Sosial şəbəkələr şər qüvvələrin əlində şər platformasına çevrilir

Birləşmiş Ştatlar prezidenti Donald Trampın sosial şəbəkələrə nəzarətin gücləndirilməsi ilə bağlı verdiyi qərar sıradan bir qərar deyil. Hələ 1996-cı ildə qəbul edilmiş “Kommunikasiya Müdafiə Aktı”nın 230-cu paraqrafının fəaliyyətinin dayandırılması ilə bağlı Trampın qəbul etdiyi bu qərar təkcə ABŞ-ın özü üçün deyil, eyni zamanda bütün dünya ölkələri üçün də mühüm əhəmiyyət daşıyır.

Belə ki, ABŞ prezidenti öz qərarında göstərir ki, sosial şəbəkələrin nəzarətdən kənarda qalması dövlətin təhlükəsizliyi üçün son dərəcə ciddi təhdidlər yaradır. Bura Tvitter, Feysbuk, İnstaqram, Teleqram və digər beynəlxalq miqyaslı sosial şəbəkələr daxildir. Məsələ burasındadır ki, Trampın qərarı ilə ləğv edilən sözügedən paraqrafda göstərilirdi ki, texnoloji şirkətlər və ya sosial şəbəkələr yayılan istənilən məlumatın məzmununa və dezinformasiya olub-olmamasına görə məsuliyyət daşımırlar. Lakin ABŞ prezidentinin bu son qərarından sonra texnoloji şirkətlərin və sosial şəbəkələrin bu cür “bespredel”liyinə son qoyulacaq və bundan sonra onlar da hüquqi məsuliyyət daşıyacaqlar. Bu isə o deməkdir ki, artıq sosial şəbəkələrin dərəbəylik dövrü bitəcək və onların “dövlət içində dövlət” olmaq iddialarının qarşısı birmənalı surətdə alınacaq. İndi heç bir sosial şəbəkə öz platformasında öz istifadəçilərinin yaydığı qeyri-dəqiq, “feyk” məlumatlara görə məsuliyyət daşımadığını iddia edə bilməyəcək.

Əslində sosial şəbəkələrin fəaliyyətinin bu şəkildə tənzimlənməsinə çoxdan ehtiyac yaranmışdı. Burada söhbət təkcə ABŞ-dan getmir. Yuxarıda adlarını qeyd etdiyim şirkətlərin baş ofisləri ABŞ-da yerləşsə də, lakin bu şirkətlər dünya miqyasında şəbəkələşdiklərinə görə, bütün ölkələr bu və ya digər şəkildə sosial şəbəkələrin özbaşınalığından doğan çeşidli problemlərlə, fəsadlarla üzləşirdilər. Elə bizim öz ölkəmizdə də zaman-zaman bir sıra daxili-xarici qüvvələr, radikallar sosial şəbəkələrdən cəmiyyətdə çaşqınlıq yaratmaq, yalan məlumatlar yaymaq, bu və ya digər tanınmış şəxsləri, dövlət xadimlərini gözdən salmaq, dövlətə və onun konstitusion quruluşuna qarşı təşəbbüsləri gerçəkləşdirmək üçün istifadə ediblər.

Sosial şəbəkələrin birləşdiricilik missiyası da boş bir illüziyadan başqa bir şey deyil. Əsl həqiqətdə isə bu şəbəkələr bir çox hallarda cəmiyyətdə fikir ayrılığı yaratmağa, nifaq salmağa, ölkədə vətəndaş həmrəyliyinin formalaşdırılmasına mane olmağa xidmət edib. Kimlərsə sosial şəbəkələrə yalnız və yalnız dezinformasiya yaymaq məkanı kimi baxır. Başqa sözlə desək, sosial şəbəkələr şər qüvvələrin əlində şər platformasına çevrilir. Lakin ABŞ prezidenti bu şərin qarşısının alınması istiqamətində ilk və həlledici addımı atdı. Belə demək mümkünsə, Trampın bu addımı yaxşı mənada presedent yaratdı. İndi sosial şəbəkələr üzərindən təxribatçı dezinformasiyaların yayılmasının və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılması prosesi sürətlənəcək.

Əlisahib Hüseynov – 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: