ABŞ-ı etirazların yeni dalğası bürüdü: məsələyə Tramp da münasibət bildirdi

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ilə başlayan etirazlar ölkə üzrə iğtişaşlarla nəticələnib.

Xarici KİV xəbər verir ki, iğtişaşlar ölkənin digər şəhərlərinə də yayılıb.

Minneapolisdə etirazların növbəti günündə bir nəfər aldığı güllə yarasından ölüb. Belə ki, “Lombard” sahibinin mağazalara hücum etməyə başlayan etirazçıların aqressiv davranışlarına görə atəş açdığı məlum olub. Yaralı xəstəxanada ölüb. Yaralıların olduğu bildirilir.

Bundan əlavə, qaradərili insanlara yönəlik zorakılığa qarşı çıxan “Black Lives Matter” hərəkatının tərəfdarları Los-Ancelesdə toplanıblar. Dinc şəkildə başlayan etiraz mitinqi daha sonra iğtişaşlara çevrilib. Ardınca şəhərdə polislə ciddi qarşıdurma baş verib, etirazçıların bir qrupu şəhər polis idarəsinə aparılıb.

Xatırladaq ki, mayın 25-də saxta kuponla pul ödədiyi iddia edilən Floyd polis tərəfindən saxlanılarkən avtomobildən çıxarılıb və asfaltın üstünə uzadılıb. Daha sonra polis dizi ilə vətəndaşı boğmağa başlayıb. O, nəfəs ala bilmədiyini desə də, polis buna əhəmiyyət verməyib. Huşsuz vəziyyətdə xəstəxanaya aparılan Floyd orda vəfat edib.

46 yaşlı Corc Floyd Sent-Luis parkında mühafizəçi işləyib. Floydun dostları və tanışları onu xeyirxah, məsuliyyətli bir vətəndaş, faydalı işçi kimi xarakterizə ediblər.

ABŞ Federal Təhqiqat Bürosu Floydun ölüm səbəbləri ilə əlaqədar istintaq başlatdığını elan edib, onlar bu hadisədə vətəndaş hüquqlarının pozulmasını araşdıracaqlar. Şübhəlinin tutulmasında iştirak edən dörd polis əməkdaşı işdən qovulub. Minneapolis bələdiyyə başçısı Cakob Fray insidentlə əlaqədar şəhər sakinlərindən üzr istəyib.

ABŞ Prezidenti Donald Tramp da hadisəyə münasibət bildirib. Tramp deyib ki, onun təşəbbüsü ilə FTB və Ədliyyə Nazirliyi Corc Floydun kədərli və faciəli ölümünü hərtərəfli araşdırır.

“Mən Corcun ailəsinə və dostlarına başsağlığı verirəm. Ədalət zəfər çalacaq”, – deyə Tramp bildirib.

Hadisə ilə bağlı Donald Trampın yazdığı başqa bir tviti isə şiddətə çağırış olduğu üçün “Twitter” tərəfindən gizlədilib: “Bu quldurlar Corc Floydun xatirəsinə ləkə gətirirlər və buna imkan vermərəm. İndilərdə qubernator Tom Valtsla danışdım və hərbçilərin sonadək onunla olacağını dedim. İstənilən çətinliklərdə biz nəzarəti ələ alacağıq, amma talan başlayanda atəş başlayır. Təşəkkür edirəm!”.

Baş vermiş hadisə sosial şəbəkələrdə də geniş tənqid olunmaqdadır. ABŞ-ın məşhur basketbolçusu Lebron Ceyms “İnstagram”da foto paylaşaraq yazıb: “İndi siz başa düşürsünüz? Yoxsa hələ də aydın deyil”.

Daha sonra o, polisin Floydun boynunu dizi ilə sıxdığı fotonu və futbolçu Kolin Kaparnikin kollaj olunmuş birgə fotosunu paylaşıb.

Bundan öncə, Kaparnik milli liqanın oyunlarından birində ABŞ-ın himni çalınanda dizini yerə qoyaraq oturub, bununla da ölkədə irqi ayrı-seçkiliyə etiraz edib.

Floyd ABŞ Milli Basketbol Assosasiyasının sabiq üzvü Stiven Ceksonla dostluq edib. Cekson göz yaşlarını saxlaya bilməyib. O, Floydu qardaşı adlandırıb.

Dünya ulduzu Madonna da hadisəyə reaksiya verib. O, “Twitter”də yazıb ki, amansız qətllər bütün dünyada baş verir: “Oğlum David Corcun xatirəsini yad etmək, ailəsinə öz hörmətini bildirmək üçün rəqs edir. Və Amerikada gündəlik olaraq baş verən bütün irqçilik və ayrıseçkilik hərəkətlərini vurğulayır”.

Azvision.az xatırladır ki, Minneapolis şəhərində və ətrafında üç gündür dayanmayan kütləvi etirazlar səbəbindən fövqəladə vəziyyət elan edilib. Şəhər meri Yakob Freyin istəyi ilə Milli Qvardiyanın qüvvələri yerli hakimiyyətə kömək üçün göndərilib.

Hazırda ölkə üzrə etiraz aksiyaları davam edir.

***16:32

ABŞ-da fırıldaqçılıqda ittiham olunan Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsindən sonra Minneapolis ştatında başlayan etirazlar davam edir.

Etirazların üçüncü günündə aksiyaçılar polis idarəsinə daxil olaraq, orada yanğın törədiblər.

Polis isə aksiya iştirakçılarını gözyaşardıcı qaz və rezin güllələrlə ərazidən uzaqlaşdıra bilib.

Azvision.az xatırladır ki, Minnepolis ştatında fırıldaqçılıqda şübhəli bilinən Corc Floyd adlı şəxs polis tərəfindən öldürülüb. Belə ki, polis dizi ilə onun boynunu sıxıb. Bu zaman həmin şəxs dəfələrlə nəfəs ala bilmədiyini söyləsə də, polis buna məhəl qoymayıb. Bir müddət sonra Corc Floyd huşsuz vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis onun xəstəlikdən öldüyünü açıqlasa da, videodan görünür ki, şübhəli asayiş keşikçisinin tətbiq etdiyi zorakılıqdan həyatını itirib.

Share: