetdə videomüraciət yayıb.

O, nazirliklər, prokurorluqlar, parlament, kilsə rəhbərləri, məhkəmə, Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun video vasitəsilə özlərini “qanuni terrorçu” elan etmələrini tələb edib.

Qeyd edək ki, bu, 44 yaşlı cinayətkarın ilk qanunsuz əməli deyil. O daha əvvəl 10 il həbsdə yatıb.

***

13:42

Xəbər verdiyimiz kimi, səhər saatlarında Ukraynanın Volın vilayətinin Lutsk şəhərində silahlı şəxs sərnişin avtobusunda 20 nəfəri girov götürüb.

Publika.az xəbər verir ki, Ukraynanın Daxili İşlər naziri vəzifəsini icra edən Anton Geraşenko “Facebook” hesabında məsələyə aydınlıq gətirib. O, eyni zamanda, cinayətkarın kimliyini də açıqlayıb:

“Lutskda sərnişin avtobusu girov götürülüb. Orada təxminən 20 insan var. Cinayətkar silahlı olduğunu və avtobusun minalandığını bildirib. Hüquq-mühafizə orqanları bu hadisənin əsirlərin xilas edilməsi ilə nəticələnməsi üçün əllərindən gələni edirlər. Əsirləri götürən şəxslə dialoqun aparılması prioritet təşkil edir. Həmin şəxs 9:25-də polisə zəng edərək, özünü Maksim Ploxoy kimi təqdim edib.

İnternetdə Maksim Ploxoy imzası ilə müəllifin həbs yerlərində olmasının təsviri və həyata baxışını əks etdirən “Cinayətkarın Fəlsəfəsi” kitabı var.

Kitabdan bir hissə:

“Məni 15 ildir düzəltməyə çalışırlar, amma mən düzəlməmişəm, əksinə, daha çox özüm olmuşam. Niyə? Çünki öz öhdəmdən gəlirəm və buna görə başqaları tərəfindən düzəldilmirəm. Çünki özümü qorxuya satmıram. Məni öldürə bilərsiniz, amma düzəldə bilməzsiniz. Mən hər zaman özüm oluram. Edə bilməyəcəyim bircə şey var – cinayətkar olmamaq…”.

***

12:26

Ukraynanın Lutsk şəhərində naməlum şəxs sərnişinlə dolu bir avtobus qaçırıb.

Publika.az xəbər verir ki, avtobusda 20 nəfərin olduğu bildirilir.

Müxtəlif mənbələrin xəbərinə görə, cinayətkarın üzərində partlayıcı və silahlar var.

Bəzi məlumatlara görə, girov götürülən başqa bir avtobus da var, lakin bu məlumat təsdiqlənməyib.

Cinayətkar heç bir konkret tələb etmir, polis onunla danışıqlar aparır. Nəqliyyatın yerləşdiyi ərazi xüsusi təyinatlılar tərəfindən mühasirəyə alınıb.

Avtobusun şüşələrindən biri qırılıb, içəridən bəzən atəş səsləri eşidilir.

Share: