Müəllim ömrü, şair taleyi, ziyalı mövqeyi…

Əlizaman BAXIŞ-70

Cəmiyyətimizdə elə hörmətli müəllimlər var ki, onlar sənə nə orta məktəbdə, nə də ali məktəbdə dərs deyiblər. Amma onları yaxından tanıyıb, orijinal fikirlərini dinləyəndə, insan qəlbinin mühəndisi kimi kəşf edirsən və istər-istəməz özünə həyat müəllimi bilirsən! Hətta yaş senzinə görə pedaqoji fəaliyyətlərinə məktəblərdə xitam verilsə belə, onlar könül verdikləri peşəni cəmiyyət həyatında davam etdirirlər.

Bu gün 70 yaşı tamam olan Əlizaman Baxış da belə müəllimlərdəndir. Onun bu dünyaya BAXIŞI  doğulduğu  Hacıtəpə kəndinin  bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən,  ilk tanıdığı insanların zəhmətə sevgisindən  formalaşıb… Gənc yaşlarından ağsaqqal düşüncəsinə malik  olan belə insanların  varlığı cəmiyyətin  mənəvi  ekologiyasını  qorumağa  xidmət edir.

                                                     Dözümlü  kişi…

Əlizaman  müəllimin sakit, ağayana görünüşü  elə ilk baxışdan diqqəti cəlb edir, onun  ilk kəlməsindən adamın ürəyinə ilıq bir mehribanlıq, səmimiyyət və doğmalıq hopur.  Bir daha əmin  olursan ki,  o,  bu dünyaya müəllim kimi doğulanlardandır. Əlizaman  müəllim  təkcə gözəl həmsöhbət deyil,  həm də böyük qəlb sahibi, etibarlı dost, sirdaşdır.  Onunla doğma Masallıda dəfələrlə görüşmüşük, qonşu Lənkərana –  hər ikimizin ortaq dostu, detektiv əsərlər müəllifi Qafar Cəfərlinin ziyarətinə getmişik. Birlikdə  Xanbulançay ətrafında  təbiət qoynunda  dincəlmişik. Keçmişdən, gələcəkdən, dost-tanışlardan,  ədəbiyyatdan  danışmışıq… Bakı  isə tale yollarımızın dönə-dönə kəsişdiyi  şəhərdir. Qismət olsa, ömür möhlət versə,  hələ bu  şəhərdə Əlizaman müəllim kimi  dostlarla  çox görüşəcəyik.

Əlizaman  Baxış  ömrünün üçüncü qərinəsinə vur-tut dörd  lidir ki, qədəm  qoyub.  Amma  bu dörd ildə  ömür adlı qatarın  bütün sadə sərnişinləri kimi  o da  rastlaşmadığı  çətinliklərlə üzləşib,  haqsızlıqların şahidi olub,  necə deyərlər,  müəllim həmkarının  çoxu kimi  öz  halal “haqqını”  ala bilməyib… Bəli,  50 ilə yaxın    şagirdlərinə  xoşbəxtlik yolunu  göstərən  bu ustad  müəllimə  firavan  yaşamaq arzusu   həmişə əlçatmaz olub!.. Amma Əlizaman  müəllim dözümlü kişidir.

Səbrin hikmətinə  inanan,  bəxtindən şikayət etməyən  bir  ziyalıdır.

                                                      Yaxşı əməlin təməli…

Şöhrət ardınca qaçmağı sevmədiyindən abrına bürünüb təmkin və təvazö dünyasında bulunmağı üstün tutmuş, saf və təmiz vicdanına söykənərək başı dik, alnı açıq, üzü ağ yaşamaq yolunu seçmişdir. Əslində  içində  vurnuxan üsyankarlığa,  qəzəb hissinə sözlə  müdriklik qiyafəsi  geyindirməyi bacaran güclü bir ruha sahibidir.

Aqillər deyir ki, qayğının qapı – pəncərəsi yoxdur, o, əbədi bir ehtiyacdır ki, həmişə, hər yerdə onu hiss edirsən. Bəzən mənə elə gəlir  ki,  zamanəsində qayğılardan  qaça bilməyən Əlizaman müəllim kimi ziyalılar susmağın “qızıl” olmadığını lap  gənc  yaşlarından  dərk edirlər,  ona  görə  həm  də şair  taleyi yaşamağa  məhkum olurlar!  Əlizaman  Baxış da  müəllim  kimi  şagirdlərinə  deyə bimədiklərini  qələm adamı kimi  oxucularına deməyə çalışır:

 

Adam var ki, doymaq olmur söhbətindən-sözündən,

Adam var ki, zəhər yağır baxışından-gözündən!

Adam var ki, baş qoyarsan ayağının altında,

Adam var ki, tez qaç, qurtar şeytansifət üzündən!

 

Söz yaradıcı insanın sərvətidir, şairin taleyinə zinət  verən Tanrı  nemətidir. Əlizaman müəllimin  böyük həvəslə,  ürəyinin səsi ilə yazıb – yaratdığı şeirlər  də  sözün qüdrətindən bəhrələnən və sözə hörmətlə yanaşan  qələm  sahibinin qəlb çırpıntılarıdır. İstər əyalatdə yaşa, istər  paytaxtda,  harda  olursan ol, nədən yazırsan, kimdən  yazırsan yaz, amma yazıb-yaratdığının kökündə millilik dayanmalıdır. “Vətənlə dərdimiz doğuldu qoşa” – deyən  Əlizaman Baxış dünyasına  yaxşı bələd olduğum  üçün etiraf edim  ki, onun şəxsiyyəti ilə  yaradıcılığı arasında təbii bir uyarlıq var.  O,  həm də  canına, ruhuna  hopmuş  vətəndaş  təəssübkeşliyi ilə  cəmiyyətdə baş verən neqativ  hallara  laqeyd qala bilmir, “mənə nə” demir:

 

Hamı bilir, balıq başdan iylənir!

Hazırların nazirləri piylənir –

zalım oğlu gəlib biznən əylənir!

“Bəsdir!”, “Yetər!,“Dayan daha!” deyən yox!

Danlayan yox, dansayan yox, söyən yox!

 

Və ya:

 

Cilovlanıb duyğularım,

əhvalı bərbad kimiyəm!

Bu dünyanın təndirində

kütə getmiş tat kimiyəm!

 

Əlizaman  müəllimin poetik fikirlərinin  çoxu  ürəkdən tikan  çıxardırsa, düşündürə bilirsə, şerdə, poeziyada nəsə bir söz deyirsə, demək,  yaşadığı zamanın nəbzini tuta bilir, haqqı tərənnüm edir,  tarixin güzgüsündə  gördüyü əyrilikləri təhrif etmir. Əməl də insan şəxsiyyətinin güzgüsüdür, deyənlər yanılmayıblar. Hər bir yaxşı əməlin təməli ailədə qoyulur, həmçinin, vətən sevgisinin təməli də. Məhz ona görə də  Əlizaman müəllimin nəinki şeirlərində,  hətta  publisistik  yazılarında da  vətənsevərlik hissləri onun şəxsi  keyfiyyətləri ilə üst-üstə düşdüyündən inandırıcıdır və bu hisslərin həqiqiliyinə olan inam oxucu üçün bir həyat dərsidir.

                                                Kitabları haqqında

Mövzu seçimi,  rəngarəngliyi  baxımından Əlizaman  müəllimin  bu günə kimi  işıq üzü görən  bütün  kitabları  maraq doğurur.  Onun 2010-cu ildə nəşr olunan “Hacıtəpə – keçmişdə və indi” sənədli  publisistik  kitabı   doğulduğu el-obaya  övlad  məhəbbətindən yaranıb  və  məzmun fundamentallığı ilə seçilir.   Bu kitab  kəndin   gələcək nəsillərinə dəyərli ensiklopedik bilik  verir.  “Qayaların dağ harayı” (2018)  bədii-publisistik kitabındakı “Haraylar” poeması  isə müəllifin   sözün  obrazlı  dilinə,  poetik  imkanlarına  vaqif olduğundan xəbər verir. İctimai məzmunlu  poetik  düşüncələr  xalq  dilindən bəhrələnib, xalq ruhundan qidalananda  həm rahat oxunur, həm də asanlıqla yaddaşlarda qalır.  Bu da müəllifin əqidəsinin, qayəsinin oxuculara çatdırılmasını və təsirliliyini təmin edir.  Qismən  avtobioqrafik  üslubda qələmə aldığı  “Ömür kitabı”nda (2019)  da insan  həyatının yaşantılarından bəhs olunur. “Yaxşı ki varsan”  kitabı   (Bakı, Elm və Təhsil nəşriyyattı,  2019) Əlizaman  müəllimin  həm də  şair-tərcüməçi  olduğundan soraq verir.  Bu kitabda onun lirik, ictimai, satirik janrda yazılmış şeirləri  ilə yanaşı,  tanınmış rus şairi və publisisti, Azərbaycan həqiqətlətinin carçısı Aleksandr Fomenkovdan dilimizə çevirdiyi şeirlər və hekayə oxuculara təqdim  olunur.  Müəllif  həm klassik həm də müasir poeziyanın imkanlarından gen-bol bəhrələnib:  oxucuya təqdim olunan bayatı, qoşma, gərayılı, təcnis, dodaqdəyməz yəni, hecada olan folklor və aşıq ədəbiyyatı; eləcə də şair dostları ilə deyişmələri, poetik yazışmaları, sabiranə şeirləri,  M.Müşfiqsayağı düşüncələri müstəvisində  Əlizaman Baxışın  öz aləmi, söz aləmi görünür.

Kitabda  müəllif  şeirlərinin əksəriyyətində, eləcə  rus dilindən tərcümə etdiyi ədəbi nümunələrdə   Vətən sevgisi, vətəndaşlıq təəssübü  özünü apaydın biruzə verir. Vətən insanların ilk beşiyi və son məzarıdır. Ona görə Vətəni sevməyən insan təsəvvür olunmazdır. Bu cəhətdən Vətən mövzusunda yazmaq əlinə qələm alan hər bir yazarın ümdə vəzifəsidir. Müəllifin fikrincə, Vətəni sevmək azdır, onun  uğrunda  döyüşmək, candan keçmək lazımdır:  Yağı tapdağında qalan Vətən  torpaqlarlarının azad olunması istəyini şair belə dilə gətirir:

 

Xəcalət təridir tökdüyüm bu tər,

De hansı gün olar bu gündən betər?

Nə qədər səbr edək, bəsdirin, yetər!

Qalxın, silahlanın, döyüş vaxtıdır!

 

Onun  Vətən haqqında qələmə aldığı şeirlərində bir üsyan, dünya birliklərinə qarşı bir etiraz duyulur. Əlizaman  müəllim  kitaba daxil etdiyi belə şeirlərin səmimiliyi ilə oxucusuna Vətən sevgisi aşılayır, gənc nəslin qan yaddaşını daha da möhkəmləndirir.

                                               Yubiliyra  yubiley arzum…

Qələm dostumun son  şeirlər  toplusu özünün yarızarafat, yarıciddi dediyi kimi  koronavirus  “ucbatından” yubanır.  İndi paytaxta gediş-gəliş də çətinləşib. Masallıda və Bakıda son dəfə nə vaxt görüşdüyümüzü dəqiq xatırlamıram. Sanki getdikcə  görüşlərimiz virtuallaşır, aktiv insani münasibətlərimiz kodlaşdırılıb. “Lazım” gəldikdə, “proqram” arada-bir açılır və  yalnız özümüz üçün  müəyyən  olunmuş  ərazidə passif “hərəkət” edə  bilirik. Görəsən doğma yerlərə, doğma insanlara  nə vaxta kimi həsrət qalacaağıq?

Şair ruhu, ziyalı  qəlbi sərhəd tanımayan  qələm  dostumu uzaqdan –uzağa bağrıma basıram və bu yubiley yazımı  nikbin sonluqla bitirmək istəyirəm .

Demək istəyirəm ki,  əgər  qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdirsə, onda mənə Əlizaman müəllimə ömrünün üçüncü qərinəsini elə indi  bu şəkildə göründüyüm kimi,  gümrah, üzündən əskik olmayan səmimi təbəssümlərlə  ömür – gün yoldaşı Xanım  müəllimə ilə birlikdə  başa vurmağı diləyirəm!

Nurəddin ƏDİLOĞLU

 

 P.S:  70 yaşlı şair dostumun hələlik sonuncu – nəşri yubanan sayca beşinci kitabından bir neçə şeirini “Müstəqil. az”ın daimi izləyicilərinə təqdim edirik.

 

Əlizaman Baxış

           VƏTƏNDİR

Bu torpaq əbədi doğma diyardır,

Bu Vətən əzəli, ulu Vətəndir!

Qanla yazılmışdır hər salnaməsi,

Burda azadlığın yolu Vətəndir!

 

Vətəndir qayası, daşı, torpağı,

Meşəsi, ağacı, yaşıl yarpağı!

Payızın xəzəli, qışın sazağı,

Baharın al-əlvan gülü Vətəndir!

 

Burda Qız qalası, Gəlin qayası

Qızların üzünün abır-həyası –

Gəncə yaylığıyla kəlağayısı –

İpəyi Vətəndir, tülü Vətəndir!!

 

Üstünə şeh qonan təzə-tər çiçək,

Gecələr uçuşan işıldaböcək,

Güllərin üstündə gəzən sevincək

Şanı arısının balı Vətəndir!

 

Göyçə göl, Şah dağım, Xəzər dənizim,

Dərbəndim, Şirvanım, qoca Təbrizim,

Dəli Kür, Arpaçay, sultan Arazın

Sağı da Vətəndir, solu Vətəndir!

 

Albertim, Fəridim, qoç Mübarizim,

Salatın, Gültəkin, Aslan Çingizim,

Yolunda şəhiddir neçə ər bizim –

Qəhrəman igidlər dolu Vətəndir!

05.02.20.

 

ŞUŞA DƏRDİMİ

 

Haykırdım, səsimi eşidənim yox,

Danışdım qayaya, daşa dərdimi!

Canımın yanğısın soyutmaq üçün

Saxladım payıza, qışa dərdimi!

 

Doğuşdan qarğındım, sinəsi dağlı,

Bir qara qul kimi qolları bağlı!

Keçdi ömür-günüm qaralı-ağlı,

Bələdim quruya-yaşa dərdimi!

 

Ay balta saplayan, kürəyimizdən,

Tiyəsi özgədən, ay sapı bizdən!

Ay namərd, az qan iç ürəyimizdən,

Nə olar, bircə gün yaşa dərdimi.

 

Qarabağın yolu Göyçədən keçdi,

Min igid, min beli incədən keçdi!

Şuşanın işğalı xonçadan keçdi –

mən necə unudum Şuşa dərdimi?

18.05.20.

 

TUTMUR

Vurduğun töhmətlər belimi əyir,

Danlağın-dansağın şələmi tutmur!

Od vurub yandırdın xanimanımı,

Əslinin atəşi Kərəmi tutmur???

 

Sən olmusan həqiqətim, gerçəyim

Nəyim var ki, səndən başqa, çiçəyim!

Sənsiz laldır mənim dilim-dilçəyim,

Nə dillənə bilir, nə dəmi tutmur!

 

İrəvanda xal qalmadı, səndəmi?

Bir canım var, alacaqsan sən də mi?

Əzabını mən çəkirəm, sən dəmi –

könlün hər yetənlə həmdəmi tutmur!

08.04.20.

 

AĞLAYA-AĞLAYA

 

Fərağından ozan olub

dilim ağlaya-ağlaya!

Cəhənnəmdir günüm, ayım,

ilim ağlaya-ağlaya!!

 

Yada düşər xatirələr,

Göz yaşlarım gül bitirər!

Ayaq gedər, əl gətirər –

gülüm, ağlaya-ağlaya!

 

Daş ataram, baş tutaram,

Ölümü də xoş tutaram!

Ov ovlaram, quş tutaram –

əlim ağlaya-ağlaya!

 

Ruhun göyün qatındamı –

eşqin köhlən atındamı?

Ayağının altındamı

ölüm ağlaya-ağlaya??

 

Hicran odu yaxır məni,

Öldürəcək axır məni!

“Əlizaman!”- çağır məni –

gəlim ağlaya-ağlaya!

15.05.20.

ADAMLAR VƏ KİTABLAR

Bilin ki, bu dünyada

hər şey haqq və hesabdır!

İnsanların hamısı

oxunmamış kitabdır!

 

Birinin cildi qalın,

yaraşıqlı üzü var!

İçindəkilər yalan,

qarqarışıq sözü var!

 

Biri dünya üzünə

gəldiyinə peşiman!

Birini naşı qovur

belnən-kürəknən, daşnan!

 

Biri dağdan danışır,

biri bağdan danışır!

Guya vətənsevərdir,

Qarabağdan danışır!

 

Adam var incə ruhlu,

hər kəlməsi bal dadır!

Amma taleyi kəmdir,

başı qeylü-qaldadır!

 

Adam var kitab kimi

oxunmamış atılır!

Kimisinə yarınır,

kimisinə satılır!

 

Eyni tale yaşayır

adamlar, həm kitablar!

Yarımamış adamdır

taleyi kəm kitablar!

30.01.20.

Share: