Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadı

Biz son günlər nəyi müşahidə etməkdəyik? Deməli, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törədərək Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən mövqelərini ələ keçirmək məqsədi ilə mövqelərimizə hücüm edir və bu zaman ağır artilleriyadan, minomyotlardan istifadə olunur, rəsmi İrəvan isə görünməmiş bir həyasızlıqla baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır.

Düşmən eyni zamanda Naxçıvan istiqamətində də atəşkəsi pozaraq bizi daha bir təxribata çəkmək istəyir. Bu isə onu göstərir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etmək məqsədi, məramı yoxdur. Bu gün nə erməni xalqı, nə Ermənistanın siyasi qüvvələri, nədəki Ermənistan hakimiyyəti gerçək sülhə meylli deyil. Onlar həm psixoloji baxımdan, həm siyasi baxımdan, həm də sosial-iqtisadi baxımdan bugün bizimlə real sülh danışıqları aparmağa, torpaqlarımızı işğaldan azad edib bizimlə etibarlı və qalıcı sülh müqaviləsi imzalamağa hazır deyillər. Ermənistanın sərhədlərimizdə son təxribatının səbəblərinə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Səbəblər hansılardır? Başlıca səbəb Paşinyan hakimiyyətinin bu yolla əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədini güdməsidir. Paşinyan sərhəd təxribatına özü üçün “xilas kəməri” və ya “oksigen yastığı” kimi baxır. Bu mənada, Paşinyan erməni xalqının hissiyatı ilə, şovinist-millətçi psixologiyası ilə “oynamaq” yolunu seçib. O bir keçmiş jurnalist kimi öz xalqının psixologiyasını yaxşı bilir. Erməni cəmiyyəti istər siyasi planda, istərsə də sosial-iqtisadi müstəvidə təbəqələşmə baxımından nə qədər çox parçalanmış olsa da, lakin Qarabağ məsələsi və yaxud, Azərbaycana və Türkiyəyə qarşı birləşmək məsələsi ortaya gələndə ermənilər öz aralarındakı bütün umu-küsüləri, siyasi ixtilafları kənara qoyub dərhal bir araya gəlməyə başlayırlar. Daxili siyasətdə küncə sıxışan Nikol Paşinyan da bu gün məhz bu faktordan yararlanmağa çalışır.

Lakin ermənilərin millətçi hissləri ilə oynamaq Paşinyana çox baha başa gələ bilər. Onsuz da sonda belə də olacaq. Erməni ictimaiyyəti Paşinyanın təşəbbüsü ilə baş tutan sərhəd təxribatının ssenarisinin həm naşı hazırlanmasına görə, həm də çox bəsit taktikalar üzərində gerçəkləşdirilməsi ucbatından əks-effektlə nəticələnməsinə görə bir gün Paşinyanın yaxasından yapışacaq. Paşinyan və onun generaliteti o dərəcədə reallıq hissini itirib ki, onlar tələm-tələsik hazırladıqları Azərbaycana qarşı bu son sərhəd təxribatı planını həddindən artıq primitiv formada və həm də zəif, qeyri-inandırıcı mülahizələrlə hazırlayıblar. Baxın, onlar iddia edir ki, atəşkəsi məhz Azərbaycan tərəfi pozub və hərbçilərimiz guya UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmağa çalışıb. Bu olduqca gülünc və cəfəng iddiadır. Ən müasir hərbi-texniki təchizata malik olan ordumuz hücuma niyə məhz cəmi bircə hərbi avtomobillə keçməlidir? Bu iddiada hətta heç elementar səviyyədə də məntiq yoxdur. Bu cür absurd iddia ancaq Paşinyan-Tonoyan cütlüyünün generallarının ağlına gələ bilər.

Pandemiya ilə mübarizə apara bilməyən Ermənistan hakimiyyəti güclü Azərbaycanla savaşa biləcəyini düşünür. Öz vətəndaşlarının ən adi gündəlik cari sosial problemlərini, iqtisadi problemlərini həll edə bilməyən Paşinyan iqtidarı Azərbaycanı təxribata çəkməklə sıravi erməniləri aldada biləcəyini düşünür. Gün kimi aydındır ki, bu gün Tovuzda və Naxçıvanda baş verən silahlı insidentlər birbaşa erməni təxribatıdır. Ermənistan hakimiyyəti təxribat nəticəsində Azərbaycan ordusunun mövqelərini ələ keçirdiyini, canlı qüvvələrimizə və hərbi texnikamıza zərər yetirdiyini təbliğat vasitəsi kimi istifadə etməyi düşünürdü. Lakin Azərbaycan Ordusu Paşinyanın planlarını pozdu. Ermənistanın təxribatçı addımı cavabsız qalmadı. Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum cavabı çox ağır oldu. Bunu Ermənistan KİV-lərindən və sosial şəbəkələrin erməni seqmentində yaşanan ajiotajdan, panikadan da hiss etmək, görmək mümkündür.

Ən maraqlısı isə budur ki, rəsmi İrəvanın bu təxribata əl atmasının digər səbəbi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə cəlb etmək planları da boş çıxdı. Gözlənildiyinin əksinə olaraq bu dəfə KTMT açıq şəkildə Ermənistana arxa çevirdi və bununla həm Paşinyanı, həm də bütün erməniləri məyus etdi. Eləcə də ən yaxın strateji müttəfiqi sayılan Rusiyadan da heç cür dəstək ala bilməyən Ermənistan beləliklə, meydanda tək qaldı. Bu bir tərəfdən Azərbaycanın diplomatik və siyasi uğurudursa, eyni zamanda Ermənistan üçünsə sözün əsl mənasında fiaskodur. Ermənistanın KTMT üzrə müttəfiqlərini Azərbaycana qarşı birləşdirmək cəhdləri həqiqətən də böyük ölçüdə fiaskoya uğradı. Paşinyanın dar düşüncəsindən doğan avantürist planlar baş tutmadı. Beləliklə, işğalçı ölkə hərbi və siyasi cəbhədə ağır məğlubiyyətlə üzləşməli oldu.

Bu arada həm Türkiyənin, həm də İranın son günlər sərhədimizdə baş verən düşmən təxribatlarına sərgilədiyi münasibət də təqdirəlayiqdir. Belə ki, qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadı və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirdi. Eləcə də İran İslam Respublikası Xarici işlər nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirdi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarladı.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi bu fikirlər zənnimcə, Ermənistan rəhbərliyinə dərs olmalı və bütün erməniləri düşündürməlidir:”Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.

Paşinyan belə təxribatlarla, rüsvayçı üsullarla erməni xalqının problemlərini həll edəcəyini, aradan qaldıracağını düşünürdü. Lakin “bumeranq effekti” ilə üzləşdi. Onun bu cəhdləri hər hansı bir nəticə vermədi. Əksinə, Ermənistanın problemlərini bir qədər də artırdı. Eyni zamanda Paşinyan həm özünü, həm də ölkəsini beynəlxalq dəstəkdən məhrum etdi.

Əlisahib Hüseynov –
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: