“İcra başçıları özlərini köhnə “raykomlar” kimi aparırlar” – Ona görə də ələbaxan vəziyyətə düşüblər…

Son günlərdə iki rayonun icra başçısının və digər vəzifəli şəxslərin həbs edilməsi ölkə gündəmini zəbt edib. Cəmiyyətdə maraqla qarşılanan amillərdən biri də odur ki, bir neçə ay əvvəl Ağstafa rayonunun icra başçısının həbs edilməsindən sonra həyata keçirilən bu cür yoxlamalar və həbslər hamısı demək olar ki, eyni senari üzrə davam edir. Belə olan halda haqlı sual yaranır: Doğrudanmı ən azı son bir neçə ayda bu icra başçıları “gözü çıxan qardaşlarına” baxıb “özlərii düzəldə” bilməyiblər? Onların bu əməllərini davam etdirmələrinin səbəbi nədir?

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, icra başçılarının belə davranması və onların həbs edilməsi müəyyən amillərlə bağlıdır.

Müstəqil.Az bildirir ki, Moderator.az-a açıqlamasında Sabir Rüstəmxanlı deyib ki, bu, ilk növbədə ölkədə yaranan ümumi siyasi ab-havanın nəticəsidir, ölkə başçısının son dövrlərdə yürütdüyü siyasətlə əlaqədardır:

“İkincisi, məmurların əksəriyyətinin özbaşınalığı o yerə gəlib çatıb ki, nə xalqın şikayətləri, nə ölkə rəhbərliyinin tapşırıqları- heç nə onlara təsir etmir. Bir neçəsi həbs edilib, hamısı da eyni məsələlərə görə. Amma heç biri baş verənlərdən nəticə çıxarmır. Bu, onların nə vəziyyətdə olduğunu göstərir.

Ona görə də bu proses ardıcıl olaraq getməlidir. Düşünürəm ki, tədricən yerlərdə hakimiyyət bələdiyyələrə verilməlidir, icra hakimiyyətlərinin statusu getdikcə aşağı düşür. İcra başçıları dövlətin qanunlarına nəzarət edən bir quruma çevrilməlidi, təqribən Türkiyədəki valilik institutu kimi.

Amma indi icra başçıları özlərini köhnə “raykomlar” kimi aparırlar. O vaxtkı imkanlar da yoxdur, ona görə də ələbaxan vəziyyətə düşüblər”.

Taleh  

Share: