Azərbaycan BMT-nin Davamlı inkişaf məqsədləri indeksində qonşularını necə qabaqladı?

Azərbaycanın BMT-nin “Davamlı inkişaf məqsədləri indeksi – 2020” hesabatında dünyanın 166 ölkəsi arasında 54-cü pillədə qərarlaşıb.

Müstəqil.Az bildirir ki, ölkəmiz indeksin mümkün 100 balından 72,6-sını toplayıb. Nəzərə alsaq ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda Davamlı inkişaf məqsədləri indeksi üzrə orta göstərici 70,9-dur, bu, çox gözəl nəticədir.

Önəmli olan həm də odur ki, ölkəmiz bu göstərici üzrə bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Ekspertlərin fikrincə, Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.

Yəni deyilənlərə yoxsulluğun aradan qaldırılmasını, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulmasını, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həllini, ölkənin enerji təhlükəsizliyinin təmin olunmasını, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühitini, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılmasını da əlavə etmək olar. Yeri gəlmişkən, bütün bunlar beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

Daha bir maraqlı məqam. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bu mənada o, ölkəmizin beynəlxalq əməkdaşlığın canlandırılması prosesinə verdiyi töhfənin bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bundan başqa, əminliklə demək olar ki, əldə edilən bu uğur ölkəmizin beynəlxalq aləmdəki yerini və rolunu gücləndirdiyi kimi, gələcəkdə qazanılacaq yeni-yeni uğurlar üçün həm də stimul rolunu oynayacaq.

Tural Balabəyli

Share: