FƏRQANƏLƏŞƏN  XATİRƏLƏR

Xatirələr, bəzən adamı elə çulğalayır ki, bilmirsən hardan başlayasan. Mən ona yaxşı deyə bilmərəm! Ona görə ki, o, çox gözəl insan idi, şeirləri də özü kimi çox gözəl idi, desəm  qəlbimə bir növ  təskinlik vermiş olaram.

Onu televizordan tanıyırdım. Şübəsiz, ilk olaraq  şeirləri onu mənimlə  tanış etmışdı.  Onda hərbi qulluqçi idim.  Söhbət   təxminən 2006-2007-ci illərdən gedir. Fizulı Hərbi Hospitalında hərbi həkim işləyirdim. Həmişə Bakıya gələndə kitab alırdım. Onun  “Payızın yanında gözlərsən məni” şeirlər kitabını da almışdım.

Həkim növbətcisi idim. Gecənin sakitliyində  kitab oxumağı sevirdim  deyə, həmin kitabı da özümlə götürmüşdüm.  Bir şeiri ovqatıma daha çox köhlənmişdi. Mən, gecə, və o şeir sanki təmas qurub xəstələnmiş əsgərlərin  keşiyini çəkirdik. Ondan sonra o şeir mənə daha da doğmalaşdı və müəllifi də mənə doğmalaşdırdı. Bu həmən şeir idi.

YAMAN YAZMALI GECƏDİ

Asta tərpən, asta yeri,
Bu da min gecədən biri.
Öz-özünə diri-diri
Qəbir qazmalı gecədi.

 

Bu gecənin günü qara,
Səsi qara,ünü qara.
Qaranlığı yara-yara
Sənə azmalı gecədi..

 

Adam axını görməmiş,
Uzaq, yaxını görməmiş,
Hələ yuxunu görməmiş
Durub yozmalı gecədi.

 

Çəkməyim dağ kağızlara,
Ölməmiş sağ kağızlara
Bükülüb ağ kağızlara
Yaman yazmalı gecədi…

 

Yaxından tanış olduqdan sonra bu şeiri daha çox sevdiyimi özünə də demişdim.

İlk yaxından tanışlığımız 2009-cu ildə,  bir yaz günündə “Ulduz” jurnalının redaksiyasında oldu. Onda redaksiya  müvəqqəti olaraq N.Nərimanov metrosu tərəfdə, tərcümə mərkəzində yerləşirdi.

10 il ədəbiiyatdan; daha doğrusu, mətbuatdan  hərbi xidmətdə olduğum üçün uzaq düşmüşdüm. İçimdə bir şeir yanğısı var idi. “Ulduz”un redaksiyasına  gələldim, özü də yazılar əlyazma şəklində idi. Fərqanə xanımla orda raslaşdım. Dedi, ”elə şeirə mən baxıram”, -gülər üzlə qarşıladı. Dəhlizdə qarşılaşmışdıq. Deyəsən evə gedirdi, elə dəhlizdə də xeyli söhbət etdik.

Sonralar tez-tez  ədəbi-bədi tədbirlərdə, ya Ulduz jurnalının redaksiyasında görüşə bilirdik.  Həm də həyat yoldaşı bizim rayondan olduğu üçün gülə-gülə, Gədəbəylilərin gəliniyəm deyirdi.

Sonra xəstələndiyini eşitdim. Hər görüşəndə  xəstəliyi barədə söhbət edirdik. Çalışırdım təsginlik verici, ümid verici nəsə danışım, sonra da deyirdim, “möhkəm ol, möhkəm olsan sən xəstəliyə üstün gələcəksən”. Görürdüm onda gözlərində ümid işartıları görünür, özündə inam yarada bilirdi.

Yazıçılar Birliyinə getmişdim, onu elə axrıncı dəfə fevral ayında sahil bağında gördüm. Kitabımın çıxmağını soruşdu. “Imkan olsa mənə də gətrərsən”,- dedi. Söz vermişdim, gətirərəm. Elə oldu, səhər naftalana qayıdası oldum. İndi çox pis oluram, necə olur olsun, kaş ona kitab aparıb verəydim.-fikirləşirəm.  Bəlkə təsginliyim  olardı.

Həmişəki  kimi onda da yenə bu sualı verdi. “Görəsən mən nə qədər yaşaya bilərəm”?  Yenə də təsginlik verdim. “Dözümlü olsan xəstəliyin dizini qatlayarsan,” – gülümsünərək dedim. Hardasa qəlbini oxşamağa çalışırdım. Hətta, Freyddən də misal gətirdim. Freyid 1917 -ci ildən 1934 cü ilə qədər cənə sümüyünün şişindən əziyyət çəkib, ən gözəl əsərlərini də həmin dövrdə yazıb. –demişdim.

“PAYIZIN YANINDA GÖZLƏRSƏN MƏNİ” şeirlər kitabını kitabxanamdan çıxarıb, daha doğrusu, köhnə xatirələri vərəqlədim. İndi düşünürəm, onda Fərqanə xanım bahar ömrünü yaşayırdı, niyə payıza bu qədər tələsirmiş?

Yaşamaq istəyirdi, yaşayıb yaratmaq həvəsi böyük idi. Tanrı verən ömrü əcəl əlindən çox tez qopardı. Bizim də əlimizdən rəhmət diləməkdən başqa heç nə gəlmir.

Qalib ŞƏFAHƏT

Share: