Canım Kəlbəcər, gözüm Laçın, ürək Masallı… – Əkbər Qoşalı yazır

HƏFTƏSONUNA SÖZARDI
Canım Kəlbəcər, gözüm Laçın, ürək Masallı…
Ötən həftəsonu paytaxtımızdakı bir sıra dükanlarda çörək və bəzi ərzaq məhsulları ilə bağlı basırıq yaşandı. – Təəssüf ki yaşandı; o basırıqlardan videolar, şəkillər çəkildimi? – çəkildi; o çəkilişlər sosial şəbəkələrin Azərbaycan seqmentini bürüdümü? – bürüdü, təəssüflər, bürüdü… Ancaq beləmi olmalıydı? – Olmamalıydı, olmaya bilərdi, daha da olmasın zatən, olmasın!
Mən paytaxtdan uzaq bir dağ köyündə böyümüşəm; gözümüzü açandan el-obanın, necə deyərlər, bir-biri ilə dolandığını, yəni kimdə nə çatışmırsa, qonum-qonşunun həmin ailəyə o çatışmazlığı hiss etdirməməkçün könülxoşluğu, əlaçıqlığı ilə necə yardımlaşma içində olduğunu görmüşük. Özəlliklə, dar günlərdə, ayrıca, ağır məclislərdə, toyda-düyündəki haraylaşmalar, köməkləşmələr, ev yiyəsindən daha artıq çalışmalar… sözün həqiq anlamında HADİSƏ idi. Belə görmüş, belə öyrənmiş, belə də sevmiş və böyümüşük..! Bu zövqü-səfanın, xeyirxahlıq insti¬tutunun bütün Azərbaycan ellərinə aid olduğuna heç şübhə eləmirəm; bəlkə başqa ellərimizdə bizim el-obadan daha artıq, daha dərin, daha üfüqügeniş yardımlaşmalar olub, var, olacaq! – Əlbəttə, Bakımız başda olmaqla!
Bizim mənəvi sınırlarımız rəsmi sınırlarımızdan çox böyükdür və Azərbaycan ruhu hər yerdə öz varlığını sürdürür,s ürdürməlidir. Borçalı, Dərbənd, Təbriz, Ərdəbil, Kərkük… – hansı elimiz qonaqpərvər deyil, canayaxın deyil? – Azərbaycanımızın hər yerinə, qıraqda qalan yerləri də daxil olmaqla, hər yerinə can qurban! Biz özümüzü balaca görməməliyik, bizim mədəniyyət iqlimimiz ən azı aid olduğumuz coğrafiyaya hakim olub, yenə o iqlimdəyik, gələcəkdə iqlimimizi daha təmiz, özgüvənli (mənəvi cəhətdən bütöv) tutmaqçün hər birimiz öz yerimizdə, öz ürəyimizdə, öz işimizdə və də, öz “smartfon”umuzda, bilgisayrımızda örnək davranış göstərməklə, böyüməyimizə, qalxınmamıza xidmət içində ola bilərik. (“Qıraqda qalan yerlərin” gözü də, Bakıdadır, dünya azərbaycanlılarının tarixi dəyəri, şansı və ümidi, inamı – Müstəqil Azərbaycan Respublikasındadır.) Bəli, böyük işi hər kəsdən gözləməyək, ancaq ufacıq işlər var – onları etməməyin bəraəti yoxdur, bəhanəsi heçdir…
***
Yaxşı, bəs ötən həftəsonunun sosial şəbəklərcə tirajlanan məlum naqolay çəkilişlərini edənlər nə demək istəyirdi, əcaba? O çörək basabasında iştirak edənlər, toplam neçə nəfər olar? – bütün çəkilişləri iki, üç dəfə artırsaq belə, əhalimizin ümumi sayının çox çox kiçicik bir faizi alınar, elə deyilmi? – bu, bir; ikincisi, guya başqa ölkələrdə, başqa xalqlarda bu və bənzəri olaylar olmayıbmı, olmurmu və də olmayacaq deyə bir qarantiyamı var? Yoxsa, doğrudan da, “qonşunun toyuğu qonşuya qaz görünür”mü… “özgələr şirin olur”mu?.. Mən o basabası, görməmişliyi edən həmvətənlərimizi qınamaqdan daha artıq, o görməmişliyi millətin sifəti kimi göstərənləri qınayıram – əslində, heç onları da qınamıram, sadəcə anlayışa, məsələyə bir başqa bucaqdan baxmağa çağırıram. Bəlkə, o çörək basabası salanlardan kiminsə yaddaşındakı keçmişə dayalı bir göynərti oyanmışdı? Bəlkə, qonum-qonşusunda kimlərsə ordakı birindən çörək gözləyirdi – o da, ona ümid olanları naümid qoymamaqçün hisslərini cilovlaya bilmirdi? Olmazmı? Bəlkə, savadı, dünyagörüşü çatmır birisinin? ( –Bəlkə, o “basabas çəkilişləri”ndə üzü görünənlərin yaşadığı, işlədiyi yerlərdin məsulları, məmurları bir zəhmət çəksin, onların qapısını döysün bugünlərdə, uhulət və suhulətlə onların yaşayışı ilə maraqlansın, çatışanı-çatışmayanları ilə tanış olsun, bir “yol xəritəsi” müəyyənləşdirisin? Olmazmı? – Şəkili dostlar demiş, “bal kimi olar”!) Axtarsaq, bəraət üçün səbəb tapa bilərik, ancaq bəraət axtarışından daha çox, məhz anlayış, anlayış, anlayış deyərdim. – O anlayış ki, Hacı Vəli Bektaşi ocağının Gənc Abdalı onu yüzilər öncə belə ifadə edib: “Gördüyünü ört, görmədiyini demə”! Yoxsa, hər şeyə, “dünyanın axırı”, “biz düzələn deyilik”, “biz beləyik”… kimi aşağılıq kompleksindən əziyyət çəkərmişcəsinə baxmaqla bir yana çıxa bilmərik.
Açığı, bir az da, satira-yumor şakəri, azarkeşliyi, mərəzi var canımızda sanki. XX yüzil klassiklərimizi rəhmətlə anarkən, ədəbiyyatımızda kəskin satira, özünütənqidin sanki dozunu qaçır¬mışıq kimi gəlir mənə. Ay qardaş, ay bacı, bu millətin yaxşısı, kübarı, gözütoxu, xeyirxahı yoxdumu heç, yoxdumu? Mən heç uzağa getmədən, yaxın günlərdən, yaxın adamlardan bir-iki söz deyim. – Karantin dövründə respublika üzrə bəlkə də onminlərlə ailəyə açıq-gizli yardımlar oldu – o yardımları edənlər, yüzlərlə dükandan “borc dəftəri”ni götürüb, bütün borcları ödəyənlər… bu millətin bağrından çıxanlar deyilmi? Metroda işıq sönəndə, cibindəki son manatlarla aldğı su bağlamalarını pəjmürdə sərnişinlərə paylayan Əziz Əlibəyli, evində “qoruyucu maska” tikib, Zabratda əhaliyə paylayan Rauf Qərib Alagöz, imkansız ailələrdən olan neçə tələbənin təhsil haqqını səssizcə ödəyən Hacı Mübariz Hacıoğlu… – bunlar Marsdan gələnlər deyil, elə deyilmi?
Ədəbiyyatda, sənətdə, lap elə siyasətdə insanlara, münasibətlərə, olaylara və s. baxışın üç əsas xətti var
-çatışmazlıqları qabartmaq, tənqid etmək;
-yaxşıları görmək, tərif-təqdir etmək;
-həm tənqidi, həm tərifli məqamları demək…
Bəlkə bir də, Aristotel məntiqindən bizim Lütfüzadənin məntiqinə keçək? – Dünyanın qəbul etdiyi, tətbiq etdiyi məntiqə – “qeyri-səlis məntiq”ə… – Ən məqbul variant kimi görsənən üçüncü – “orta yol”un da, elə çaları var, rəhmətlik Rəsul Rzanın “Rənglər”i misalında orda ümid çaları, inam müəyyənliyi, mətin addım hasil edə bilərik. Bilirsiz, millətin qəhrəmanı varsa, var, yoxa, onu yaratmalıdır; millətin kəm-kəsiri varsa, onu adlamalıdır, millətin hələ-hələ öz müstəqil dövləti varsa və “mövzu-bəhs Vətənsə” – Vətən amalısa, geridə qalan hər şey – Atatürkün məşhur sözü ilə desək, təfərrüatdır, tə-fər-rü-at..! Deyə bilərsiz, ikigünlük “evdə qal” rejiminin “Vətən mövzu-bəhs”inə nə dəxli? – A qardaşlar, qlobal pandemiyanın üçüncü – elanolunmamış müharibə olduğunu görmürükmü? – Bu elan olunmamış müharibə, illərdir sürə gələn digər – daha ağır nəticəli “elanolunmamış müharibə”nin nəticələrini ardan qaldırmadğımız zamanda yaxala¬ma¬yıbmı bizi? Daha nə olsun?! İkiqat “elanolunmamış müharibə”nin “mövzu-bəhsi” nə olmalıdır? – Ermənistanın Azərbaycan torpaqlarının işğalını aradan qaldırmaqçün dövlətin zirvəsi və vətən¬pərvər gənclər ordumuz, ümumən xalqımız birlik içindədir – belə görür, belə inanırıq! – Əks tədirdə yazmağın, danışmağın da bir dərin anlamı qalmazdı bəlkə. O zaman dövlətin budu-burda – paytaxtda, Abşeron yarmadası, Gəncə və Lənkəranda məcburən tətbiq etdiyi və cəmi ikigünlük qadağaya dözmək nə zülümdür axı? – Dünyamı dağıldı? – O asayişi qoruyan əsgərlərimizə, polisə həqarət yadğıranlar, o həqarəti tirajlayanlar… bir düşündümü ki o oğulları bugün asayişə təhkim edən dövlət baba, sabah-birisigün öncəbhəyə də təhkim edər. – Kimə həqarət edirik? – Özümüzü qroyanalaramı? Virusmu yaxşıdr, polismi?
Və uzun sözün qısası…
Yazının girişində öz el-obamdan yazdım. Bir-iki söz də yazım, keçim başqa gözəl ellə¬ri¬mizə.
Milli Ordu yaranmamışdan öncə, kəndimizin cavanları, az sonra rayon polisindən təhkim olunmuşlar özünümüdafiəni təşkil edirdi. Rayondan təhkim olunmuş polislərin qonaq getməyə çatdırmadığını, incik camaatın könlünü, “ay əmi, vallah, sizə də gələcəyik”, “a bibi, qadan alem, gələn dəfə sizdə çörək kəsərik”… demələrini xatırlayıram… Sonra Milli Ordu əsgərləri gəldi. Mən artıq tələbəydim, ara-sıra kəndə gedincə, şəxsən atam-anam rəhmətliklərin “a bala, heç nə də olmasa, bir isti xamralı, bir çtəkan çay verin” deyə, özləri evdə olmayanda belə ev əhlinə öyüd-tapşırıq verdiyini unutmaram. – Yoldan keçən əsgər valideyinləri, əsgər yaxınlarının “meh¬manxana” axatarmasına ehtiyac yoxdu – kənddə mehmanxana da yoxdu zatən, ona ehtiyac da! – Hər evin qışda isti, yayda sərin “qonaq otağı”, açıq süfrəsi onları gözləyirdi… O polisə, o əsgərə dövlət özü ərzaq təminatı verirdi, o əsəgər yaxınlarının öz heybələri, bağlamaları olurdu – onlar özlərinə qalsın – kəndin urvatı, elin gələnəyi vardı, var, var da olacaq! Bu, bir elin yox, bir xalqın ruhudur, ruhunun cəsarətidir.
Ancaq mən heç də, öz kəndimdən, öz elimdən, gözəl Tovuzumuzdan danışıb, özünəvur¬ğunluq eləmirəm, əstafürullah! Hətta, indi əziz oxucuma bir təklifim var: öz rayonumuz, rayonumuza bitişik rayonlar sadalanmadan, canımız Azərbaycanın, bizə görə üç ən çörəkli, qonaq¬pərvər, xeyirxah, əltutan elindən söz açaq. Olarmı? – Sizi inandırım, o qədər gözəl faktlar, kövrək xatirələr, qəlb titrədən hadisələr meydana çıxar, ötən həftəsonunun basırıq xəcalətini örtər gedər… Mənim üç rayonum: Kəlbəcər, Laçın, Masallıdır.
Kəlbəcər və Laçın məcburi köçkün rayonlarımızdır, amma siz bircə kəlbəcərlillərin, laçınlıların ürəyigenişliyini görərsiz! A kişi, qaçqındı, didərgindi, məcburi köçkündü, ev-eşiyindən bir çöp də götürüb gətirməyib, amma yenə ev olub, yenə yurd salıb, yenə çörəklidir, yenə ürəklidir, yenə..! Mingəçevir səmtindən keçdinmi Elşən Əzimin çörəyini kəsmədən ötüşə bilməzsən; Şəməkirdə olduğunu bilən Elməddin Nicatı küsdürməməkçün illa da süfrəsinə oturmalısan; Rövşən Hüseyn gənc qağamın adına el arasında zatən “Çörək Rövşən” deyirlər. – Bu kəlbəcərli balası karantin başlayan gündən Hökməli dairəsindəki “İsti Təndiri”ndə ehtiyacı olanlarçün pusluz çörək bölümü ayırdı, elan verdi, dönə-dönə sosial media hesabından çağrış etdi. Hələ bizim Kəlbəcərli sayt redaktorarı! – Ünvanına gündə on yazı da göndərsən, geri çevirməzlər – “of” de¬məzlər, təşəkkür edincə də, eləcə, “qağa, borcumuzdur” deyər, təvazökarlıq göstərərlər.
Laçınlılar bir başqa qiyamətdi. Çətin doxsanıncı illərdən tanıdğım Arduşlu Kərim müəllim (rəhmətliyin) oğlanlarını, o qaçqın-köçkün canları ilə, həmişə tay-tuş arasında “hamıdan qabaq hesab verən” gördüm, ürəkli gördüm, çörəkli gördüm.
Hacı Mehmanın gecəynən yağan qalın qardan sonra qonum-qonşunun bağlı qapılarına “çörək torpbası” keçirdiyinin şahidiyəm.
Bir də Masallı! 12 il bundan öncə 3 ay başa-baş Masallıda olmuş, masal kimi günlər gör¬müşəm. Canım Masallı, gözüm Masallı, comərd Masallı! Tələbəykən Masallıdan otaq yol¬daşım olub, sonra qonşularım olub, dostlarım olub və nəhayət 3 ayım Masallıda keçincə, o camaatın necə ürəkli, qonaqpərvər olduğunu biəvasitə, dərindən-dərinə görmüşəm. İnsana elə münasibət gös¬tə¬rirlər, kitaba-dəftərə sığası deyil – rəhmətlik İli dayıdan tutmuş Nilalovlu ağsaqqallardan dəli-dolu cavanlaradək ürəkdilər, ürək! Bir-bir ad çəksəm, gərək salamlaşdığım hər kəsin adını çəkəm! Hamısına eşq olsun! Təsəvvür edin, biz qalan evə hər gün bir neçə evdən pay-püş gələrdi, isti yemək gələrdi – ha etiraz et, ha geri çevirmək istə, ha əsaslandır ki gərək yoxdu! – Səni eşidənmi var? – “Qonaqsız, bala” – deyildimi, başqa söz işə yaramazdı.
Deməsi ayıb olmasın, Masallıyadək nə yazmışdımsa, bir o qədər o gözəl ürəklərdən ilham alıb şeir yazdığımı xatırlayıram. Xatirləri bugün də əzizdir, hələ də bir-birimizi arar, ovqatlaşarıq.
Kəlbəcər, Laçın, Masallı! – Mən çox az misal dedim, az ad çəkdim, ancaq hər ellikcə var olsunlar, şen olsunlar!
İndi növbə sənindir, əziz oxucum, sən də öz seçdiyin, ürəyinə yazdığın el-obalarımızla bağlı xatirələrini çözələ, arzularını de, istəklərini yaz. Qoy, ölkəmizi gözəlliklərə doyduraq, gözəlliyə bürüyək, gözümüzü-könlümüzü xoş edək.
Salam-sayğılarla,
Sizin Əkbər QOŞALI
Share: