Vladimir Korotkeviçin şeirləri Nizami Bayramlının tərcüməsində

 

Vladimir Korotkeviçin şeirləri Azərbaycan dilində
 
Vladimir Semyonoviç Korotkeviç ( 1930 – 1984 ). Belarus sovet yazıçısı, şair, dramaturq, ssenarist və publisist.
Belarus ədəbiyyatının klassiki.
 
Gənc şair Nizami Bayramlı Odlar Yurdu Universitetinin “Filologiya”(Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə təhsil almışdır. Hazırda Bakı Slavyan Universitetinin Türk Araşdırmaları Mərkəzində işləyir, əlavə və qiyabi təhsil şöbəsində “Beynəlxalq Münasibətlər” ixtisası üzrə ikinci ali təhsil alır. Universitetdə Gənc Yaradıcılar Klubunun sədr müavinidir.
Vladimir Korotkeviçin yaradıcılığı ilə BSU-nun Belarus mərkəzində keçirilən tədbirlərin birində tanış olmuş, İnternet vasitəsilə bir neçə şeirlərini tapıb, Azərbaycan dilinə tərcümə etmişdir. Tərcümə sahəsində ilk təcrübəsidir.
V. Korotkeviçin 90 illik yubileyi ərəfəsində Belarus yazıçısının bir-neçə şeirinin tərcüməsini Nizami Bayramlı bizə təqdim etmişdir.
 
 
“Şübhəsiz gözəldir yazılan sətir…”
 
Şübhəsiz gözəldir yazılan sətir,
Ölməz ruhlu şeirdə, şairlər əbədidir.
Xeyirxahdı bu dünya,
Mən bu dərdli dünyadan,
Bir gün köçüb gedəndə,
Yazdığım şeirləri,
Dənizlərin diliylə,
Ulduzların diliylə,
Dünya təkrar edəcək.
Lap dünya da olmasa,
Belarusum edəcək.
Bu mənə bəs edəcək.
 
“ Peşmanlığa gərək yoxdu, əlvida…”
 
Peşmanlığa gərək yoxdu, əlvida,
Sonra başqaları çəkər əzabın.
Aya bənzər bu sevginin işığı,
Mənə verib xeyir-dua savabın.
 
Əllərinsə günəşli bir nağıldır,
Mərhəmətdən başqa dünyada nə var?
Nəvazişsiz, soyuq günəş olurmu?
Nəyə gərək odu sönən dodaqlar?
 
 
YADIMDASAN
 
Göz-gözü görməyən yay gecəsiydi,
Dumanın bir teli düşdü çöllüyə.
Lələk kimi yanağıma toxundu,
Bənzədirəm onu həzin küləyə.
 
Məni niyə sığallayır, o kimdi,
Kimin ahı idi, gəlirdi yerdən?
Bəlkə elə ən yaxın əzizimdi,
Məni görmək üçün gəlib qəbirdən.
 
Bəlkə zərif, incə nəfəsə dönüb,
Həzin gecə küləyinə bənzəyir?
Yəqin gəlib əzabdan qurtarmağa,
Tənha dostum, mən yanındayam deyir?
 
Sənin mənə həfif toxunmağını,
Dərdlilərtək, içirəm şərab kimi.
Hanı həmin saçlar, həmin hamarlıq,
Hardadır nəfəsin, hardasan indi?
 
Haradasan? Nəfəsinçün darıxdım,
Deyəsən ömürlük yoxa çıxmısan.
Tənha bir dumanın telisən indi,
Gözlərdən itmisən, sanki yoxmuşsan.
 
Nədir bu? Bu səslər haradan gəlir,
Bunlar həmişəlik getmiş ahlardı?
Əllərini küləklərə açaraq,
Səsini eşidən bir insan vardı.
 
 
QIROV
 

Daha qış meşəsi arxada qaldı.

Kirşənin altında qar xışıldayır.

Gözlərin mavisi başqasınındır,

Sevdiyim gözlərə başqası baxır.

Zərif səs yayılır qaranlıq yerə,

Qaranlıqdan gələcəyim görünür.

Əlinin altından mənə bax sən də.

Gözləmə, batıram, ruhum sürünür.

Səslə məni, uzaqları görəndə.

Çapır ürəyimi, kirşə neyləyir?

Bilmirəm sonrası olacaq nələr,

Kədərim elə bil bir musiqidir.

Qarın çırpıntısı havaya qalxır,

Gözlərə uzaqdan görünmür kirşə.

Mahnı göndərirəm mən arxanızca,

Sizə gedib çata sədası, bəlkə.

Bəlkə çata, öpə kirpiklərindən,

Öpə dodağını, göz qapağını.

Nəyi ki, mən, əbədi itirmişəm.

Duya biləm mahnıyla sorağını.

Bu mahnı da şamların arasından,

Budaqları bir anlıq titrədəcək.

Yolunu azmış, o lal mahnı deyəsən,

İzinizi qırov ilə örtəcək.

Sin descripción disponible.
Share: