CÜCƏNİN SARI POMADASI

Murad Köhnəqala

Qırmızı Toyuq bu ilki cücələrinin içərisindəki o nadinc cücəni Dəcəl deyə çağırır. Doğrudan da dəcəl ki, dəcəl! Yağış yağarkən anasının qanadları altına girib sakitcə isinən cücələrdən fərqli olaraq Dəcəl yağış kəsənə qədər başını anasının qanadının lələkləri arasından bir neçə dəfə çölə çıxarır.

Gecələr isə anasının qanadı altında mürgüləyən bacı-qardaşlarını dimdikləyib zarafatlaşır. Səhər tezdən oyanan kimi anasının belinə çıxmağı sevir. Bayırda gəzəndə də dəstədən ayrılıb özünə ayrıca yem axtarır. Ona görə Dəcəl tez-tez azaraq tanımadığı yerlərə gedib çıxır. Yolunu azan kimi anasını çağıran cikkiltisi dünyanı başına götürür. Anası da dərhal onun səsinə tərəf gəlib Dəcəli yenidən arxası ilə hərlənən cücələrə qatır.
Dəcəl bu dəfə lap ağ eləmiş, dəstədən ayrılaraq düz meşənin kənarına gəlib çıxmışdı. Baxdı ki, başının üstündəki ağacdan bir uzunquyruq ona baxır. Dərhal qorxaraq haray-həşir salmaq istədi. Bir-iki ağız qışqırıb anasını çağırarkən uzunquyruq ona:
– Qorxma, ay cücə, qışqırıb meşəyə səs salma, onsuz da sənin anan çox uzaqlarda qalıb, gəl dost olaq! – dedi.
Dəcəl onun bu mülayim səsinə arxalanıb sakitləşdikdən sonra soruşdu:
– Sən kimsən, belə? Nə yaman uzun quyruğun var?
Dələ tanış olmaq üçün ağacın gövdəsilə aşağı düşüb cücəyə lap yaxın gəldi.
– Qorxma, mən səni incitmərəm, mənim adım Dələdi, – deyib əlini cücəyə tərəf uzatdı. Dəcəl:
– Mənim də adım Dəcəldi! – deyib, Dələnin uzanan əlinə baxdı.
– Bəs niyə əlimi sıxmırsan? – Dələ incimiş soruşdu. Dəcəl:
– Mən ayağımın birini qaldırsam yıxılaram, – dedi.
– Onu bilirəm, sən sadəcə, quyruğunun ucunu mənim barmağıma toxundur, ondan sonra yaxın dost olacağıq.
Dəcəl çevrilərək üstündə qara xalı olan quyruğunu Dələnin ona tərəf uzanmış əlinə vurdu. Dələ gülərək:
– Bax indi olduq mehriban dost! – dedi və cücənin üzünə baxıb: – Bu nədi, sən sarı pomada çəkirsən? – soruşdu.
Dəcəl gülərək:
– Yooox! Mən hələ körpəyəm, ona görə dimdiyim sarıdı. Anam deyir, böyüdükcə bu rəng itib gedir, – deyə izah elədi. Sonra o, öz gələcək dostunun həyat tərzi ilə maraqlandı: – Bir şey soruşum, sən ağacda yaşayırsan?
– Hə, mən meşədə, ağaclarda yaşayıram.
– Bəs gecələr də ağacda yatırsan?
– Kefim harada istədi, orada yatıram. Qışda soyuq olanda ağac gövdəsinin cürük yerində düzəltdiyim yuvama girirəm. Yayda, payızda yığdığım qoza ləpələrini yeyib yatıram, ha-ha-ha! Mənim meşəmdə ceviz, palıd, küknar, fındıq, ağacları bizim üçün meyvə gətirir.
– Ax, nə gözəl həyat yaşayırsan! – Dəcəl həsədlə dilləndi. – Ancaq biz toyuqlar ömrümüzün axrına qədər caynaqlarımızla yeri eşib yem axtarırıq. Anam deyir, bizim qanadlarımız olsa da uça bilmirik.
Dələ balaca Dəcələ əlavə bilgi vermək üçün bunları söylədi:
– Belə baxanda, toyuqlar da quşdu, laaap uzaq keçmişdə siz də bizim kimi meşədə, ağaclarda yaşamısınız. Sonralar insanlar sizin əcdadları meşədən tutaraq evlərində əsir saxlayıb, yəni sizi ev quşu eləyiblər.
– Aaa, onda mən evə qayıtmayacam, səninlə meşədə qalacam, mən də meşə quşu olmaq istəyirəm! – Dəcəl israrla dilləndi.
– Yox, əziz dostum, sən artıq meşədə yaşaya bilməzsən, çünki, sən də artıq öz valideyinlərin kimi evə öyrəşmisən, sən ev quşusan, ev quşu! Bircə gecə meşədə qalsan vəhşi heyvanlar səni dərhal tutub yeyər.
– Hansı vəhşi heyvanlar? – Dəcəl qorxu içində soruşdu.
– Bəs sən internetə girmirsən? Gir bax, gör meşədə nə qədər vəhşi heyvan yaşayır. Səni bircə loxmada udarlar. Ayı var, tülkü var, canavar var, pişik var…
– Yox, mən internetə girmirəm, anamla hinə girirəm, – qorxu içində dilləndi. – Bəs səni nə yaxşı yemirlər o vəhşilər? – Dəcəl yenidən soruşdu.
Dələ quyruğunu yelləyərək güldü və:
– Sən bir mənə bax! – deyərək iti hərəkətlə ağac yuxarı, ağac aşağı bir neçə dəfə qalxıb endi: – Görürsən, necə cəldəm? Buna görə vəhşilər məni tuta bilmir. Onlar da cəldirlər, ancaq iridirlər, ağırdırlar, ağacın mən çıxan ucqar budağına qalxa bilməzlər. Mən isə yüngül və cəldəm. Evə qayıdanda anandan soruşarsan, qədimlərdə siz toyuqlar da o biri quşlar kimi gecələr ağaclarda gecələmisiniz, səhərlər isə uçub işinizin arxasınca getmisiniz.
– Ax, mən də uça bilsəydim! – deyə Dəcəl ah çəkdi. – Bəs, sən mənə uçmağı öyrədə bilərsən?
Dələ onun bu sözlərinə gülümsəyib quyruğunu yelləyərək:
– Ay Dəcəl, – dedi, – mən özüm uça bilmirəmsə səni necə öyrədim? Uçmaq üçün uzun qanadlar gərəkdi, o da heç birimizdə yoxdu. Ancaq mən səni ağacın lap yuxarısına qaldıra bilərəm, oradan meşənin üstü çox gözəl görünür. Kənd evlərinin hamısını buradan seyr edə bilərik. İstəyirsən?
Dələ ilə Dəcəlin söhbətinin şirin yerində kolluğun arasından bir Tülkü çıxdı və yeri iyləyə-iyləyə onlara tərəf yön aldı. Təhlükəni hiss edən Dələ cəld aşağı enərək cücəni öz quyruğuna büküb ağaca qalxdı. Tülkü ağaca yaxınlaşanda Dələ yuxarıdan soruşdu:
– Noolub, a Tülkü, yenə nə itirmisən?
Tülkü burnunu yerdən qaldıraraq:
– Bıy, Dələ, sənsən? – dedi,- bayaq qulağıma toyuq cücəsinin səsi dəydi, əvvəlcə inanmadım, sonra dedim, bəlkə hindən-zaddan azıb gələ, özüm də möhkəm acam.
Dələ əlindəki qozanın içindən bir ləpə çıxarıb ağzına atandan sonra bic-bic gülümsünüb:
– Ay Tülkü,- dedi, – bəs bilmirdinmi, qocalanda başa çox işlər gəlir? Qocalmısan, dana, indi də qulağına səslər gəlir. Meşədə cücə nə gəzir? Yox bir, qril bişirirlər, ha-ha-ha! Kim bilir, acından hansı heyvanın səsini cücə səsinə oxşatmısan!
Tülkü başını bulayaraq:
– Qocalıqdan danışma, ay Dələ, qulaqlarım o yana dursun, bayaqdan cücə iyini almışdım, deyəsən, artıq burnum da sözümə baxmır, – deyib, başını bulaya-bulaya oradan uzaqlaşdı.
Tülkü getdikdən sonra Dələ quyruğunu açıb Dəcəli iri bir budağın üstünə qoydu.
Gördün, necə iy bilir bunlar? Hələ bu qocası idi! Ancaq vecinə də alma, aldatdım getdi. Qoca sarsaq! İndi səni quyruğuma büküb ağacların ən hündürünün üstünə qaldıracam. Oradan bütün meşəni və kəndi seyr edərik.
Dələ Dəcəli uca bir ağacın ən ucqar budağına qaldırdı. Onlar birlikdə ətrafı bir xeyli seyr elədilər.
Ah, kaş mən də uça biləydim, göylərdən baxa biləydim! Ah, ucalıqdan baxmaq nə gözəl imiş! Mən evə qayıtmaq istəmirəm, toyuq olmaq istəmirəm! – söyləyərək Dəcəl ağladı.
Dələ onu sakitləşdirərək:
– Yaxşı-yaxşı, ağlama! – dedi, – artıq gecdi, səni buralarda tək buraxmaq olmaz, gedək, düz evinizin yanına qədər aparacam, yəqin indi anan səni axtarır.
– Çox sağ ol, əzizim, sən əsil dostsan! Məni Tülküdən necə xilas elədiyini də, ucalıqdan baxdığımızı da anama danışacam.
Dələ quyruğunu Dəcələ dolayaraq onu belinə aldı və sürətlə kəndə sarı irəlilədi…

 2013

Share: