Son gecə bizi yatmağa qoymadı, dedi ki… – Arifqızıdan xatirə

Müstəqil.Az Axar.az-ın  “Xatirə dəftəri” layihəsinin  qonağı olmuş mərhum alim, AYB-nin keçmiş katibi Arif Əmrahoğlunun qızı Günel Arifqızının atası ilə bağlı xatirələrini təqdim edir

– Günel xanım, xatirələrlə baş-başa qalmaq ötənləri yenidən yaşamaqdır, əslində. Ötən günlərə qayıtmaq sizə xoş təsir edirmi?

– Özümü çox şanslı hesab edirəm. Şanslıyam ki, 26 yaşıma qədər atam yanımda olub. Bu yaşıma qədər onunla bağlı xatirələrimi toplaya bilmişəm. Atasını məndən daha tez itirmiş və ya heç tanımaq şansı olmamış insanlar var. Təəssüf ki, onların mənim kimi gözlərini yumanda yenidən yaşaya biləcəkləri, həmişə diri qalacaq, heç kimin əllərindən ala bilməyəcəyi xatirələri yoxdur. Mənim var, bu baxımdan şanslıyam.

– Qız uşaqları atalarının ən sevimlisi olurlar. Səhv etmirəmsə, iki bacısınız. Hansınızın sevgisi ataya daha çox hiss olunurdu, başqa cür desək, daha çox kim atadan qayğı gözləyirdi?

– Atam anasını tez itirdiyindən, atası isə hisslərini çox büruzə verməyən sərt insan olduğundan, o, ailə qayğısından məhrum böyüyüb, sevgi dolu, şən bir uşaqlığı olmayıb.

Bəlkə bu səbəbdəndir ki, ata olaraq bizə qayğısını heç vaxt əsirgəməyib, sevgisini istər sözləri, istərsə də hərəkətləri ilə həmişə göstərib. Hər axşam evə gələndə və ya başqa bir yerdə görüşdüyümüzdə mütləq ikimizi də öpüb-qucaqlayardı.

Bəzən öz otağımızda dərsimizi oxuyanda və ya hər hansı bir işlə məşğul olanda o biri otaqdan çağırardı, “təcili gəlin, təcili”, gəlirdik ki, “nə olub, ata?”, deyirdi, “heç, darıxdım, öpüm, gedin”.

Bəzən uğursuz bir gün yaşadıqda, evə yorğun gəldikdə otururdu divanda, bizi də otuzdururdu yanında, növbə ilə ikimizə də deyirdi: “Əlini qoy alnıma, yorğunluğum çıxsın”. Birimiz yorulanda, sıra digərimizə keçirdi. Beləcə saatlarla əlimiz onun alnında, qucaqlaşıb otururduq.

– Yaddaşınızın alt qatına qayıtmaq, heç kimlə paylaşmadığınız xatirələrinizi bölüşmənizi istərdik. Elə şeylər, elə məqamlar olub ki, bu, şəxsən sizə aid olsun?

– Atam bizə hiss etdirməməyə çalışsa da, uşaqlığımız maddi cəhətdən çox çətinlik çəkdiyimiz zamanlara təsadüf edib. Biz meyvəni çox sevirdik, atam nə ala bilməsə də, meyvəmizi heç vaxt əskik etməzdi. Amma heç vaxt o meyvədən əlini uzadıb özü yeməzdi ki, biz rahat və doyunca yeyək.

Bir dəfə, deyəsən, rayondan kimsə alma gətirmişdi, atam da meyvə bol olduğunu görüb, əlini uzatdı ki, birini də o götürsün. Biz bacımla bir-birimizə baxdıq, sonra mən təəccüblə soruşdum: “Atalar da alma yeyir?” Atam bu hadisəni həmişə xatırlayıb gülərdi.

Mən təhsilimi Fransada davam etdirdiyimdən, semestr tətillərində və sairədə müxtəlif Avropa ölkələrinə səyahət etmək şansım olurdu. Hara gedirdimsə, ondan soruşurdum:

“Ata, sənə bu şəhərdən nə alım?” Heç vaxt heç nə istəməzdi, dövlət təqaüdü alırdım, pulumu hədiyyələrə xərcləməyimə qıymırdı. Bircə dəfə Çexiyaya gedəndə mənə pul verdi ki, ordan ona yaxşı bir ayaqqabı alım. Onun üçün ayaqqabını sevərək seçib aldım, Azərbaycana gələndə gətirdim. Geyindi, çox bəyəndi. Amma büküb qoydu yerinə. Hər dəfə soruşurdum, niyə geyinmirsən o ayaqqabıları? Deyirdi, gözləyirəm, xüsusi bir gündə geyinəcəm. Hansı günü gözlədiyini təxmin edirdim. Təəssüf ki, o ayaqqabılar elə də geyilmədi, hələ də şkafında, qutusunun içində təptəzə durur…

– Sizi bir övlad olaraq daima izləyəcək, yaddaşınızdan çıxmayacaq hansı sözü, öyüdü qalıb?

– Belə sözlər, məsləhətlər çoxdur… Yadımdadır, ailəmiz və yaxınlarımızla birlikdə atamın 50 yaşını qeyd edirdik. O məclisdə atam kiçik bir çıxış etdi. Yaddaşımdan heç vaxt çıxmayacaq o çıxışı sizə onun öz sözləri ilə çatdırmaq istəyirəm: “Allah mənə verdiyi canı aldıqdan sonra balalarım evi axtaracaq, balışların, döşəklərin altına baxacaqlar, lakin görəcəklər heç nə yoxdur. Bəlkə də məyus olacaqlar. Amma bir müddət sonra başa düşəcəklər ki, ataları onlara çox gözəl bir miras qoyub; təmiz ad. Mənim balalarım heç vaxt heç kimin qabağında atalarına görə utanmayacaqlar”.

Sağlığında olduğu kimi, yoxluğunda da atamızın haqqında xoş sözlərdən başqa heç nə eşitmədik. Nə böyük qürurdur bir övlad üçün atasının təmiz adının miras qalması.

– Günel xanım, atanızın gərgin iş rejimi vardı. Universitet, AYB, yaradıcılıq və sair. Sizin yaddaşınızda necə qalıb? Evə yorğunluğunu gətirirdimi?

– Doğrudur, atamın çox gərgin iş rejimi vardı. Biz heç vaxt onun məzuniyyət götürdüyünü, özünə zaman ayırdığını, hər şeydən uzaqlaşıb dincəldiyini görmədik. Ağır iş günündən sonra evə gəlmiş olsa da, yemək yeyəndə belə, mütləq bir əlində kitab və ya qəzet olurdu, səhərə qədər də yazırdı.

Lakin nə qədər yorğun olsa da, bizimlə söhbətləşməyə zaman tapırdı. Onunla mübahisə etmək belə insana zövq verirdi. Çünki həmişə mübahisə etdiyi mövzulara aid güclü bilikləri, möhkəm arqumentləri olurdu.

Bir dəfə çox yorğun gəlmişdi işdən. Mən də Haruki Murakaminin 3 cildlik 1Q84 kitabını almışdım. Kitabları əlimdə gördü, soruşdu, başlamısanmı, dedim, hələ yox, sabah başlayacam. Səhər oyananda gördüm, kitab əlindədir, sonuna çatıb artıq. Sırf mənimlə müzakirə edə bilmək üçün bütün gecəsini sərf edib məndən əvvəl oxuyub bitirmişdi.

– Borçalıya – ata yurduna tez-tez gedirdi?

– Atam deyirdi ki, insan harda yaşamasından asılı olmayaraq, mütləq ildə bir dəfə də olsa, doğulduğu torpağa getməlidir. O, doğulduğu kəndə gedəndə həmişə ayaqqabılarını, corablarını çıxarıb, ayaqyalın torpağın üzərində şeh otlaqlıqda uzun-uzun gəzərdi. “Niyə belə edirsən”, – deyə soruşanda, “bədənimdəki və ruhumdakı bütün neqativi torpağa keçirirəm bu üsulla”, – deyərdi.

– Tanınan, sevilən tənqidçi, alim, pedaqoq idi. Dünyasını dəyişdikdən sonra unudulmadı ki?

– Görəsən, neçə insana qismət olub bu dünyadan köçdükdən sonra da yaşamaq? Onun barəsində insan heç keçmiş zamanda danışa bilmir, çünki insan xatırlandıqca yaşayır. Arif Əmrahoğlu xatırlanır. Ailəsi tərəfindən, qohumları, dostları, tələbələri tərəfindən daima xatırlanır. Onun haqqında hələ də yazılır, yazdıqları hələ də oxunur.

– Ailəyə, xanımına, balalarına qarşı münasibəti, tərbiyə metodu, tövsiyələri necə idi?

– Atam ailəsinə qarşı həmişə diqqətli olub. Bunu göstərməkdən heç vaxt çəkinməyib. Bizim evdə həmişə 21 dekabr – anamla atamın toy günü xüsusi qeyd olunub. Atam anamı “dünyanın ən gözəl riyaziyyat müəlliməsi” adlandırırdı, biz də bu uzun ifadə ilə səslənməsinə həmişə gülərdik. Anamız onun ən dəyərlisi idi. Dərdini, problemini, qayğılarını bölüşdüyü yeganə insan idi.

Evimizdə sonuncu gecəmiz idi onunla, dördümüz idik, özünü yaxşı hiss etmirdi, gözləri də zəifləmişdi, amma qoymurdu bizi yatmağa, ordan-burdan söhbətləşirdik, sanki evimizdə sonuncu gecəmiz olduğunu hiss etmiş kimi…

Səhərə yaxın anam dedi ki, Arif, gecdir daha, burax qızları getsinlər yatsınlar, sənin də gözlərin ağrıyır, görmürsən, bu halda oturma. Atam da cavabında dedi ki, “neynəyirəm bu gözləri, mənim iki gözüm var onsuz da, biri bir qızımdır, biri o biri qızım”. Onu bir az əyləndirmək üçün dedim ki, ata, biz gözlərinik, bəs onda mama nədir, burnun? Cavab verdi ki, yox, maman ürəyimdir…

Atamın tərbiyə metodu – “azad hiss etdir, amma hiss etdirmədən kontrol et” yönündə idi.

Hər bir mövzuda həmişə fikrimizi alıb, seçimlərimizdə bizə yönləndirici məsləhətlər verib, amma azad seçim haqqı tanıyıb.

Onun sayəsində indi vaxtında sınaqdan çıxmış dostlarımız var. Onun sayəsində mükəmməl təhsilimiz, bu təhsilindən qazandığımız işimiz var. Onun sayəsində bu gün öz ayaqları üzərində dura bilən, öz azad seçimləri və fikirləri olan və bu fikirləri ifadə etməyi bacaran, cəmiyyətə xeyir verməyə, faydalı olmağa çalışan müstəqil fərdlərik.

– Arif müəllimin dost dedikləri, onu dost kimi tanıyanlar bu gün görünürmü?

– Atamın tanışları, ünsiyyətdə olduğu şəxslər və ya dostluq etdikləri çox idi. Bəziləri dünyalarını dəyişib, təəssüf ki. Bəziləri səhhətləri, ailə-məişət problemləri ilə bağlı maraqlana bilmirlər, bəziləri isə çox sağ olsunlar, indi də zaman tapdıqca zəng edirlər, xatirəsini əziz tuturlar.

Biz dünyaya gözümüzü açandan ətrafımızda gördüyümüz Kamran əmimiz (Kamran Əliyev), bir də Muxtar əmimiz (Muxtar İmanov) var ki, onlar atam həyatda olanda necə evimizin içi idilərsə, indi də bizim ailəmiz, dayağımızdırlar. Allah onlara can sağlığı və uzun ömür versin.

– Övladlar valideynlərin həm də əsəridir. Siz bir övlad kimi, necə düşünürsüz, Arif müəllimin ümidlərini doğrultmusunuz?

– Mən onun yolu ilə həyatıma davam edirəm. Onun izi ilə addımlayıram. Onun həyat prinsiplərini özümə işıq tuturam. Necə ki, o məni utandıracaq bir şey etmədi bu həyatda, mən də onu utandırmamaq üçün çalışıram.

Verdiyim hər qərarda “atam olsaydı, nə məsləhət verərdi”, – deyə düşünürəm, həyata onun gözlərilə baxmağa çalışıram.

– Günel xanım, atanızın yoxluğunda ən çox nəyə təəssüf etmisiniz: hansı zamanda yanında olmalıydınız, ola bilmədiniz?

– Mənim onunla bağlı bircə böyük təəssüfüm var, o da övladımın babasını tanımaq şansından məhrum olmasıdır. O mənim qədər şanslı ola bilmədi… Soruşanda ki, Elmar, baba hardadı?, 1 yaş 4 aylıq oğlum onun divardakı şəklini göstərir…

O, həmişə bizimlədir… Yoldaşımın siqaret çəkməməsinə baxmayaraq, bəzən evimizin qonaq otağından siqaret iyi gəlir. Yoldaşım axtarır ki, hardan gəlir bu iy? Axı pəncərə də açıq deyil ki, bu iy bayırdan otağa dola. Mən isə o siqaret iyinə gizlində sevinirəm. Elə bilirəm, atam bizə qonaq gəlib…

Faiq Balabəyli

Axar.az 2017.12.20

Share: