Son status – Südabə SƏRVİ yazdı

 

(Fərqanəsiz  Fərqanəli agrılarım…)

Çox çətindir yazmaq. Hardan başlayasan? Hardan? Nədən? Ürək doludur. Yaza bilmirsən. Axı dünyasını dəyişən sənin qələm yoldaşındır. Həm də vaxtsız-vədəsiz…Qələm əlində titrəyir. Ən agrılısı da budur. Ürək dolu ola-ola yaza bilməmək! Cavan bir bir şair köçüb bu dünyadan. Hələ gözəl-gözəl şeirlər çıxacaqdı  kövrək qələmindən. Yazacaqdı. Onun haqqında necə keçmiş zamanda danışasan? Dünənə qədər səninlə çiyin-çiyinəydi. Tədbirlərdə yanaşı oturardınız. Çoxunun şeirlərini dinləməyə həvəsin olmasa da, onun şeirlərini ürəklə  dinləyərdin. Çünki o, Fərqanəydi. Hamının qəlbində özünə yol tapmış Fərqanə.

Fərqanənin  adını hələ özüylə tanış olmamışdan öncə-25  il əvvəl  mügənni İsrayıl kərimovun bir mahnı ifasında eşitmişdim: sözləri Fərqanə Mehdiyevanındır.

Tale belə gətirdi ki, sonradan  onun nəinki özünü tanıdım, həm də qələm dostu olduq, bir yerdə çörək kəsdik.  Onu ilk dəfə Azərbaycan Yazıçılar Birliyində gördüm.  Bəstəboylu, itibaxışlı, qıvraq,  gözəl və gənc qadındı. (Sonradan xəstəlik bu gözəlliyi məhv edəcəkdi…)

Bu tanışlıq tam 20 ilə söykənir.

Onda günü-gündən nəyişə kəşf edirdim.  İlahi, bu xanım  şeirsiz yaşaya bilmirdi. Hər tədbirlərdə bəzən  özü söz alıb şeir söyləyirdi. Elə bil ürəyi partlayırdı. Və  bununla da rahatlaşırdı Gəncləri çox ruhlandırırdı. Neçə gəncin AYB-nin üzvü olmasına zəmanət yazmışdı.  Hətta  ən zəif şeirdə belə iki-üç misra tapıb yapışırdı ondan. Deyirdi, bax, nə gözəl yazıb.

Həmişə tələsirdi. Danışanda da, şeir deyəndə də. Yerişi də tələsik idi. Ölümə tələsirdimi əcəba?

Vəfatından az əvvəl mənə vatsapda göndərdiyi səsi dinləyirəm: ”Südabə, sən gəlib Ülfətin toyunda yaxşı iştirak etdin, inşallah mən də gəlib sənin oğlanlarının toyunda qol açıb oynayacam.”

Fərqanənin gur səsi ürəyimi üşüdür. Dəfə-dəfə dinləyirəm  Kövrəlirəm.

Bu sətirləri yazarkən evdə təkəm. Çiynimə xəfif uğultu toxuynur. Bu Fərqanənin ruhudurmu?

Ruhun üşüməsin, şair!

İnsanların bəziləri axirətə inanmırlar. Bununla da böyük günah edirlər. Bu dünya əbədi deyil və bunun o biri tərəfi də var. Necə, nə cür? Bu Yaradan Allaha  aid olan sirdir.  Bir həqiqət var ki, İnsanlar bu dünyada etdikləri yaxşı və pis əməllərə görə mütləq sorğu-sual olunacaqlar. Çünki “ O gün hökm yalnız Allahındır!” (Qurani-Kərim, Əl-Həcc surəsi, 56-cı ayə).

Fərqanə  Allahın seçilmiş bəndələrindəndi. Allah hər kəsə yaza bilmək bacarığı, istedad  nəsib etmir. Şeirlərində Allaha xitabən dediyi misralar,  bəndlər də var. Son vaxtlar Allahın adını daha çox çəkirdi.

Ölümünə inanmırdı. Baxmayaraq ki, “Daşyonanla söhbət”, “Şəkildi”, “Xatirə gecəmə gələcək dostlar”ı yazmışdı, amma ölməyi ağlına gətirmirdi. Yaşamaga çox həvəsliydi. Bilmirəm,yataqda olarkən son dəfə nə düşünüb, nələr keçib fikrindən, amma yəqin  ki, Allaha təvəkkül edib, övladlarını, nəvələrini, hətta gələcək nəvələrini  Allaha əmanət edib.

İnsan bəzən yaddaşlarda agrı-acılarıyla qalır. Onun bəlkə də vəfatından sonra bu qədər  sevilməsi, vəsfinə  şeirlər, məqalələr  yazılması bu ağrılardan doğur.

Çünki “Həyat ağlamaq qədər çətindir!” Bu sözləri böyük Hüseyn Cavid yadigarı Ərtogrul Cavid  ölüm yatağında olarkən söyləyib.

Dogrudan da, həyatın bizə hansı sürprizləri hazırlayacagını heç kim bilmir.

Mən onunla yaxın rəfiqə deyildim. Sadəcə dost, səmimi yoldaş  idim. Sözünü-sirrini,  kəlməsini bölüşdüyü dostları, çox yaxın rəfiqələri  vardı. Və heç şübhəsiz  ki,indən belə  Fərqanənin dostları məclislərdə, tədbirlərdə  Fərqanəsiz oturanda, səfərlərə onsuz çıxanda onun yoxluğunun acısını dəfə-dəfə yaşayacaqlar…  Mən belə düşünürəm.

Amma torpağın üzü soyuqdu. Nazim Hikmət demişkən: “Dost uğrunda ölmək kolay. Fakat uğrunda ölünəcək dostu bulmak zordur”.  Başqa bir şeirində isə xanımına müraciətlə yazır: “Senden sonra ölürüm, yaşayamam, yazırsan. Topragın üzü soyuqdur, karıcım. Ölmezsin,  yaşarsın, karıcım!”

Fərqanənin övaldları, həyat yoldaşı üçün onsuz yaşamaq nə qədər çətindirsə, amma  ruhunun xatiriinə səbrli olmalı, adını daim uca tutmalıdırlar. Gələn bir gün gedəcək. Biz hamımız qonağıq bu dünyada.

Buna görə də hər günümüzü şükür edə-edə son günümüz kimi yaşamalıyıq. Bəlkə onda  həyatı, ölüm adlı gerçəyii dərk edə bilərik.

Bəzi qələm dostları  ona  qarşı səmimi deyildilər. Ara qatmağa çalışanlar vardı.  Hər iki cinsdən. Vəfatından sonra isə onun səhifəsində  neçə-neçə statuslar paylaşdılar.  Nə qədər səmimidirlər, mən bilmirəm, Allah bilir, amma  “Rəhmətliyin ölümü məni niyə yandırır? Haqqınamı girdim, əcəba?” -sualı ətrafında baş sındırmaq lazımdır, əzizlərim!

Bu, tək Fərqanin ölümüylə bağlı deyil, bütün  dünyasını dəyişmiş yaxınlarımızın vəfatıyla bağlıdır. Yaxınlarımızı itirmək qorxusuyla yaşamırıq bəzən. İncidirik, qəlb qırırıq,ağrıdırıq, acı verirk.  insan dünyasını dəyişəndən sonra  isə otururuq ağlamağa. Gecdi artıq!

Cabir Novruzun məşhur “Sağlığında qiymət verin insanlara” misrasını hər daim qulagımızda sırqa etməliyik ki, sonra yaxınlarımızın, dostlarımızın ölümü bizi bu qədər yandırmasın.

Kimdənsə inciyəndə deyərdi: bu adam məni öldürəcək. Az sonra yenə heç nə olmamış kimi gülüb-danışardı. Qətiyyən kinli deyildi. Ürəyi təmizdi. Kinli olmaq zatən insanı içəridən yeyir, məhv edir. Kinli insanların sifəti də boz olur. Simasında nur olmur.

Fərqanənin siması nurluydu. İndiyəcən gülümsər sifəti gözümün önündən çəkilmir.

Sonuncu dəfə martın əvvəlində Yazıçılar Birliyində yazıçı Rafiq Şamiloglunun kitab təqdimatında gördüm onu. Yanaşı əylləşdik. Zahid Xəlil də yanımzdaydı. Dedi, Suduş, gəl bir şəkil çəkdirək. Çəkdirdik. İndi baxıram ki, onun gülən gözlərində dərin bir kədər gizlənibmiş  sən demə…

Çox keçməyəcək, martın 27-də belə bir status paylaşacaqdı: “Yatıram, ay adamlar…(((((((“  Dözə bilməyib yazacaqdım: “Can Fəqişim! Allah kömək olsun!” Cavabında 3 ədəd qırmızı ürək işarəsi düzüləcəkdi telefonumun mesaj qutusuna…

İnsan yaşa dolduqca ölümlər ona daha çox təsir edir. Cavankən bunun fərqində olmursan. Elə ki, nəslinin yarpaq tökümü başlayır, ölüm adlı gerçəyi dərk etməyə başlayırsan. Ölüm elə bir qonaqdır ki, qəfil də gələ bilər, insanı yatağa məhkum edərək də.   Agrı verə-verə də. Hamımızın son mənzili məzardır. Xüsusən qələm sahibləri dünyasını dəyişəndə mənə daha çox təsir edir. Uzun müddət özümə gələ bilmirəm. Sanki qohumumdur, əqrabamdır. Yox. Heç nəyim deyil. Bəs niyə üzülürəm onun ölümünə? Hələ intihar edən yazarlarımızı demirəm. Çox üzülmüşdüm!  Və çox düşünmüşdüm. Niyə məhz intihar? Allahın verdiyi cana qıymaq nə dərəcədə doğrudur?

Fərqanə isə həyatı çox sevirdi.  Bir aya yaxın yataqda oldu və yaxınlarının dediyinə görə rahatca da canını tapşırdı. Onun vəfatı xəbərini mənə elə qəfil dedilər ki… inanmadım.  Daha doğrusu, özümü inandırmaq istəmədim.

Onun gur sevgi dolu səsi bir daha Azərbaycan Yazıçılar birliyinin 4-cü mərtəbəsindən ta birinci mərtəbəyə qədər eşidilməyəcək.

Deyirdi, sənin kitabının təqdimatını mən aparacam. Qismət olmadı. Oglanlarının toyunda qol açıb oynayacam, bu da qismət olmadı.

Həyat bizə nə oyunlar oynayır, bilmirik. Bir dəqiqə sonra nələr olacaq, bunu da bilmirik. Bu, tək  Allaha aiddir. Qeyb Ona məxsusdur.

Fərqanəni bir neçə il yaşadan da onun şeirləri oildu.

Allah o qədər adildir ki, yeganə oğlu Ülfətin toyunu görməyi də ona nəsib elədi. Orda bir şeir söylədi Fərqanə. “Oglum Ülfətə” . Oglum, toyun mübarəkdi-deyirdi ana Fərqanə. Bu anlarda o necə də xoşbəxt idi…Xoşbəxtlik andır,saniyədir, saatdır. Xoşbəxtliyin ömrü çox azdır. Bəzən saniyələrlə yaddaşda qalır.

O insan xoşbəxtdir ki, özündən sonra iz qoyub gedir. Fərqanə onu tanıyanların, dostlarının qəlbində həm ağrı-acılarıyla, həm də sevgi, həyat dolu gülümsər baxışlarıyla, gözəl şeirləriylə əbədi  qalacaq!

Nur içində yat, əziz qələm yoldaşım, gözəl şair!

Ruhuna fatihə. Saygılarla.

 

 

Share: