Milli Qəhrəman Əliyar Əliyev və əsgərlərinin qəhrəmanlıq dastanı: Terrorçu Karlenin öldürülməsi, düşmən qərargahının dağıdılması, vurulmuş 3 vertolyot… – Video

AzərTAc-ın sərhəd bölgələri üzrə xüsusi müxbiri-AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru olmuş Hacı Nərimanoğlu bu dəfəki yazısında Qubadlı və ətraf rayonlarda şahidi olduğu, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığı müharibə xatirələrini Avropa.info-nun oxucuları ilə bölüşür. 

Rusun dilini bilmək, onunla tərcüməsiz danışmaq bizə hər zaman lazımdır, neçə ki Qarabağ problemimiz var, daha çox lazımdır.

“…Днем 24 июня на вертолете МИ-8 в сопровождении двух вертолетов МИ-24 генерал Г.А.Андресян и я вылетели из Еревана в Степанакерт для организации и проведения контрнаступления. За штурвалом вертолета МИ-8 был летчик первого класса подполковник Б.Е.Хачатуров, рядом с ним в кабине – полковник А.С.Абрамян, командующий Военно-Воздушными силами ВС РА. Два вертолета МИ-24 поочередно были подбиты в воздушном пространстве Кубатлинского района и совершили вынужденную посадку вблизи села Джиджимли. По команде генерала Г.А. Андресяна МИ-8 подлетал к каждому из сбитых вертолетов, совершал посадку и забирал на свой борт экипажи. Вертолет с 16 пробоинами приземлился в аэропорту Гориса…”

Иван ГУКАСОВ, полковник в отставке, бывший начальник разведывательного управления Вооруженных сил Армении, советник министра обороны, начальник управления Министерства обороны.http://yerkramas.org/ru/article/1310/nash-general?fbclid=IwAR0XCXmoXNAuvAazRODOjKry_TDN1iU_zemIPTBbn8YhOCuKOkf4ZAckoUA, 27.01.2010.

Deyilən həmin iki vertolyot Ermənistan və Dağlıq Qarabağla 132 km sərhəddi olan Qubadlıdan  içəri cəmi 100-200 metr keçə bildi, meşə, dağ, qayalarda gecə-gündüz ayıq-sayıq dayanan yerli könüllülərin yaxın məsafədən açdığı sərrast atəşlə Əliquluuşağı kəndi üzərində vuruldu. Vertolyotlardan birincisi Teymur Müskanlıda düz kəndin içində yerə düşüb parçalandı. Qubadlı erməniyə təhvil verilənə kimi “skeleti” dururdu. O biri vertolyot Bərguşad çayının sahilindəki çaylağa düşüb alışsa da, çayda çimən uşaqlar tez söndürdü, səhərisi kiçik təmirdən sonra pilotlar Zakir Yusifov və Feyruz Cəlilov bu vertolyotu Azərbaycan Hava Qüvvələrinin Zabratdakı  limanına aparıb təhvil verdilər. Ad da qoymuşdular: “armyaşka”. Yazıdakı fotolar həmin günün yadigarıdır, kadrlara youtube.com-da bol-bol baxılır.

Hər iki vertolyotun ekipajını götürərək geri dönməyi bacarmış xilasedici Mİ-8-ə atılan güllələr hədəfə dəysə də, “öldürücü” olmadı, tüstülənərək sərhədə yaxın “Oğuz” postu yaxınlığında Çay bağı adlanan yerdəki körpünün yaxınlığında zərblə yerə dəydi, uzun müddət məcburi eniş etdiyi həmin yerdə hərəkətsiz qaldığı da aydın görünürdü. Həmin dəqiqələrdə çağırışla özünü təcili əraziyə çatdıran çox sayda təcili yardım, texnika təbii ki, o vaxt kimlikləri hələ dəqiq bilinməyən pilotları, yaralıları ərazidən uzaqlaşdırmağa nail oldular.

Bu,  Azərbaycanın Qarabağ müharibəsində ən uğurlu əməliyyatlarından biri, həm də vurulmuş ilk düşmən hərbi vertolyotları idi. Və onu da əlavə edim ki, həmin o vertolyotu vuran əsgərlərdən bir neçəsinə Qubadlı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanından başqa heç yerdə kimsə bir quruca “sağ ol” da deməmişdi. Təsirli məqamın biri də odur ki, o vertolyotları vuranlardan kimsə irəli çıxıb sinəsinə döyüb deməmişdi ki, vertolyotu vuran mən olmuşam, hamısı biri o birini nişan vermişdi. 3-cü vertolyotun vurulub məhv edilməməyinin bir səbəbi pilotların ustalığı, manevr edərək hədəfdən yayına bilməsi idisə, digəri dəfələrlə olduğu kimi, yenə də  rus istehsalı olan atıcı silahların işə yararsızlığı idi.

Yuxarıda adı gedən general-leytenant Qraç Amayakoviç Andresyan 1981-84-cü illərdə Şimali Qafqaz Hərbi Dairəsi Komandanının 1-ci müavini – Ştab rəsi, ondan əvvəl isə Varşava Müqaviləsi İştirakçısı Dövlətlərin Silahlı Qüvvələrinin Çexoslaviyadakı rəsmi təmsilçisi olub,  Krasnodarda doğulub böyüsə də, könüllü Dağlıq Qarabağa gəlmişdi. Ermənistan Müdaiə nazirinin hərbi əməliyyatlar üzrə birinci müavni təyin olunmuş, Şuşa, Laçının işğal planını hazırlayıb icra etmişdi.

Bu o zaman idi ki, Azərbaycan Silahlı Qüvvələri (ordu, polis, təhlükəsizlik, könüllülər) Ağdərə, Tərtər, Goranboy istiqamətində uğurlu hərbi əməliyyatlara başlamış, erməni silahlılarının nəzarətində olan bir sıra strateji yüksəklikləri ələ keçirmiş, təmizləmişdi. Artıq ermənilər Xankəndi və Qarabağdan köçüb getmək üçün koridor istəyirdilər.

Elə ona görə də əvvəl Azərbaycanın Müdafiə naziri general-leytenant Valeh Bərşadlı (Andresyanın birbaşa rəhbəri olmuşdu!), ardınca da Daxili İşlər naziri general-mayor Məhəmməd Əsədov “öndən” alınaraq “arxaya” atılmışdı.

Xocalı qırğınının intiqamını almaq üçün fürsət gözləyən Milli Qəhrəman Əliyar Əliyevin komandir olduğu Qubadlı alayının topçuları (Qurban müəllim, Qiyas, Nurəli…şükür ki, salamatdırlar, dava həsrəti ilə, yenidən savaşmaq arzusu ilə qaçqınlıq ömrünün əzabını yaşayırlar) yuxarıların əmri olmadan daşnak yuvası Gorus şəhərinin altın üstünə çevirmişdilər. Erməninin yatsa yuxusuna da girməzdi ki, meşə yolu ilə dağ-dərələrə Gorusu vura bilən toplar dartıb gətirmək olar. Moskvadan “Vesti” proqramının verdiyi məlumata görə, ölənlərin sayı 300-ü keçmişdi. Ermənistanda üç günlük matəm elan edilmiş, goruslular şəhər merini və komendantını elə həmin gün biabırçılıqla qovalamışdılar.

1992-ci ilin 16 aprelində xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik ön sıra diversiya qrupu “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə Laləzar körpüsünü partladıb bir neçə sərhəd kəndimizin rayonun digər ərazisi ilə əlaqəsini kəsmək, həm strateji yüksəklikləri ələ keçirmək, həm də bu qisası almaq məqsədi ilə sərhədi keçmişdi. Özünümüdafiə dəstəmiz yerli polislərlə birlikdə zireh geymiş, içərisində muzdlu zəncilər də olan qrupu xeyli irəli buraxıb, mühasirəyə almışdı, hətta, ən yaxın məsafədən atılan, birbaşa hədəfə dəyən avtomat atəşləri də zirehli muzdlulara təsir etmirdi, qanlı döyüşdə bir neçəsi də goruslu yerli erməni olan 11 cəmdək yerə sərili qaldı, çoxdan sərhəd boyu meydan sulayan ağ “Niva”lı Karlenin (cəsədi elə uzun idi ki, bortlu UAZ-dan bayıra çıxmışdı) və silahdaşlarının meyiti iki gündən sonra 26 Xocalı əsirinə dəyişdirildi.

Gorusun Şurnuxu kəndində yerləşən qərargahın dağıdılıb 40 rus-erməni əsgərinin əsir götürülməsini əks etdirən canlı video-lentdən kadrlar əvvəllər televiziyalarda tez-tez göstərilirdi. Ancaq o gün Qubadlıda yaşananlar, müdafiə və daxili işlər nazirlərimizin az qala o əsirlərin ucbatından rayonda qırğın törətməyə qalxması da faktdır. Əsirlər elə həmin gün Bakıdan göndərilən yüksək rütbəlilərin müşayiəti ilə Moskvaya, oradan isə İrəvana yola salındı. İrəvanın Teatr meydanında onların qarşılanma mərasimini Ermənistan televiziyaları göstərirdi…

O ərazidə gedən bütün bu və digər döyüşlərdə bölük komandiri, həmin kənddə doğulub böyüyən, yaşayan tarix müəllimi, cəsur savaşçı, hazırda təqaüddə olan mayor İlham Nərimanoğlunun mühüm xidmətləri olmuşdu.

91-in mayında Yuxarı Cibiklidə, 92-nin 12 oktyabrında Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də erməni belə ağır itkilərə məruz qalmışdı. Erməni bu idi-qabaq-qənşər döyüşdə həmişə belə rəzil günə qalırdı. Camaat uşaqdan-böyüyə torpağın belə qoruyurdu, intiqam almaq həvəsi ilə yaşayırdı. Ermənilərin bunların intiqamını almağa hazırlaşdığı gözlənilirdi, bütün günü ratsiyalarda söyüş, deyib gülmək, musiqi dueti, rəngbərəng rabitə əlaqələri də bunu deyirdi. Ona görə sərhəd postlarında sayıqlıq artırılmışdı. 28 il əvvəl hər üç erməni vertolyotunun vurulması da yurdu-ailə, uşaq, ev-eşik, torpağını göz bəbəyi kimi qoruyan igidlərin bu ayıq-sayıqlığının nəticəsi idi.

92-ci ilin 12 dekabrında 1 tank “T-72” Seytas kəndi yaxınlığında,  daha 2 “T-72” tankı 93-ci ilin  27 iyulunda Yazı düzündə qabaq-qənşər döyüşdə ermənilərdən qənimət alınmışdı.

Azərbaycanın igid oğlu Əliyarın 1992-ci ilin 30 oktyabrında bir qrup döyüşçü ilə 6 aydır yağı tapdağında olan Laçının 30-dan çox kəndini partizan savaşı ilə, qəfil zərbələrlə azad etməsi hərb tariximizə yazılası hadisə idi. Əliyar dəstəsi Laçın şəhərinə çatmağa, koridoru başlamağa 2 kilometr qalmış Qanlı zəmi, Şurum təpəsi deyilən yerdə qətlə yetirildi.

Digər bölgələrimizdə də eynilə belə uğurlu döyüşlər olmuşdu.

1992-də Cəbrayılın özünümüdafiə dəstələrinin Dağlıq Qarabağın qonşu Hadrut rayonun 15 erməni kəndinin əhalisinin birinin də burnunu qanatmadan maşınlara yığıb Moskva və Bakıdan göndərilmiş yüksək vəzifəlilərin hay-küyünə, hədə-qorxularına baxmayaraq 8-10 saatlıq dinc danışıqlardan sonra Qubadlının Yazı düzündən Gorusa yola salınması, ondan əvvəl rus hərbçilərinin dinc yolla silah-sursatlarının əllərindən alınması (“Ziyalılar batalyonu”nda maarif-təhsil şöbəsinin müdirindən başlamış, baş həkim, jurnalistlər var idi və döyüşlərin, düşmənin önündə onları əlisilahlı görmək həm kədərli, həm qürurverici idi), Zəngilanlı döyüşçülərin Qafanın başı üstündəki Seyidlər, Qazançı, Ağkənd, Dərəli kəndlərini azad etməyi, Füzulidə “Üctəpə” və “Məngələnata” yüksəkliklərinin erməni hərbi birlşmələrindən azad edilməsi əməliyyatı…Laçının işğalından 54 gün sonra mayın 23-də 19 Laçınlı (Oğuldərə-Məhəbbət Kazımovun kəndi, Qorçu, Alıqulu sakinləri, aralarında da Tovuz, Dəvəçidən olan 2 əsgər) ağır müsibətlərdən sonra sağ-salamat düşmən əhatəsindən mühasirədən keçib Qubadlıya çatmışdı, hərbi hissə qərargahında onların siyahısını alıb xəbərini yaydım, televiziya, radio ilə oxunan bu xəbərdən sonra onların rayona axışan yaxın-uzaq şəhər, rayonlarındakı doğma, əzizləri iləgörüş səhnəsi gözlərimin qarşısındadır.

Belə faktlar onlarladır. Bütün yuxarıda xatırlatdığım bu faktlar həm də 1996-cı il sentyabrın 13-də mərhum Prezident Heydər Əliyevin Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar olaraq bu bölgələrin ictimaiyyət nümayəndələri ilə görüşündə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Əvəz Hüseynquliyev, Dövlət müşaviri Nurəddin Sadıqov və digər rəsmilərin çıxışlarında da eynilə səslənib ( “Xalq qəzeti”, 14 -17 sentyabr 1996-cı il.)

O vaxtlar televiziya, radioların xəbər proqramları, rəsmi qəzetlər tez-tez bu sətirlərin müəllifinin cəbhə bölgələrindən – Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzulidən verdiyi xəbərlərlə açılırdı; AzərTAc-ın xüsusi müxbiri Hacı Nərimanoğlu xəbər verir…

1993-cü ilin avqustun son 10 günü yaddaşımda ən ağrılı günlər kimi qalıb; hər gün Füzuli, Cəbrayıl, Qubadlıdan xəbərlər verirəm; eynilə Şuşa, Laçında olduğu kimi, yuxarıdan verilən əmrlə düşmənlə döyüşməli ordu hissələri sərhəd bölgələrindən hamısı canlı qüvvəsi, texnikası ilə birlikdə çox böyük mütəşəkkilliklə rayonları tərk edib çıxırlar. Eyni ssenari ilə bir-bir rayonları təkləyib alırlar, sadə, açıq görünən planla və arxayındılar ki, Azərbaycan toparlana bilmir, artıq məğlubiyyələ barışıb, çətini birinci dəfədir…Əliyalın camaat təpədən dırnağa qədər silahlı, bu ellərin qanına susayan erməni ordusu ilə üz-üzə qalıblar. Yollar insan seli ilə doludur.

Başçının kabinetindən, poçtun tək bircə hökumət rabitəsindən, Xudafərin SES-dən xəbərlər verirəm “Qubadlı kömək gözləyir”, “Qubadlıda Xocalı qırğını təkrar oluna bilər”, “Erməni ordusu Cəbrayılın dağ kəndlərini aldı”,“Ermənilər  Qubadlının Həkəri çayı boyu kəndlərinə üstündə “Qusar”, “Lənkəran” yazılmış tank, BTR-lərlə girib” (1918-20-ci illərdə “Allahü-əkbər” sədaları ilə girirdilər-H.N), “Xanlıq kəndinin özünümüdafiə dəstələri son gülləyə qədər savaşdı”, “Qubadlı ziyalılarının müraciəti”, “Milli Ordu hissələri mülki əhalini erməni silahlı dəstələri ilə təkbətək qoydu”, “Zəngilan və Qubadlı erməni mühasirəsində qalıb”…

Sonralar operator qızlarımız danışırdı ki, hər sənin səsin gələndə biz də sənin səsini  dinləyib yaza-yaza hönkür-hönkür ağlayırdıq. Direktorumuza, müavinlərinə zəng edirdim, yalvarırdım ki, vəziyyəti çatdırın yuxarılara. Arıq, sısqa səsinin boğulduğunu hiss etdim: -Oğul, burda hamı hər şeyi  bilir, özünü qoru, ailəni, uşaqlarını çıxart…

Mən də 1993-ün sentyabr, oktyabrında hələ əlimizdə qalan, müdafiəsi, geri qayıdışı üçün hər hansı tədbir görülməyən Zəngilanda, Qubadlının əlimizdə qalan kəndlərində ağır, üzüntülərlə də olsa, “müqəddəs vəzifə borcumu yerinə yetirirəm”.

Əliyarın batalyonundan az bir hissə, çoxu da yerliəsgər, zabitlər Ulaşlı kəndində (Ulaş oğlu Salur Qazan yavrusu-Dədə Qorquddan) qalıblar, nə qalın deyən var, nə çıxın. Qubadlı İcra Hakimiyyəti, polis şöbəsinin bir neçə işçisi  də Xocahan kənd məktəbinin boş qalmış otaqlarında məskundur, Bakıdan heç bir kömək almayan Zəngilanın da getməyinə sayılı günlər qalıb, hamı əlin üzüb. Cəbrayılın Cocuq Mərcanlısında təkcə o kəndin sakini Oktay ailəsi ilə qalıb, (2-3 xəbərimin də “qəhrəmanı” o olub), Füzulinin bəzi kəndləri bizdədir.

…1990-cı ilin 21 yanvarında fövqəladə vəziyyət elan olunmuş sərhəd bölgəsi Qubadlıya “təşrif gətirən” çağırılmamış qonaqlar – 300 nəfərlik rus desant dəstəsi ən müasir texnikası ilə rayon mərkəzindəki “Bərgüşüad” mehmanxanasında və Ermənistanla sərhədlərdə lövbər salmışdı. Əliyarla birlikdə osetin komandir, podpolkovnik Zavqayevlə biz münasibət qurmuşduq, komendant Beryozkinlə də hamısı yerli yurdsevər adamlar olan rayon rəhbərləri, dil tapmışdıq ki, yerli özünümüdafiə dəstələrinin əlində olub qalan silah, sursat, azsaylı texnikamız alınmasın, maneçilik törədilməsin, hərdən imkan verilsin Ermənistan tərəfə biz də cavab verək. Həmkəndlim, qonşu və qohumum olan mehmanxana müdirinin kabinetini zəbt etmiş o osetinin könlün, ruhun, dilin elə tapmışdıq ki, ovqatının xoş məqamında seyfdən hərbi xəritəni çıxarıb masa üzərinə sərdi, işarələnmiş əraziləri göstərdi; rəsmi Bakı Moskva ilə dil tapmasa, Rusiyanın istəyi yerinə yetməsə, bu rayonlar, DQMV ətrafı, sərhədboyu bütün bu mövqelər əlinizdən gedəcək, özünüzü həlak etməyin, bu siyasi məsələdir…

Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz özümüzü çox da suçlamayaq-qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduz, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq!

Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi.https://musavat.com/news/soyqunun-zengi-olmasaydi-nazir-o-fakti-niye-indi-aciqladi_712534.html İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan, hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar.

Bu kiçik xəbərlər mənim AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq Zəngilan, Cəbrayıl, Füzulidən verdiyim sonuncu xəbərlərdir; “83 gün düşmən arxasında”, “Dövlət bayrağını xilas etdi”, “Bu, əsl döyüş idi”, “Xilaskar sürücü”, “Xudafərin körpüsü zədələnmişdir”…

Koronaviruslu günlərdə yolumuzu gözləyən o yerlərə qayıdış ümidini itirmədən bu günlərdə yazıb bitirdiyim “AzərTAc-da 15 il” kitabı artıq nəşrə hazırdır. Bu da mənim 23 aylıq mövcudluğu ilə fəxarət duyduğumuz Cümhuriyyətimizin yadigarı AzərTAc-ın 100 illiyinə hədiyyəm olacaq.

Sözardı və şərhsiz: Yazını rus dilində erməni saytından sitatla başlamışdım. Həmin saytın başlığına Qaregin Njdenin bu sözlərişüar olaraq həkk olunub:

Hacı Nərimanoğlu
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru

Share: