Ölmə, Vaqif Bayatlı, ölmə!

Vaqif Səmədoğlu torpaq altındadı, Əkrəm Əylisli qınaq altında, Ramiz Rövşən dörd divar arasındadı. Nə haqq dünyasına gedənlərin, nə yalançı dünyada qalanların arasında yoxsan.

Hardasan, Vaqif Bayatlı?! Bizim şairimizi: yaşıl köynəkli oğlanı, qonşu toyuna on hasar o yana oynayan o uşağı götürüb hara getdin?!

Səninçün növbədənkənar darıxmağım tutub, səni gündəmdənkənar yad etmək istəyirəm. Buralarda adamları doğum və ölüm günlərində topdan və pərakəndə xatırlayırlar, bir də fövqaladə hallarda.

Ölmə, Vaqif Bayatlı, ölmə!

Bizim bu çirkli gündəmimizə gəlmə, Vaqif Bayatlı, gəlmə.

Bilmirəm, o iki dünyanın arasında nə qədər rahatsan, sənin olduğun o “Bermud üçbucağında” çəkisiziliyin hansı fəslidir, amma heç sən də buralarda nə baş verdiyini bilmə, Vaqif Bayatlı, bilmə.

Yenidən hazırlaşıb ikinci dəfə imtahan vermək istəyən tələbənin müəllimini görmək istədiyi kimi görmək istəyirəm səni. İndi mənə aydındı, “yaxşı adamları lap çox, pisləri də heç olmasa bir az istəmək” nə deməkdi. Mən indi bilirəm, pisləri heç olmasa bir az istəmək əslində necə “daşınmaz” bir sevgidi. Mən indi sevincin bütün antonimlərini, ruhun bütün notlarını, hissin bütün çalarlarını öyrənmişəm. Mən indi bilirəm, gül düzəltmək istədiyin adamları gildən düzəltmək necə ağırdı. Biz axı şair idik, niyə hər tərəfimiz heykəllərlə doldu?! Bəlkə, bu sualın cavabını bilirsən, amma sən yenə də dinmə, Vaqif Bayatlı, dinmə.

Bu yaxınlarda Musa Yaqubun gözlərində çarəsizliyin şəklini gördüm. Sözün bitdiyi yerdə dayanıb hər şeyi sözsüz anlamaq dərdi də varmış şairlərin. Ordan o yana nöqtədi, ordan o yana susar şairlər. Yorulub silahını atan döyüşçülər kimi.

Hərdən Sabir Rüstəmxanlıyla dərdləşirəm. Mən mübtədanı ifadə etməmiş, o, cümlənin xəbərini deyir. Və bir daha anlayıram ki, bu dünyada mütləq həqiqət var, mütləq var. Biz onu özümüzdən uzaqlaşdırmaq üçün gah pafos, gah obrazlılıq, gah sentimentalizm, gah bədiilik adlandırırıq, qaçıb içimizdəki soyuqqanlılığa, reallığa qısılırıq. Elə qapını örtüb içəri girən kimi həqiqət bizə pəncərədən baxıb göz vurur.

Ona görə də bütün yaşlarda, bütün bədənlərdəki şair ruhları darıxır sözün bütün mənalarında. Mən onların haqlı olanını lap çox, haqsız olanını da heç olmasa bir az anlayıram. Və bu yazıda adını çəkdiyim və çəkmədiyim bütün yazıçılarımı itirməkdən qorxuram. Onlar mənim uşaqlıq xəyallarımın sərkərdələri idilər. Mən döyüşün sonunda sərkərdəsiz qalmış bir əskər kimi başıma güllə sıxmaq istəyirəm.

Yəqin çox ağır hissdi başına güllə çaxmaq istəyən əsgərin sərkərdəsi olmaq.

Elə buna görə də gəlmə, Vaqif Bayatlı, gəlmə.

Share: