Gənclər təşkilatlarının sükut illəri – passivliyin arxasındakı səbəblər

Səlahəddin Əsgər: “Bu, bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır”

Azərbaycanda son illərdə gənclər təşkilatlarının fəaliyyəti sıfıra enib. Halbuki, vaxtilə siyasi partiyaların, yaxud partiyalara bağlılığı olmayan gənclər təşkilatları var idi ki, ölkədə fəallıqları ilə seçilirdilər.

Hazırda əksər siyasi partiyalarda ya gənclər təşkilatları yoxdur, ya da həmin partiyalarda gənclərlə əlaqələri rəhbərlərin təyin etdikləri müavinlər, yaxud müşavirlər qururlar. Siyasi fəaliyyətlə məşğul olan gənclərin nə iş gördükləri, nə üçün gənclər təşkilatlarının fəaliyyətinin bu qədər zəifləməsi ilə maraqlandıq.

Səlahəddin Əsgər
Səlahəddin Əsgər

VHP Gənclər Şöbəsinin müdiri Səlahəddin Əsgər milli məsələlərdə gəncləri aktiv olmağa çağırdı: “Hazırda partiyamızda 3 minədək gənc fəaliyyət göstərir. Ümumiyyətlə, partiyanın müxtəlif strukturlarında gənclər yer alıb və Gənclər Təşkilatında olan bir çox gənc sonradan partiyanın rəhbər strukturlarında təmsil olunurlar. Bu gün VHP Mərkəzi İcra Aparatına rəhbərlik edən Samir Əsədli zamanında Gənclər Təşkilatının rəhbəri olub. VHP Gənclər Təşkilatı ölkənin bir çox gənclər təşkilatları ilə əlaqələr qurub. Müsavat, Ümid, AXCP, AMİP kimi partiyaların gənclər təşkilatları, eləcə də NİDA və müstəqil gənclər təşkilatları ilə əməkdaşlıqlarımız var. Bir neçə dəfə birgə tədbirlər keçirilib, siyasi polemikalar aparılıb. Ölkədə gənclər təşkilatlarının fəaliyyətinin passivliyinə gəldikdə isə, bu bütövlükdə cəmiyyətin durumu ilə bağlıdır. Təbii ki, Qarabağ məsələsində, bir çox milli məsələlərdə gənclər aktivlik göstərməlidir. Bizim fəaliyyətimiz də əslində bu aktivliyi yaratmaq, gənclərin ölkənin ictimai-siyasi həyatına təsirini artırmaqdan ibarətdir”.

Araz Teymurlu
Araz Teymurlu

AĞ Partiyanın gənclərlə iş üzrə müşaviri Araz Teymurlu deyilənlərlə dolayısı ilə razılaşmır: “Gənclər nəinki Azərbaycan siyasətində, bütün dünyada siyasətin lokomotivini təşkil edir. Tarixən siyasi proseslərə nəzər salsaq görərik ki, dünyada baş verən bütün önəmli hadisələrdə gənclər aparıcı qüvvə olub, olmaqda da davam edəcəklər. Boşuna deyil ki, bütün siyasi partiyalar təşkilatlanmış gəncləri, tələbə gənclər təşkilatlarını və s. öz sıralarında görmək istəyir. Siyasi partiyaların enerjisi, gücü, motivasiyası gənclərin çiyinləri üzərində olur. Bildiyiniz kimi, AĞ Partiya Azərbaycan siyasi səhnəsində  digər partiyalarla müqayisədə yeni qurulmuş partiyadır. Belə olmasına baxmayaraq, kifayət qədər çəkisi olan və günü-gündən güclənən partiyadır. Bu nüansı boş yerə vurğulamadım. Çünki partiyamızın rəhbərliyində təmsil olunan şəxslər zamanla ölkənin ən böyük siyasi partiyalarından olan bir təşkilatın gənclər qollarında yetişmiş, ciddi siyasi fəaliyyətlə məşğul olmuş şəxslərdir. Bu siyasi təcrübə bu gün partiya quruculuğunda və fəaliyyətində öz sözünü deyir. Partiyamızın gəncləri təşkilatlanmaqla, gücünə güc qatmaqla, ölkəmizdə yetişən gəncliklə işləməyin yolunu tapmaq üzərində çalışır. Gördüyümüz işlərə baxacaq olsaq rahatlıqla deyə bilərik ki, bu sahədə nəticə də əldə edirik. Əlbəttə, daha böyük işlər üçün müəyyən zaman lazımdır. Hər bir AĞ Partiyalı gənc məsuliyyətini dərk edir, ideoloji cəhətdən hazırlıqlıdır, daima öz üzərində işləyir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Share: