“GÜNAHSIZ GÖZƏL…” –   Elyar Bağırov (Yurdaişıq)

GÜNAHSIZ GÖZƏL

(Hekayə)

                                               

 

1950-ci ilin iyun ayında Ağtəpə kəndinin sayılıb-seçilən oğlanlarından olan Səlim Kənd Təsərrüfatı İnstitunu bitirib  təyinatını yaşadığı kəndin kolxozuna alıb gəlmişdi. Səlimin anası sevinə-sevinə bol süfrə açıb, gözaydınlığı vermək üçün yığışmış qanaqları qarşılayırdı. Oğlunun kəndə qayıtmağı arvadı yamanca sevindirirdi.

Səlimgil böyük nəsil idilər. Əsl-kökləri Qarabağlı olsa da uzun illər idi ki, aran rayonunda yerləşib, yurd-yuva qurub möhkəmlənmişdilər. Qarabağdan bura niyə köçdüklərin isə dəqiq bilmirdilər. Ulu babalardan gəlib çatan söz-söhbətlər fərqli idi.

Çox keçmədi ki, Səlim fermaya müdir keçdi. Cəmi bir olsa da onun işgüzar, qətiyyətli, sözükeçən və rəhmətlik atasının kolxoz qurucularından olmasını nəzərə alıb kolxoz sədri təyin etdilər.

    Səlim sonuncu kursda oxuyanda nişanlandığı Gözəl adlı qızla ailə qurdu. Qonşu kənddən kasıb bir ailənin qızı olan Gözəl adı kimi özü də gözəl idi. Kənd arvadları demiş,  bu qız 40 atlı ilə bazara girməzdi.

Gözəl-göyçək, həlim xasiyyətli arvadı bir neçə ilin içində üç oğlan uşağı doğaraq Səlimi sevindirdi. Səlimgil nəsillikcə çoxuşaqlı ailəydilər. Üç uşaq atası olan Səlim daha çox övlad arzusunda idi. Dörd kəndi əhatə edən kolxoza rəhbərlik edən Səlim dolanışığından razı idi. Ancaq evə-ailəyə az vaxt tapa bilirdi. Adəti üzrə gecə saatlarında gələr, övladlarını yatmış görərdi. Bəzən isə qonşu kənddə gecələməli olurdu.

 Bu gün də gecə qonşu kəndə qalmalı olmuşdu. Gecənin bir aləmində qonaq qaldığı evin sahibi onu oyatdı ki, bəs əmin oğlu Teymur səni çağırır. Səlim bir anlığa duruxdu. İlk ağlına gələn bu oldu ki, evdə nəsə pis hadisə baş verib. Uşaqlara nəsə olub. Dərhal pencəyini çiynina atıb, həyətə düşüdü. Teymurun damağında papiros tüstülədə-tüsdülədə gərdiş etdiyini gördü. Salamsız-kəlamsız Teymuru sorğu sola tutdu:

-Xeyir ola, əmioğlu? Kənddə salamatılığdır? Uşaqlara nəsə olmayıb ki?

Teymur acıqlı-qcıqlı Səlimin üzünə baxıb dedi:

-Heç kimə heç nə olmayıb. Nə olubsa sənə olub.

-Əmioğlu, ürəyimi üzmə. Sözünün mustafasını de.

-Sözümün mustafası budur ki, bütün günü at belindəsən. O kənd sənin, bu kənd mənim. Gözün bir işi görür, bir də işdən qazandığın pulu. Heç dönüb ev tərfə baxmırsan.

-Əmioğlu, nala-mıxa vurma. Bilirsən ki, bu boyda kolxozu idarə edirəm. Mən at belində olmayanda, yorğan altında olmalıyam?

-Sən yorğan altında olmayanda, yorğanının altında başqası olar!

Səlimə bu söz güllə kimi dəydi. Tələsik xrom çəkməsindən xəncəri nə vaxt çıxartdı özü də bilmədi. Bir də ayıldı ki, dizi əmisi oğlunun sinəsində, xəncər isə boğazındadır. Qonaq qaldığı evin sahibi bircə an ləngisə, üzəcəkdi boğazını. Xəncəri boğazından çəkib:

-Burda qan tökməyim, küçük! Gəl dəyirmanın yanına, görüm sən nə deyirsən!

Teymur qalxıb ayağa üst başının tozunu silklədi, başından düşmüş papağını dizinə çıraraq təmizlədi. Səlim gördü ki, Teymurun gözündə zərrə qədər də olsun qorxu, həyacan yoxdur. Əmisi oğlunu da yaxşı tanıyırdı. Bilirdi ki, onların nəslində hər kəs bir-birinin qeyrətini çəkir. Əmisi oğluna xəncər çəkdiyi üçün peşman olmağa başlayırdı. Səlim qarşıda, Teymur arxada atı sürətlə çaparaq dəyirmana çatdılar.

Səlim əsəbi və səbirsiz halda:

-Nə bilirsən de, tez de. Əgər dediklərin düzdürsə, yenə də nakişisən. Yorğanımın altında başqası varsa, kəsib başın, gələydin ardımca.

-Kənd araslnda pıçhapıç var arvadın barəsində. Sənsiz bu məsələni nəslin kişiləri ilə danışmışıq. Sənə deməyə əvvəl cəsarət etmədik, amma day nə qədər gizlədək ki? Sən öldür de, gedim öldürüm. Sən böyük adamsan, mən qara fəhlə. Sən məni türmədə yaşada bilərsən, mən səni yox. Məsləhətə gəldim ki, necə deyirsən elə edək. Çalışaq üstü açılmasın. Açılsa, mən götürüm boynuma. Uşaqlarıma yaxşı bax mən gələnə kimi, özümü də orda darda qoyma. Söhbət gəzir ki, sənin arvadın kənd soveti Kərimlə gəzir. Sənin ən yaxın dostunla. Çoxdandı izləyirik, əmiuşaqları ilə. Kərim əl çəkmir sizin evin həndəvərindən. Səbəbli səbəbsiz yönünü sizin küçədən salır. Sözün düzü həyətə girib çıxdığını tuta bilməmişik. Amma, od yanmasa tüstü çıxmaz, onu öldürməsək kənddə başı aşağı gəzərik. Bizə yaraşmaz. Biz Səfəralı kişinin nəsliyik. Binamus yaşaya bilmərik.

 

Səlim bir xeyli fikrə getdi. Papirosu-papirosa caladı. Dən tayının üstündə oturub gecənin qaranlığına gözünü zilləmişdi. Teymurun isə səbri tükənirdi. Səhərin açılmağına az qalırdı. Səlim isə hələ heç nə demirdi. Nəhayət Səlim dilləndi:

-Əmim bilir bu söhbəti?

-Hə, bilir.

-Daha kim?

-Əmin, əmdostun, əmiuşaqların hamısı.

 

Səlim qalxdı ayağa.

-Mən kəndə getməyəcəyəm. Sabah yox birisi gün bundan bir az tez. Əmimi də, qardaşlarını da götür buraya gətir. Kəndin mollası İsmayıl kişini də, bir də meyid yuyan Xavəri də.

 

     Teymuru təəccüb götürdü:

-Molla İsmayılın, Xavərin burda nə işi?

-Nə deyirəm onu et!

 

Deyilən vaxtda dəyirmanda hamı yığışmışdı. Səlim əmisi ilə məsləhətləşib ölüm fətvasının xeyir duasını Molla İsmayıldan aldı. Xavərə də bahalı hədiyyə vəd edib yuyacaqda gördükləri barədə bir kəlmə danışmayacağı barədə vəd aldılar. Qərarlaşdırdılar ki, Səlimin zövcəsini Teymur öldürsün. O nə partiyaçı idi, nə də bir vəzifəsi vardı. İşin üstü açılsa, hər şey öz boynuna götürəcəkdir. 

Havalar isti keçdiyi üçün bütün kənd camaatı kimi Səlimin də ailəsi həyətdə miçəbkəndə yatırdı. Teymur miçəbkənə girib, yastığı Səlimin zövcəsinin ağzına sıxıb, kətmənlə başına vurub öldürəcəkdi. Molla İsmayılın adamları isə kəndə hay salacaqdılar ki, bəs kolxoz sədrinin arvadı gecə miçəbkəndə yatanda çaqqalar hucum edib, onun başın didib yeyiblər.

Kənddə olmayan Səlim isə bu hadisədən hamıdan sonra xəbər tutacaqdı. Təmtəraqlı yas məclisi qurulacaq və sonra Səlim balaları üçün halal süd əmmiş qadın tapıb, həyatına davam edəcəkdi.

Teymur planlaşdırıldığı kimi həmin gecə qətl hadisəsin törətdi. Lakin, kənddə çaqqal söhbətinə heç kim inanmadı. İş gözlənildiyi kimi getmədi. Rayona təyinatla yenicə gəlmiş müstəntiq Xavər arvadı dindirmiş, meyidin açılıb təkrar müayinəsi üçün tələb qaldırmışdı.

       Səlim dostları vasitəsi ilə rayonun “açkarik” ləqəbi ilə tanınan prokuroru Qüdrət Mehdiyevlə görüşdü. Həqiqəti danışdı. Razılğa gəldilər ki, bu işi tam bağlamaq olmaz. Teymur həbs olunur. Səlim bu işdən xəbərsiz kimi sudan quru çıxır. Xavər arvaddan da əl çəkirlər. Səlim isə söz verdiyi külçə qızlları prokurora çatdırır.

         Teymur 10 il iş alıb Şuşa türməsində cəzasın çəkir, Səlim isə danışdığları kimi gözün onun üstündən çəkmirdi. Hər ay pay-püşlə yanına gedir, lazımı adamlara hörəmt edirdi. Bu minvalla 1 il keçdi. Səlim yenə Teymurla görüşə gəlmişdi. Teymur bu dəfə çox dilxor idi. Onun gətirdiyi soqata gözünün ucu ilə də baxmırdı. Səlim narahat halda dedi:

-Nə olub sənə. Xəstələnməmisən ki? Darıxırsan deyəsən. Bura narahatdırsa yerini dəyişdirtirə bilərəm.

-Heç nə olmayıb.

-Bəlkə, peşman olmusan, namus yuduğuna görə. Hə???

-Söhbət başqadır, əmioğlu.

-Nədir söhbət?

-Burda bizim apşak var. Lotu Qurban onu öz kamerasına çağırmışdı. Nə danışıblar bilmirəm. Amma, ordan gələndən sonra məni möhkəm sorğu-suala tutdu. Dedi ki, hardan bildin ki, əmioğlunun arvadıınn ayağı sürüşüb. Ən xırda detallara kimi sorğu-sual etdi. Necə öldürdün, işi necə oldu öz üzərinə götürdün, prokurora nə qədər verdiniz və s. Mən də danışdım hər şeyi. Sorğu-sualı bitirəndən sonra mənə dedi ki, lotu Qurbanın çöldəki adamları bu söhbəti araşdırıb. Siz günahsız adamı öldürmüsüz. Bu səbəbdən də sən içəri 20 min ötürməlisən. Sonra isə əsil günhkarı da öldürməlisən. Yoxsa burda mənim vəziyyətim pis olacaq. Hara getsəm, bunların əli uzundur. Başa düş!

-Axı, bunlar hardan bilir ki, günahsız olub?

-Bunlar hər şeyi bilir. Burda olduğu kimi çöldə də, hər yerdə adamları var. Bütün milis şöbələrində bunlara işləyən var. Hər yerdən məlumatlıdırlar. Xüsusən, namus üstündə içəri gələni çox araşdırırlar. Düz olsa, şah kimi yaşayırsan. Səhv olsa, səhvinin dərəcəsinə görə cəza var.

-Bəs, əsil günhakar kimdir.

-Əsl günhkar Kərim özüdür. Bu söhbəti onun adamları yayıb. Sənin paxıllığını çəkirmiş. Yerinə göz dikib. Deyrirmiş ki, kənddə arvadın da gözəli onun olsun, vəzifənin də böyüyü onun olsun. Özü də qəsdən gecələr sizin evin həndəvərində gəzişirmiş ki, söz-söhbət yayılsın. Sən arvadını öldürüb zindana düşəsən. Bu da sənin yerinə keçsin. Uzun sözün qısası. Gözəl günahsız olub.

 

Səlim bir il bundan qabaq dəyirmanın yanında olduğu kimi fikrə daldı. Arvadının məsum gözləri gözlərinin önündən getmədi. Körpələrinin qətl baş tutan günü gözlərindən sel-su kimi axan yaşı xatırladı. Sanki, göz yaşları sel olub onu boğacaqdı. Bu hadisədən az sonra dərddən çərləyib ölən anasının ağ hörüklərin gözünün qabağına gətirdi. Elə bil bu ağ hörüklər dar ağacından asılan kəndir olub Səlimin hulqumuna keçmişdi. Qorxulu yuxudan ayılan adamlar kimi çaşqınlıq içində idi.  Hər zaman cəsarəti, soyuqqanlığı ilə seçilən Səlim iki əli ilə başını tutub hıçqıraraq ağlayırdı.

     Teymurun da gözləri dolmuşdu. Ancaq özünü zorla sıxıb saxlamışdı. Həmin müdhiş gecəni xatırlayıb özünə nifrət edirdi.

 

Səlim ayağa qalxdı, boğuq səslə dedi:

-Onlara de ki, 10 gündən sonra 20 yox, 50 min gətirəcəyəm. Kərimin də işin onlar bitirsinlər. Vəssalam!

 

Səlim əmisi oğlunun cavabın gözləmədən iri addımlarla Şuşa zindanını tərk etdi.

 

Elyar Bağırov

 (Yurdaişıq)

Müstəqil.Az

Share: