Afina səhvini anladı: Ərdoğana təcili zəngin səbəbi…

Yunanıstanın iqtisadiyyatı pandemiya ilə əlaqədar olaraq çox ciddi ziyan görüb. Bu mənada regionda ona ən çox dəstək verəcək ölkə düşmən kimi gördüyü Türkiyədir. Rəsmi Ankaranın gərginlik istəməməsi bariz şəkildə görünür. Əks təqdirdə iki ölkə lideri arasında telefon danışığı olmazdı.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstan Baş naziri Kiryakos Miçotakis arasında baş tutan telefon danışığını şərh edərkən deyib.

O bildirib ki, ötən gün baş tutan bu telefon danışığını iki ölkə arasında son günlər artan gərginliyin yumşaldılması yönündə atılan mühüm addım kimi qiymətləndirmək olar:

“Yunanıstan gərginliyin azalmasında maraqlı tərəf kimi çıxış etməkdədir. Birincisi, Yunanıstan anlayır ki, Türkiyəyə hədə-qorxu gəlməyin, sərt ritorika ilə danışmağın mənası yoxdur. İkincisi, Yunanıstan Türkiyə ilə hər hansı bir hərbi konfliktə girmək iqtidarında deyil. Üçüncüsü, Yunanıstan üçün Türkiyə yanında dayanılası ölkədir. Telefon danışığından da göründüyü kimi, Yunanıstanda pandemiya ilə əlaqədar turizm və digər sektorlar durma nöqtəsinə gəlib çatıb. Bu mənada tərəflərin əməkdaşlıq etməsi daha vacibdir”.

Ekspertin sözlərinə görə, Yunanıstan və Türkiyə arasındakı tarixi və mövcud problemlərin tək həll yolu tərəflərin danışıqlar masasına oturmasıdır:

“Bu gün bu iki ölkənin müharibə etməsi heç kəsin maraqlarına uyğun deyil. Yunanıstan Türkiyənin regionda aktivliyini özü üçün təhlükə görür. Lakin bu boş və mənasız paranoyadan başqa bir şey deyil. Türkiyəni boş yerə qıcıqlandırmaq rəsmi Afinaya heç nə verməyəcək. Görünür, Yunanıstan səhvini başa düşüb. Nəticə etibarilə iki ölkə liderinin sonda ölkələr arasında diplomatik münasibətlərin qorunmasına dair razılığa gəlməsi olduqca mühüm amildir”.

Share: