Aysel  Xanlarqızı  Səfərlinin poeziyasındakı ayrılığın özünəməxsusluğu… – Vaqif Osmanov yazır

ankara escort ankara escort bayan escort ankara
sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort sakarya escort
sakarya escort sakarya escort ümraniye escort serdivan escort

 

 SƏNSİZLİK  NOTUNDA  BƏSTƏLƏNƏN  NƏĞMƏLƏR

(Aysel  Xanlarqızı  Səfərlinin poeziyasındakı ayrılığın özünəməxsusluğu)

Poeziyada yeni fikir, nəfəs, düşüncə və deyim tərzi tapmaq bu gün o qədər də asan deyil. Əlinə qələm alanların çoxu qəlbinin boşluğunun fərqinə varmır. Şairlər Tanrının seçilmişləridir. İndi adını poeziya qoyub cızma-qaralarını oxucunun zövqünə yamaq etmək istəyənlər çoxalsa da, onu dəyərləndirənlər azalıb. Çağdaş poeziyasevərlər həssas və tələbkardır, gərəksiz sözlə beynlərini yükləmirlər, seçim imkanları var. Poeziya dəryasında inciaxtaranlar onu tapmasalar həmin qələm sahibi unudulur, yazdıqları da kağız tullantısına çevrilir.

Aysel Xanlarqızı Səfərlinin yaradıcılığını xeyli vaxtdır izləyirəm, bədii zövqünə bələdəm, sözünün çəkisi, məna tutumu məni özünə çəkir. Bizi ilahi söz birləşdirib, doğmalaşdırıb.  Poeziyası ilə ilk tanışlığımdan onu “ümidlərin işığında uyuyan sənsizliyin şairi” kimi kəşf etmişəm və nə yaxşı ki, yanılmamışam. Aysel xanım ümidlərimi tam doğrultduğundan indi  onun poetik dünyası ilə həmsöhbət ola, çəkinmədən düşündüklərimi yaza bilirəm.

Poeziyanın “varlığın işıqlı təntənəsi, bizimlə qəflətən görüşən həyat səadəti, insan ehtirasının sərməstliyi, zərifliyi, duyğuların təlatümü və tufanı, sevginin kamilliyi, həyat ləzzətinin heyrətamizliyi, dünyanın nəbzinin döyüntüsü” (V.Belinski) kimi insan hisslərinin inikası olduğunu Aysel xanımın “Karantin boşluğu” kitabındakı (“Qanun” nəşriyyatı, 2020) şeirlər bir daha təsdiqləyir. Aysel xanımın təbi günbəgün cilalanır, çağlayır, söz sənətinin dərin qatlarına nüfuz edir.

Aysel Səfərlinin “dünyanın karantininə bənzəməyən” poetik əhvalı dünyanı özünə qul eləyən koronavirusa, koronavirusun həyatımızda yaratdığı müdhiş boşluğa meydan oxuyur. “Dünya pandemiya yuxusunda sayaqlasa da” şairin (mən çoxdandır “şairə” sözündən imtina etmişəm) “Karantin sabahı” və “Karantin gecəsi”ndəki duyğular möhtəşəm poeziya nümunələridir, yaşamağa, həyatın şirinliyini anlamağa və anlatmağa çağırışdır.

“Birlikdə iki qayğısız uşaq kimi deyib-gülən, bir-birini çiyələk qoxusuyla əzizləyən” biri digərinin ilk oxucusuna çevrilən, bir-birinə qarşı ciddi senzor olan iki ruh bacısı – Aysel Səfərli və Rəbiqə Nazimqızı karantin sıxıntılarını yaşam eşqi və enerjisi, qəhqəhəylə, məsum təbəssümlə ram edir, zərərləşdirirlər. Ona görə də onların və digər ruh əkizlərinin günləri “çiyələk mürəbbəsi dadındadır, aş ətirlidir,bir fincan çay xoşbəxtliyi yaşayır onların onların gülüşlərində, təbəssümündə”. Belə dadı və ətri koronavirus dadsızlaşdıra bilmir. Həyata inamı olanlara koronavirus neyləyə bilər ki?! Aysel xanımın pozitiv aurası onun özü və sözü ilə tanış olanlara aydındır, özü də həmfikirlərinə əzizdir, doğmadır.

Həsrət sevgi imtahanıdır, insanı sınayır, bərkidir, kamilləşdirir. Həyat eşqlilər bu imtahandan üzüağ çıxırlar:

İkimizə də gün kimi aydındır,

Bu dünyanın

Insanlıq, dostluq, mərhəmət qalmayıb yadında…

Rəbiqə, bilirsən, bu günlər həyatın heç dadı yox,

amma səninlə

Günlərim mürəbbə dadında...

“Yenə bir karantin sabahı həsrətindən mesaj alan” Aysel xanımı “təkliyin ən ədalətsiz bölgüsü” də sarsıda, qorxuda bilmir. Nə olsun ki:

Yenə yoluxma sayı

artmışdı vücudunda sənsizliyin,

Darıxmağın nağılını danışırdı gözlərim.

Şəhərin insanlardan yoxsul küçələri kimi

kimsəsiz idi ruhum.

Süni nəfəs aparatında havası çatmırdı

dodağımda sıxılan

sənə deyəmmədiyim sözlərin…

Aysel Xanlarqızının şeirlərindəki aforizmə bənzəyən misralar, bənzərsiz bənzətmələr uğurludur. 2020-ci ilin birinci yarısında bəşəriyyəti köksünə sıxıb nəfəsini kəsən koronavirusun adını kitabına qoyan şair xanım özünü də, koronavirusu da, pandemiya xofunu da qocaman tarixin yaddaşına həkk etdi. Kitabdakı dörd karantin şeirinin hər biri özəlliyi ilə seçilir, bir-birinə bənzəmir. Örnək üçün “Karantin boşluğu” şeirindən bəzi misraları önə çəkirəm:

Bu sabah da insanlardan çılpaq idi şəhər, ağlamaq istəkliydi…

Qanadlarını çırpıb dünya boyda qəfəsində var-gəl edirdi depressiya…

Polis geyimində dolaşırdı tənhalıq…

Cəza yazılmışdı küçələrdə məvacibsiz dolaşan ümidsizliyə…

Mənalı və dolğun düşüncələrdi. Yenidir, lap elə koronavirusun özü kimi…

Koronavirus gələndən “küçələr boyu sevişirdi təklik, spirt qoxulu virus sərxoş addımlarıyla lərzəyə gətirdikcə küçələri qorxunc maskaların altında” gizlənmişdi bədxahların yalançı təbəssümü, qorxunc laqeydlik zəhərinin dozasını təyin etmək mümkün deyildi. Dostların uğuruna darılanların, sifətinin sayı bilinməyənlərin niyyətlərini oxumaq olmurdu. Aysel xanımın həsrəti isə işıq selinə doğru irəliləməkdəydi:

Mənsə xəyalını qoynuma alıb,

gözlərimi qapayıb

nəm saçlarını yastığa dağıtmışdım arzularımın…

Həsrətimin titrək nəfəsini

Qurtum-qurtum içirdim.

İllər sonra

Ruhumun karantin boşluğundan çıxıb,

Cənnətindən keçirdim...

Sözün qüdrətiylə ruhun cənnətini yaradıb Aysel xanım…

Şair xanımın şeirlərinin özünəməxsusluğu həsrət ilə vüsalın, ayrılıqla görüşün vəhdətidir. İbn Ərəbinin dediyinə inanmamaq olmur: “Eşq özünü fəda etməkdir”. “Karantin boşluğu”na ön söz yazan xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Aysel xanımın poetik düşüncələrinin bu xüsusiyyətini önə çəkir:

“Ayselin lirikası sevgiyə köklənib, bir çox şeirləri onun ömrünün acılı-şirinli, üzüntülü nağıllarına, hekayətlərinə bənzəyir. Yaşanan həyatın poetik əksi olan bu yazılarda diqqəti cəlb edən ən dramatik olayların da sakit və təmkinli bir tərzdə təqdim edilməsi, yaşanan ağrılara ilac kimi baxaraq pozitiv enerjisini itirməmək gücüdür”.

Aysel xanımın “həsrətinin ətrində parfüm olur qoxular”. Onun  “göz yaşları Allahın mələklərinin iftar süfrəsində  bir qurtum su əvəzi”ydi. Müqəddəs göz yaşları… Onun  sevgisi ruhani sevgidi. “Səcdə boyu qanaddlanırdı sevği pıçıltıları”:

Mən vüsalına uzun zamandır oruc ikən

xəyalınla batil edirdim həsrəti.

Hər yer sənsizlik qoxuyurdu,

qüsl vermiş yumulu kirpiklərimin arasında kimsə

Quran oxuyurdu…

Həsrətin bu qədər şirin, bu qədər doğma olduğunu həqiqi sevənlər bilir. Aysel xanımın şeirləri bunu sübut edir ki, o həsrətinin qayğısına qalır, həsrətin “burnunun qanaması” da onu ağrıdır. “Eşqin ətəyindən üzülən əli hicranın yaxasından yapışır”. Onun hicranı xilasedicidir, “həsrətinin gözlərindən buludlar öpür, şehli həsrətini qönçənin dodağından götürür”:

Qəzaya uğradı arzularım da,

Dərdim paraşütdəm qurtuldu diri.

Həsrət və sənsizlik şairinin tikdiyi məbəd müqəddəslik qalasıdır. Aysel Səfərli ucaltdığı  məbədin “pəncərəsinə yuxulardan pərdə çəkir, mənzərəsi dərdə açılır”. Bu mənzərənin möhtəşəmliyini gözünüzün önünə gətirin:

Həsrətimin dərd yerində,

Bir qəm gizlənib dərində.

Gəl, öp bulud gözlərimdən,

ağlayım...

Aysel xanımın şairlikdən də böyük və şərəfli bir titulu var: ANA! Sevimli qızı Aytelə yazdığı şeirdə bala məhəbbətiylə ana narahatlığı bir-birinə qovuşub. O, hətta Aytelin “Ana” dediyi ilk kəlməsində doğulub,uşaqkən həkim olacağam dediyi gün həyat ağrılarından sağalıb”. Aysel xanım qızının “dodaqlarındakı təbəssümlə gəncliyini bölüb, dincliyini xərcləyib”. Bəzən “iradı da sevgisi qədər böyük olub”:

Qızlar anasız qalanda böyüyürmüş, qızım,

böyüməyə tələsmə…

Yuxusuz gecələrim,

bətnimdəki həyəcanlar qədər narahatlıqlarım var,

inadınla savaşanda

kövrək ürəyimdəki arzuları daşlama!

Edəcəyin bütün səhvlərlə birgə nəyim varsa

sənə bağışlayıram,

sən məni bağışlama!..

Ana ürəyinin böyüklüyü! Ana öyüdü, Ana məhəbbəti, kövrəkliyi qarşısında baş əyməliyik.

Aysel xanım bütün ruh adamları kimi Azadlığa tamarzıdır, onun ruhu dünya adlı dar qəfəsə sığmır. O, “Vətən boyda varlığıyla, itkin düşən torpağımazla əkiz”dir.

Azadlığı yanağımda

Qızartıya döndərdilər…

Ruhun ümid bayrağını

Vücudumdan endirdilər.

 

Məndən “Kimsən?” – soruşanlar,

Xocalıda əsir ruham!..

Qeyrətin dar ağacında

Çarmıxa çəkilmiş aham…

“Əlil Vətənim” şeiri bir şair yanğısıdır, bir vətəndaş fəryadıdır, bir ana ağısıdır, “sinəsini atəş, yuvasını mərmi sobası qızdıranVətənə elegiyadır. Bu Vətəndə “anaların duası ünvana yetmir”, bu Vətəndən Tanrı xəbərsizdi”:

Qarabağ dərdi üzündə

Sillə yeritək qızarır.

Laylasını çalır güllələr,

Uyumur şəhid məzarı.

Həsrətin buket olduğu,,

Dərdləri əklil Vətənim,

Gülüşü əlil Vətənim!

Aysel Səfərli poeziyası təkcə həsrətlə, ayrılıqla, dərdlə, kədərlə yox, həm də Vətən, xalq, yurd sevgisi ilə yoğrulmuş qəlb çırpıntılarıdır. Qarabağ, Kərkük, Təbriz, Dərbənd, Göyçə ağrıları bu poeziyanın ana xəttidir. Şair xanım dərdləri belə anlarda özəl həyatından çıxıb bəşəriləşir. Onun “içi Suriya kimidir – gecələri nigaran, sabahları müəmmalı, sevinci sahibini itirmiş, arzuları itkin düşmüş”. Nigaran ana qəlbindən, onun söz səltənətindən doğulan ağrılı-sancılı misralar bu günümüzün analitik siyasi mənzərəsidir:

Qarabağda sancılarla şəhidlər doğurdu torpaq,

Beşiyini yelləyirdi qəm – anaların ahların.

Bir əsgərin mundirinin sol döşündə dəlik-deşik,

Şəhid olmuş sevgi rəsmi qarğıyırdı silahları.

 

Bir fevralın bəd ayağı düşməmişdi Xocalıya,

Ana, körpə, qoca, cavan…

Bir meşədə buz, don vurmuşağrıların keyiyirdi.

Süngüsünə qeyrət taxmış bir igidin yuxusunda

Qız-gəlinlər öz bətnində şəhid oğlu böyüdürdü.

Şair qəlbi doğulduğu torpağın, yurdun, elin ağrılarının barometridir, yaraları göynəyir Vətənin üzərini qara buludlar örtəndə, “ən ali hisslər satılanda, dirilərimiz susub yaşamayanda, anaların ahları üçrəngli bayraqlara büküləndə”. Onun şeirlərində “mərmilərin səsini körpələr layla bilir, qərənfillər diz çökəndə torpağa şəhid gəlir, anaların ahından göyün üzü yaşarır, Qarabağda hönkürən Vətəni” unutmaq olmur:

Salam, Vətən,  necəsən?

Mən də sənin kimiyəm.

Öziçimdə bölünmüş,

Qanlı sərhəd simiyəm.

 

İyirmi faizim işğal,

Mənim də sən kimi həm.

Qeyrəti itkin düşmüş,

Öz yurdumda əsirəm.

 

Salam, Vətən, necəsən?

Mən də sənin kimiyəm.

Bu qurdlar süfrəsinin

Parçalanmış yemiyəm…

Tanınmış şair, yazıçı, qara beretli Qarabağ qazisi, “Karantin boşluğu” kitabının redaktoru Süleyman Abdulla Aysel xanımın şair obrazının xarakterik cizgilərini yüksək dəyərləndirir:

“Özünəməxsus yazı üslubu var, müraciət etdiyi mövzuya fərqli baxış bucağı var, müxtəlif janrlarda özünü rahat hiss edir. Şeirləri axıcı, zəngin və dolğundur. Geniş təxəyyülə malik olan müəllif özünə qarşı tələbkardır, qazandığı nailiyyətlərlə kifayətlənmir, hər gün daha koloritli, daha mükəmməl yazmağa can atır, nəticə etibarı ilə istəyinə nail olur”.

Aysel xanım çox vaxt həsrətlə qol-boyun olsa da mübarizdir, cəsarətlidir, həyatın işləkləriyə döyüşməyi, qalib gəlməyi bacarır. O, Süleyman Abdullaya yazdığı şeirdə “ölümlə duelə çıxıb güllələri amansız qarşılayan, hətta mərmilər zəhmindən qorxan, ovuclarında qumbaralar sönən, yatalı əsgərlərinin (Süleyman müəllim və onun döyüş dostları bir-birinə “qandaş” deyə müraciət edirlər – V.O.)  ağrılarını ürəyinə süzülən göz yaşlarıyla sarıyan, onlara gələcəyin ən gözəl ümid şeirlərini pıçıldayan, ən gözəl illəri döyüş qoxulu yolların gözlərindən axıb keçən, ən gözəl şeirlərini torpağın bağrına qazan, ən gözəl əsərlərini dostluğuyla, mərdliyiylə yazan, şeirin dilini bilən” qazi abisindən öyrənmək istəyir:

Bu qədər mükəmməlliyi

bir puh necə daşıya bilərmiş özündə, heyranam,

Bu qədər insanlığa edirəm heyrət…

Cənab komandir,

sənə şikayətlənmək ayıb olsa da,

dünyayla savaşmaqdan yorğun düşüb varlığım,

Nolar, mənə də həyatla yopulmadan

döyüşməyi öyrət…

Şair xanım “könül yarasını, ruhdakı boşluqları”nı müalicə edən doktora ağrılarını da poetik dillə çatdırır. Yaxşı bilir ki, şəfqətli doktor insanı sözün qüdrətiylə də sağaldır. Yaxşı doktor həm də şair qəlbli olmalıdır ki, ürəyin poetik ziqzaqvari çırpıntılarını yaxşı anlasın. Aysel xanım “pəhriz edəmmir”, çünki “həsrətin ən yağlı tikəsi var əlində, göz yaşlarının duzu artıb”. Ona görə də ən yaxşı məlhəm kimi doktorun yazdığı “peseptləri yandırır qəlbində ümid yerinə”. Aysel xanım,“ürək ağrılarının sözə baxmadığı yaşındayam” deməyin. Ağrılar da sevgi kimidir, heç vaxt yaşa baxmır:

Əczaxanada sevinc satılırmı?

Olsa da nə fayda, almağa pulum yoxdur…

…Doktor, satma məni,

əgər səndən soruşsalar, çox sağlamdır de…

Aysel xanımın lirikası obrazlı fikirlərlə zəngindir:

Saçımın tumarı ilişdi dərdin

Üstümə atdığı qarmaqlarında.

Sən özgə əlini sıxdığın gündən

Əllərim utanır barmaqlarımdan.

Yaxud:

Taxanda qoluna sən özgə ömrü,

Mən dərdi gəzdirdim sol tərəfimdə.

Və yaxud:

Girdin yatağına göz yaşlarımın,

Örtdü kirpiklərim qəm yorğanını…

Üç bəndlik “Əllərim utanır…” şeirindəndir bu seçmə misralar. Belə obrazlı deyimlər Aysel xanımın şeirlərində çoxdur. Başqa bir şeirdəki deyim tərzi də özünəməxsusdur:

Tarıma çəkilən sinirlərimi

Həkim “sənsizlik” yox, xəstəlik bildi.

***

Səni dərman kimi versələr mənə,

Ağrımaz ruhum da, nəinki başım.

Ata böyüklüyü, ata müdrikliyi, ata qayğısı, ata itkisi ədəbi əsərlərin əbədi mövzusu olub. Belə əsərlər yazmaq ədəbiyyatda dəbə çevrildiyindən onlarda yaddaqalan fikir, qəlbləri ovudan misralar tapmaq asan olmur.Azərbaycan ədəbiyyatında Əli Kərimin, Məmməd Arazın atalı və atasız günlərini əks etdirən əsərləri möhtəşəm, unudulmaz sənət əsərləridir. Aysel xanımın “Ata” şeirində də  ata varlığının möhtəşəmliyi, atasızlığın acısı, anasının atasına “baxarkən gözlərindəki qürur və sevgi hissi”, qardaşının atanın “məzar daşından baxan şəklinə danışdığı acılar”, bacısının ata “yoxluğunu balaları kimi bərk-bərk köksünə sıxması” səmimi, kövrək dillə qələmə alınmışdır ki, qarşımızda müdrik ata heykəli ucalır:

Adımı güclə hecaladığın o son gün

yetimliyimi yorğantək sarıdım

uşaqlığımın qəh-qəh çəkən ən xoşbəxt yerinə…

Ata, sən gedən gün son nəfəsini

bərk-bərk ovuclarımda sıxıb saxlamaq istədim…

Son baxışlarındakı “əlvida!” kəlməsi bir mərmi sıxdı

Uşaqlığımın xoşbəxt xatirələrinə…

Aysel xanımındərdi həmişə atalıdır, yetim deyil:

Bilirəm ki, heç zaman, heç vaxt tənha buraxmaz,

Mənim dərdim arxalı, mənim dərdim atalı.

Aysel xanımın “Ayrılıq nəğməsi” xəyalları uzaqlara aparır. “Qızının “darıxıram” sözünü telefondakı mesajlara yazmağı öyrəndiyi, oğlunun kağızdan təyyarə düzəldib evi təyyarə limanına döndərdiyi, zərif çiyinlərində daşıdığı qayğı yükü gecələri yalqızlıqla damğaladığı  ilk gündən ömür düyünlənib boğazında”:

Hə, bir də mən ata olmağı da öyrənmişəm

Sən uzaqdaykən,

Öz atasızlığımı da uşaqlarımın sənin

qürbət qoxulu sevginə büküb…

Axşamlar yorğun addımlarım evin kandarında

əlimdəki torbaların ağırlığına acıyıb qapı döyür yerinə,

sabahlar isəhəsrətinə

bir fincan çay süzüb ana oluram,

“Məktəblilərim”in saçlarına sığal çəkib…

Bu kövrək duyğulu şeirin bütün misralarını şairin poeziyasının özəlliklərinə səyahət etdiyim yazıya köçürməkdən özümü güclə saxladım. Həmçinin “Yoxluğumda…” şeiri. Məni ovsunlayan digər misraları tapıb oxuyun, əsl söz vurğunları…

“Kimdir günahkar?” şeiri isə mənə elə gəldi ki, “Ayrılıq nəğməsi”nin daha duyğulu, kövrək və ağrılı davamıdır. “Kirayə evlərdə kasıblığın nimdaş köynəyinə bənzəyən xatirələrində, soyuq otaqların nəm çəkmiş divar üzündə əks-səda verir hıçqırıqla “getmə” deyən iki qəlbin son görüşü”. Bu ayrılıqda əzilən qəlbin nisgilli poeziyası haldan-hala saldı, qürbət soyuğu kimi titrətdi məni. “Köhnə çamadanlarına həsrət yığıb çörəkpulu arzusuyla dərdlərini əyninə geyib gedən o adamın boş ümidlə “tez dönəcəm” səsi, iki uşaqlı gənc qadının ruhundakı göynək” ağrıtdı, üşütdü məni. “İllər ötdükcə həsrəti böyüdü o qadının, uşaqları kimi”:

İndi kimdir günahkar?

Zamanmı?

Kasıblıqmı?

Qismətmi?

Yoxsa o qadınmı???

Tanrıdan kirayə aldığımız ömürmü?

Yoxsa qaranquş kimi

Çör-çöp yuva qurmaqçün uzaqlarda

həsrətin şair etdiyi o adammı???

“Həsrətin ən ağrılı yerindən bir qurtumkədər içib, adının hecalanan səsləriylə qurumuş dodaqlarını isladan Aysel xanımın lirik “mən”inin kövrək pıçıltıları ilə limhəlim dolu “Yaman darıxmışam…” şeirindəki kövrək düşüncələrin dadını özünüz təyin edin:

Kəpənək öpüşləriylə

Sinənə qonmuş ümidlərim səni arzuladı.

Köksümə sıxılan günahlar sevgi dadında,

dirilik suyu kimi gözlərimdən daşdı,

bu səhər bağçada bir gül səndən danışdı…

Yaman darıxmışam…

“Poeziya həyatı bir imkan kimi yaradıcı surətdə yenidən yaratmaqdır. Buna görə də, o şey ki, həyatda ola bilməz, o – poeziyada da yalandır, başqa sözlə, həyatda ola bilməyən şey poetik də ola bilməz” (V.Q.Belinski). İnsan, sevgi varsa ayrılıq da var, həsrət də, vüsal da, kədər də, sevinc də. Bunların söz sənətində əksi insanın bədii zövqünə ümid, inam, işıq bəxş edirsə şair ən azı sözünün ömrü qədər xatırlanacaq. “Ölümün başını qatıb əyninə ömür geyən”, gənc yaşlarından müdrikləşmiş Aysel Xanlarqızı Səfərli “qartal caynaqlı həyatın”acı və şirin ovqatıyla mətinləşir, mübarizləşir. Onun müdrikliyinin, mətinliyinin, həyatsevərliyinin ölçüsü həssas qəlbinin poetik döyüntüləridir…

VAQİF  OSMANOV.  Iyun 2020.

Müstəqil.Az

921 baxılıb
mersin escort