Nə adamlar öldülər bu yiyəsiz ölkədə, Üstü soyuq torpağa nə tabutlar uzatdıq

Mirbağır BÜNYATOV

” Azadlıq “

Bir az qaraqabağdım o zamanlar, bilirsən,
Üstümdən kir yağırdı, üz – gözümdən kobudluq.
Müharibə dövründə biz günəşi görmədik,
Nə vaxt havaya baxdıq, hava tutqun buludlu…

Botanika dərsində bitkiləri görəndə,
Gözümüzlə kitabın səhifələrin yeyərdik.
Biz savaş uşaqları, corabı da tapmazdıq,
Tapanda da hərəsin bir başqa rəng geyərdik..

Qoca palıd ağacının kölgəsi Vətən idi,
Vətən idi çörəkçün üz tutulan çarşı da..
İllərdir küsdüyümüz qonşu da Vətən idi,
Nə qədər ki, qaraşın o qız vardı qonşuda…

Fəsillər də yerini dəyişmişdi, ilahi
Atam çıxıb gedəndən bahar da qış edirdi.
O qabar barmaqları savaş bitəndən sonra,
Hey üst – üstə gəlirdim, yenə də beş edirdi…

Gözü yol çəkən nənəm hey deyirdi, darıxma.
Darıxmaq da bir dərddir, dərd adamı qocaldır.
Ət görməyən evimizdə belə təsəlli vardı;
Qocaldır ət adamı, ət adamı qocaldır…

Nə adamlar öldülər bu yiyəsiz ölkədə,
Üstü soyuq torpağa nə tabutlar uzatdıq!
Bütün gedənlərin də bir səbəbi var idi,
Bütün qalanların da bir səbəbi – Azadlıq!!!

Share: