Kimin yazısında hərf səhvi görürəm…

Müstəqil.Az “Qobustan”jurnalının  istedadlı yazıçı, araşdırmaçı, rejissor Kəmalə Səlim Müslümqızı ilə müsahibəsini təqdim edir

 

– Xoş gördük, Kəmalə xanım! Bəlkə sizi bir az da yaxından tanıyaq…

-Ağdaşda, müəllim ailəsində doğulmuşam. Altı uşaq, iki nənəm, böyük bir ailə. Valideynlərim ciddi qanun-qayda ilə bizi böyüdüblər. Əgər dəftərimizdə bir dənə qara, gündəliyimizdə bir dənə 4 olardısa, bunu bizə bağışlamazdılar. Bir-birimizin paltarlarını geyinərək böyüdük. Təzə paltar ancaq bayramlarda alınardı. Əvəzində evimizdə nəhəng kitabxana vardı, hamımız musiqi məktəbində təhsil alırdıq və poçtalyon bizim qəzet-jurnalları gətirəndə həmişə gileylənirdi. İnternat məktəbini, musiqi məktəbinin fortepiano şəbəsini, sonra pedaqoji texnikumu bitirdim. Sonra BDU ya qəbul olundum, Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə. İlk semestrdən əlaçı oldumsa da, təhsilim yarımçıq qaldı. Xaricə gedib təhsilimi davam etdirmək mənə qismət olmadı. Üç ildən sonra yenidən BDU ya qəbul oldum. Bu dəfə kitabxanaçılıq fakültəsinə. Sonra filologiyanı da bitirdim. Mənim təhsil aldığım məktəbdə dəqiq elmlər çox zəif tədris olunurdu. Buna görə də bütün sevgimi humanitar fənlərə yönəltmişdim. Pionerlər evində yeddi dərnəyin üzvü idim, özü də fəal. İncəsənətə çox meyilli idim. Rəqslə məşğul olsam da, anam gələcəkdə davam etdiməyə icazə vermədi. Anam aktrisa-rejissorluq fikrinin də əleyhinə idi. “Gül kimi ədəbiyyatçısan, get yazılarını yaz da. Nə işin var artistlikdə?” deyərək arzularımın üstündən xətt çəkmişidi.

-Bəs atanız? 
-Atam daha mütərəqqi fikirli insan idi. Ensiklopedik yaddaşlı, mükəmməl analitik qabiliyyətli, idmanı, futbolu mükəmməl səviyyədə bilən nadir mütəxəssislərdən idi. Leykositi idman, eritrositi futbol idi. Hələ də ondan öyrəndiklərimi “xərcləyirəm”. Bİr dəfə filmdə səy rolunu canlandıran aktrisanın roluna ağız büzdüm, rejissorunu tənqid etdim. Anam oxun hara atıldığını bildiyindən çox kəskin reaksiya verdi: “Yox bilməmişdilər, gəlib səndən öyrənəcəkdilər”. Və həmin gün anamdan qəddarcasına qisas aldım. Həm fiziki, həm də əqli cəhətdən əngəlli adamın roluna girib anama yaxınlaşdım. Çox qorxdu, rəngi ağardı. Və hər gecə yatmazdan əvvəl onu beləcə qorxudurdum. Bir gün bacım zəng edərək məni bərk danladı. Sən demə anam məndən o qədər irpənirmiş ki, bacıma zəng edib ağlayıb şıkayətlənibmiş… Çox sonralar anam məndən onu bağışlamamı istədi. Fakültə seçimində konservativ davrandığına görə…
– Və aktrisa olmadınız…

-Bəli. Amma həm tələbəlik illərində, həm də sonralar bütün tədbirlərin ssenarisini yazır və özüm də hazırlayırdım.

-Amma səhnə istəyiniz, teatr arzunuz sizi tərk etmədi. Bu yaxınlarda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, eləcə də Gənc Tamaşaçılar Teatrında “Günəşin qızı” adlı pyesiniz əsasında hazırladığınız eyniadlı tamaşaya baxdım. Salonda anşlaq idi. Bu günün tamaşaçısının tarixi tamaşaya belə maraq göstərməsi sevindiricidir. Tamaşa haqqında bir qədər söz açardınız…

-XIX əsrdə yaşamış şairə, alim, tərcüməçi, inqilabçı, qadın hüquqlarının qızğın müdafiəçisi, şərq dünyasında ilk dəfə baş örtüyündən nümayişkaranə şəkildə imtina edən, buna görə də başı olmazın zülmlər çəkən və qəddarlıqla öldürülən türk qızı Tahirə Qürrətül-Eynin həyat və fəaliyyətindən bəhs edir.

-Siz bu şairə haqqında öncə təhqiqat işi aparmısınız səhv etmirəmsə…

-Bəli. Araşdırma yazı dərc olundu, seminarlar keçirtdik. Tarix muzeyində tələbələrlə görüşdə məruzə ilə çıxış etdim, sonda tamaşanı təqdim etdik.

-Qeyd etdiyim kimi, “Günəşin qızı” tamaşasının həm ssenari müəllifi, həm də rejissorusunuz. Özünüzü hansında daha peşəkar hiss edirsiniz?

-Dramaturq sözünün çəkisindən ömrüb boyu “qorxmuşam”. H.Cavid, Şekspir kimi nəhəng imzalardan sonra adamın özünə dramaturq deməyə dili gəlmir. Rejissor kimi daha iddialı, daha rahatam. Gün ərzində on saat məşq edə bilirəm. Və teatr sahəsində ən titullu ödülü Azərbaycana gətirəcəyimə inanıram. Təbii ki ömür vəfa etsə.
İlk pyesimi 1997-ci ildə yazdım və elə bərk-bərk gizlətdim ki, sanki kimsə tapıb oxuyub güləcəkdi. M.Şeyxzadəyə haqqında idi. Dörd il bu janra müraciət etmədim. Sergey Vladimiroviç Mixalkov on beşi yaşı olanda “Yüksəklikdə” adlı topluda ilk dəfə olaraq çap olunur. Jurnalı ona yollayan redaksiyanın katibi məktub yazır ki, “Çox qürurlanma. İşləməyi öyrən. Bizə öz şeirini göndər”. Bu sözlər heç vaxt yadımdan çıxmadı. Yazdıqlarımı hər zaman gizlədir, bezənə qədər oxuyur, qəddarcasına tənqid edir, səhvlər axtarıram. Hərdən düşünürəm ki, ifrata varıram. Çox sonralar döndüm pyes janrına. Pyeslərin səhnə həllini düşünürəm. Kitablarımı çap etməyisə hər il təxirə salıram.

-Bildiyimə görə yazdığınız bütün pyeslər tarixi şəxsiyyətlərə həsr olunub.

-Bəli. Əvvəlcə həmin şəxslər haqqında təhqiqat aparmışam, araşdırma yazını hazırladıqca onlara vurulmuş, təsirlənmiş sonra isə pyesi yazmışam.

-Pyeslərinizin tarixi qəhrəmanları kimlərdir?

-Maqsud Şeyxzadə, Zülfüqar Əhmədzadə, M.Şəhriyar, Tahirə Qürrətül-Eyn, Səməd Behrəngi, Asəf Zeynallı, M.Gəncəvi. Sonuncudan başqa hamısı haqqında təhqiqat yazım dərc olunub. Bir pyesimi isə tamamlamaq üzrəyəm.

-“Pak” özəl teatrını yaratmısınız. Necə oldu bu qərara gəldiniz?

– İllərlə bu arzuda olmuşdum. Tahirə Qürrətül-Eyn haqqında tamaşa hazırlamaq istəyi yarandığı an öz teatrımı yaratmağa qərar verdim.

-Yəqin ki, özəl teatr olaraq çətinlikləriniz də az deyil.

– Çətinliklər həddən artıq çoxdur. Bəzən lap dəli olmaq həddinə çatıram. Güclə özümü toparlayıram. Ən qlobal çətinlik məşq üçün yerimizin olmamasıdır. Aktyorların vaxt qrafiki ilə məşq üçün çətinliklə tapdığımız zalın vaxtı üst-üstə düşmür. Buna görə də iş uzanır. Sonra teatrda gün təyin etmək, vəsait tapmaq və s. İllah da tarixi pyesi səhyə qoyanda gərginlik yaşayırıq. Geyim, dekorasiya, rekvizit…
– Kəmalə xanım, sizin sənədli və bədii film ssenariləriniz də var. Bir rejissor olaraq kimi bəyənirsiniz?

– “Cəsur ürək” in yaradıcısı Mel Gipsonu. Filmdə işlənmiş mövzu haqda yeni söz demək çox çətindir. Amma o, bunu bacardı. Gipsona qədər İsa peyğəmbər haqqında saysız-hesabsız filmlər çəkilmişdi. Amma onun İsası hamısını kölgədə qoymağı bacardı. Eləcə də cəngəlliklər haqqında çəkilən filmlərdə ”Apokalipsis” i yeni bir cığır açdı. Mel ssenarini yazmazdan əvvəl çox ciddi araşdırmaya başlayır, novatordu, eksperimentlərdən qorxmur, ən çeynənmiş mövzuda belə şedevr yaradır.

– Məlumdur ki, hər bir rejissorun qəlbində bir aktyor kumiri gizlənir. Bəs siz hansı aktyoru çəkmək istəyərsiniz?

-Vladimir Maşkovu. Rusiyanın xalq artistidir. Çox maraqlıdır ki, o, mənim uzun zamandan bəri haqqında təhqiqat apardığım Rasputin obrazını canlandırıb.

– Azərbaycan aktyorlarından kimi sevirsiniz?

-Sevimli sənətkarlarımız çoxdur. Mənimçün bir nömrə İsmayıl Osmanlıdır. Düşünürəm ki, əgər o, Fransada fəaliyyət göstərsəydi, dünya səviyyəsində qızıl fonda daxil olardı.

– Nəsr əsərlərinizdə qadın psixlogiyasını məharətlə təsvir edirsiniz. Bəzən elə incə məqamlara toxunursunuz ki, bunu da ancaq qadın müəllif hiss edib qələmə ala bilər. Ümumiyyətlə, hekayələrinizdə ön planda qadın qəhrəmanlar dayanır. Bir qədər feminizmə meyillilik də hiss olunur. Amma mən biləni, feminist deyilsiniz… Bəs onda nə üçün hər dəfə qadın?..

-Hekayələrdə qadınları xüsusi olaraq ön plana çəkmirəm. İlham nəyi diqtə edirsə, onu da yazıram. Amma publisistikada mövzuları özüm seçdiyimə görə qadın mövzusunu önə çəkirəm. Ana xaqanlığı dövrü bitdikdən sonra qadınların qara günləri başladı. Bu indi də davam etməkdədir. “Hər şey bərabərdir, qadınlar da kişilər qədər sevib, seçir, fəaliyyət göstərirlər” kimi fikirlər səsləndirənlər çoxdu. Kənardan baxanda belə görünsə də, qadın olmanın nə qədər çətin olduğunu bilməmiş deyilsiniz. Çox təəssüflər olsun ki, feminizm nəzəriyyəsi düzgün anlaşılmadı və digər cərəyanlar kimi o da hüquqi qüvvəsini itirmək üzrədir. Fransanın ilk qadın yazıçısı olaraq tanınan Jorj Sandın həyatına nəzər salsaq qadın yazarların keçdiyi “bərabər” yolu görərik. Amandina Avrora Lüsil Düpeni kişi kostyumu geyinməyə, kişi adıyla yazmağa məcbur edən cəmiyyət, irtica “kişi üzlü qadın yazıçı” kimi bir fenomeni yaratdı. Olimpiya yarışlarının nəinki iştirakçısı, hətta tamaşaçısı olmaq belə qadınlara yasaq idi. Əgər bir qadın gizlincə bu yarışları izləmək fikrinə düşsəydi cəzası ölüm idi. İctima mərhələləri bu tezislərlə adlayaraq gəlib bu günlərə çıxmışıq. Qadınların səsvermə hüququ ən yaxın keçmişdə bəraətini tapıb. İndi “Kişilər daha ağıllı, daha savadlı, daha istedadlıdırlar” deyənlərə gülməmək əldə deyil. Qadınlar dişləri, dırnaqlarıyla əldə edirlər qələbəni. Zərif məxluq olan qadınların daşıdığı mənəvi, psixoloji yükü, ictimai basqını kişilərin qaldıra biləcəyinə inanmıram. Məhsəti Gəncəvidən üzü bu yana butün proqressiv fikirli qadınlar təzyiqlərə məruz qalıblar, daş-qalaq olunublar.

-Cəmiyyətə açıq insansınız. Bunu sizin yazılarınızdan, ictimai hadisələrə münasibətinizdən dərhal hiss etmək olur. Sizi nə narahat edir?

-M.S.Ordubadinin “Nurəddin” hekayəsində belə bir məqam var. Gülpəri ögey oğlunun atası olan ərini zəhərləyərək öldürür, sonra saçını-başını yonur, şüvən qopardır. Bunu görən Nurəddin heyrətdən donur, sarsılır. Sevimli atası üçün ağlaya da bilmir. Qonşu qadınlar onu daşürəkli olmaqda ittiham edirlər. Mən özümü o Nurəddinə bənzədirəm. Bizdə obyekt yox, subyekt hədəfdədir. Hadisənin mahiyyətini araşdırmırıq, iştirakçısını məhşərə çəkirik. Xirtdəyə qədər batmış biri əxlaq dərsi keçir. Bütün bunlar cəmiyyətdə bölünmələrə gətirib çıxarır. Kastalara bölünürük və bu kastalar arasında amansız rəqabət baş alıb vedir. Şudraların intiqamı isə sosial şəbəkələrdə, ailədaxili münaqişələrdə ən iyrənc şəkildə əksini tapır. Cəmiyyətin xilası sosial institutların fəaliyyətindəki mütləq dönüşlə bağlıdır.

-Qadın və cəmiyyət, yaxud, insan və cəmiyyət… Fərqi nədə görürsünüz?

-Fərq ondadır ki, qadının, Azərbaycan qadınının məsuliyyəti iki qat artıqdır. İctimai fəaliyyəti olan qadınlar bir növ qurbana çevrilirlər. Şəxsi həyatları hər an manşet ola bilər düşüncəsiylə özlərini “qılaflı adam” kimi aparmaq məcburiyyətindədirlər. İstər-istəməz süni münasibətlərin yaranmasının şahidi oluruq. Merkelin açıq-saçıq şəkillərini yaydılar, bizim sosial şəbəkələrin “planı doldu”. Amma Qərb buna əhəmiyyət vermədi. Onlara məmurun şəxsi həyatı, keçmişi deyil, ölkəyə etdyi xidmət, faydası önəmlidi. Qərblilər soyuqqanlıdırlar. Bunu da məqbul hesab etmirəm. Xatirinizdədirsə, Marqaret Tetçerin “qızıl” fəaliyyətini çox tez unutdular. Dəmir ledinin tək öz xalqı üçün deyil, bütün anti SSRİ ölkələr üçün etdiyi inqilabi reformları bir öhdəlik, plan kimi qiymətləndirdir.Sanki, belə də olmalı idi.
-Sizin fərqli dünyanızın olduğunu bilirəm. Bəlkə, oxucularımıza hamının bilmədiyi hobbilərinizdən danışasınız…

-Kimin yazısında hərf səhvi görürəm, bunu özümə dərd edirəm. Dərhal da özünə yazıram. Neyləsəm də bunu tərgidə bilmirəm.

– Bəs həyatınızı necə, redaktə edə bilirsinizmi?....

– Övladlarıma qadağan kəlməsini deməyi özümə qadağan etmişəm. Çox sərbəst böyüyüblər. Öz həyatımın redaktəsi isə ən çətin, ən ağır, ən…

-Mən bir hobbinizi də bilirəm. Təəccübləndirməyi, mərc gəlməyi də sevirsiniz…

– Elədir. Amma bu, əvvəllər idi. Bir dəfə xaricdə qatardan düşüb şikəst kimi gəzəcəyimi dedim. Heç kim inanmadı və mərc gəldik. Həm mərcu uddum, həm də xeyli “nəzir” yığdım. Ən pisi bu idi ki, sonra dikəlməyə üzüm gəlmədi, uzun müddət o vəziyyətdə qaldım. Dizlərimin yarası bir həftə məni incitdi.

– Kəmalə xanım, sizin yaradıcılıq fəaliyyətiniz çoxşaxəlidir. Həm araşdırmaçısınız, həm nəsr yazırsınız, həm rejissorsunuz, həm dərs deyirsiniz… Bu qarışıqlıqda Kəmalə Səlim bu gün öz yerini tapa bilibmi?

-Könüllərdə olan yerimi hə…

-Biz də redaksiyamız adından sizə həmişə könüllərdə olmağı arzulayırıq. Maraqlı nəsr əsərləriniz, ssenari və tamaşalarınız, zəngin araşdırmalaraınızla həmişə ucalarda olasınız!

Söhbətləşdi: Narıngül

“Qobustan”jurnalı 03. 2020
Share: