Otur oturduğun yerdə

Elnur NƏHMƏDOV
(Hekayə)
Aslan hər dəfə olduğu kimi evə yenə də içkili gəlmişdi. Arvadı Qəmər bir dəri, bir sümük olan ərinə baxıb deyinməyə başladı:
– Ədə, sən balalarıvın canı, içmə. O zəhrimar bir gün səni türməyə aparacaq. Yeddi tifili mən necə saxlayaram, ay Aslan?!
Aslan səntirləyə-səntirləyə evin plləkənlərini qalxmağa başladı. Qəmər danışırdı:
– Sən içməyəndə qonum-qonşu, qohum-əqraba həsəd aparır, ay Aslan. Başına dönüm, içmə.
Keçən dəfə yazıq qardaşımın ağzında diş qoymadın, hamısını qırdın.
Aslan qapıya az qalmış geriyə çevrilib Qəməri yumruğa doladı.Yazıq arvad pilləkənlərdən üzüaşağı yumbalandı.Uşaqlar eşitməsin deyə səsini çıxarmadı.
Səhər açılanda Aslan dünənki günü xatırlamağa başladı. Nə illah etdisə,
yadına heç nə düşmədi. Qəmərin üz-gözündəki qızartıları görüb gecə arvadını döydüyünü başa düşdü:
-Vallah, bir də içməyəcəm. Bu dəfə də məni bağışla, Qəmər!
Aslan neçə il idi ki, bu bəlaya mübtəla olmuşdu. Spirtli içkidən sonra özünü itirir, etdiyi hərəkətlərin peşmanlığını çəkirdi. Sürücü işlədiyi icra hakimiyyətindəki nüfuzu da bu hərəkətlərinə görə get-gedə azalırdı. Söhbət gəzirdi ki, tezliklə “Niva”nı da ondan alacaqlar. Dünən bu söhbəti eşidib iş yoldaşları ilə xeyli içmişdi.
 
Abdul Ələsgərov adlı birisi rayonun icra başçısı seçilmişdi. Təzə başçı gəldiyi gündən zəhmi ilə işçilərə divan tuturdu.  Kresloda yerini istitməmiş artıq üç nəfəri işdən azad etmişdi.
Aslan təzə başçının onun içki alüdəçisi olduğunu eşitməsinə heç cür razı ola bilməzdi. Buna görə də bu işi gizli görməyə çalışırdı.
 
İş gününün sonuna yaxın Ələsgərov uzaq səfərə çıxacağını deyib sürücü Aslanı otağına çağırtırdı:
– Gülbalıyev, sabah Şəkiyə getməliyik. Maşını sazla, səhər saat yeddidə bizim qapıda olarsan.
Aslan müti görkəm aldı:
-Yoldaş Ələsgərov, heç bilmirəm necə təşəkkür edim. Mənə etibar etdiyiniz üçün çox minnətdaram. Amma daha rahat maşınla getməyiniz məsləhətdir.
– Eybi yoxdur, Gülbalıyev. Sən narahat olma. Qoy camaat mənim bura kef çəkməyə göndərilmədiyimi görsün.
Aslanın nitqi qurumuşdu. İndiyədək sınıq-salxaq maşınında müavinlərin köməkçisi gəzən maşına indi Başçı minəcəkdi.
Aslan başçının dediyi kimi də elədi. Sübh tezdən maşınla qulluğa müntəzir dayanmışdı.
Başçı xeyli əziyyətdən sonra ağır gövdəsini kabinəyə sala bildi. Aslanın əl – ayağı əsməyə başladı:
– Yoldaş başçı, vallah, çətin olacaq. Bu maşınla yol getmək olmaz.
Ələsgərov üzündəki sərt ifadəni dəyişmədi:
– Gülbalıyev, sür! Bir saata orada olmalıyıq.
Aslan çəkinə-çəkinə maşını işə saldı. Motorun qulaqbatırıcı səsi, irəli getdikcə Ələsgərovu atıb – tutması onu daha da həyəcanlandırırdı…
Aslan, hardasa, deyilən vaxtda başçını ünvana çatdırdı.
Başçı görüşünü yekunlaşdırıb maşına minmək istəyəndə qalstuklu həmkarları onu buraxmaq istəmədi:
– Yoldaş Ələsgərov, ayıb olar ki, o qədər yol gələsiz, amma qonağımız olmayasız.
Uzun çək-çevirdən sonra Ələsgərovu razı sala bildilər.
Məclis nə məclis! Aslan ömründə belə gözəl bəzənmiş süfrə görməmişdi. Ayı ətindən tutmuş fransız şərabına, tut arağından tutmuş ceyran ətinəcən hər şey var idi.
Hərdən gözaltı içkilərə baxır, lənət şeytana deyib nəfsini boğmağa çalışırdı.
Başçı bir-iki qədəhdən sonra qəflətən Aslana baxıb qışqırdı:
– Sən niyə içmirsən,əəə?
– Yoldaş Başçı…
– Ona da süz, ay uşaq!
Stolda əyləşənlərdən ən qıvrağı Aslan üçün tut arağından süzdü.
– İç, əəə. Cəld ol bir az!
Aslan əlləri əsə-əsə arağı birnəfəsə içdi. Sonra iki, üç, dörd…
Bu dəfə başçını maşına əyləşməsi daha da çətinləşdi. Qarnının yekəlyindən kabinəyə yerləşə bilmədiyi üçün Aslan kömək etdi. Başçı ayağını maşının içinə qoyan kimi kürəyindən basıb oturacağa tərəf itələdi. Qapını da möhkəm çırpdı.
Maşın irəlilədikcə Başçını kabinədə atıb-tuturdu. Bir neçə dəfə bu hal təkrarlandı.
– Oğul, bir az asta sür.
– Abdul qağa, sən işinlə məşğul ol.
Başçının rəngi ağardı. İndiyədək ona belə müraciət edən olmamışdı.
-Aslan, oğlum, yavaş sür.
– Otur oturduğun yerdə! Əbləh!!!
Səhəri gün Aslan “Poçt qutusu” hekayəsindəki Novruzəli kimi 30 gün müddətinə həbs edildi…
Share: