“CANLINI DAŞLAŞDIRAN, DAŞI CANLANDIRAN İNSAN…” – Heykəltaraş-rəssam Zakir Əhmədovla müsahibə

CANLINI DAŞLAŞDIRAN, DAŞI CANLANDIRAN İNSAN

 Müsahibim heykəltaraş-rəssam Zakir Əhmədovdur.

 

Salam Zakir müəllim. Xoş gördük. Sənətə gəlişinizdən, ilk addımlarınızdan danışardınız…

– Qardaşım heykəltaraşdır. Dayım da həvəskar rəssam idi. Evdə gözümü açandan onları rəssamlıqla məşğul olan görmüşəm. Onun üçün də bu sənətə bağlanmışam. Sənətimi çox sevirəm. Amma ikinci dəfə həyata gəlsəydim bu sənəti seçməzdim. Səbəb isə hal-hazırda Azərbaycanda bu sahədə rəqabətin olmamasıdır. Rəqabət mütləq olmalıdır. Tutaq ki, şəhərə heykəl qoymaq lazımdır. Bütün sənətkarların yaratdığı əsərlər nümayiş olunmalıdır. Jurnalistlər gəlib baxmalı, bu sahə ilə məşğul olan insanlar heykəl barədə müzakirələr etməli, müsbət bir nəticəyə gəlməlidirlər. Hansı heykəl yaxşıdırsa, o da qoyulmalıdır. Bizdə isə əksinə, kimin işi təyin olunubsa, onun da əsəri heykəl kimi qoyulur. Bu qədər.

– Bir az müxalif danışdınız…

 – Yox! Mən nə müxalifətin, nə də iqtidarın tərəfdarı deyiləm. Möhtərəm Mehriban xanım Əliyeva yaxşı bir ifadə işlədib. “Hökumətə qarşı çıxmaq olar! Dövlətə qarşı isə yox!” Ola bilər ki, hökumətin hansı isə bir nümayəndəsinin, hansı isə nazirin işi mənim xoşuma gəlməsin. Bu o demək deyil ki, mən dövlətimi sevmirəm. Hökumət gəldi-gedərdi. Amma dövlətim üçün canımı verməyə hazıram!

 – Bu sahədə çalışan gənclərə münasibətiniz necədir?

 – Axırıncı dəfə şəhərə ən yaxşı heykəllər 26 il bundan əvvəl qoyulub. Sovet dövründən sonra demək olar ki, yaxşı, mükəmməl işlər görülmür. Tam deməzdim ki, işlər görülmür… Heykəllər yaradılır. Ola bilsin ki, institutu yeni bitirmiş bir gənc çox gözəl bir ideya ilə heykəl yaratsın. Əsas isə, bu işi üzə çıxarmaqdır. Bu sahədə gənc isdedadlar çoxdu. Amma maddi vəziyyət ucbatından işlərini tamamlaya bilmirlər. Tutaq ki. bir gənc çox istedadlıdır. Işləmək üçün isə emalatxanası yoxdur. Bu iş əvvəlcə yumşaq material olan plastilinlə görülür. Sonra isə gibsə köçürülür və nəhayət, sonda bronzeyə köçürülməlidir. Buna isə maddi imkanı olmadığından yaratdıqları elə ilk yumşaq material halındaca əriyib gedir.

 – İdeyalar necə yaranır?

 – Yaxşı rəssam müşahidəçi olur. Rəssam kimdir? Heç kəsin görə bilmədiyini görən insan. Çox işlərimi demək olar ki, yolda gedərkən fikirləşmişəm. Qızla oğlan yol gedərkən və ya parkda oturub söhbət edərkən müşahidə etmişəm. Gördüklərimə bir az əlavələr, dəyişiliklər etməklə heykəllər yaratmışam. Rəssamlıq bir vergidir ki, o da hər insana verilmir. Amma bununla yanaşı isdedad da olmalıdır. Eyni zamanda əməyi də sevməlisən, yəni ki, zəhmət çəkməlisən. Bəzən görürsən ki, istər bir yazıçı, şair və ya rəssam bir əsəri ilə yadda qalır. Tarixə düşür. Elə insan da var ki, milyon iş görsə də yadda qalmır. Özümə gəlincə isə 50% vergi varsa, 50%-də isdedad və zəhmətdir. Əgər məndə isdedad varsa, bununla yanaşı zəhmət də çəkməliyəm. Bizim işimiz çox çətindir. Ümumiyyətlə, rəssamların təxəyyülü qeyri-adi olur. Mən bəzən yaratdığım əsərləri yuxuda görürəm. Əsasən də səhər yuxularında. Emalatxanaya gələn kimi gördüyüm yuxu haqqında düşünürəm və dərhal gördüklərimin eskizlərini yaradıram. Bir də ki, rəssamın dünyagörüşü böyük olmalıdır. Çoxlu mütaliə etməli, insanlarla ünsiyyətdə olmalı, onları sevməyi bacarmalıdır. Mən də insanları sevirəm. Amma hamını yox. Mən Azərbaycan xalqını ümumiliklə sevirəm. Burda bir sual yarana bilər. Aərbaycan xalqının nümayəndəsi olmasına baxmayaraq pis əməlli, pis niyyətli insanları niyə sevməliyəm? Mən ancaq “qaymaqları” sevirəm. İnsanlar arasında belə bir pafos var: “Mən bu xalqımın nümayəndəsi olduğum üçün xalqımı sevirəm”. Amma mən xalqımı yaşadanı sevirəm.

 – İkinci bir işiniz də varmı? Yoxsa elə təkcə bu sənətlə məşğulsunuz?

 – Bu elə bir işdir ki, sırf bu işlə məşğul olmalısan. Başqa cür mümkün deyil. Ümumiyyətlə incəsənət sahəsində bu belədir. İncəsənət adamı – sənətini sevən adam sırf bu işlə- incəsənətlə məşğul olmalıdır. Ikinci iş əsas işi yarımçıq qoya bilər. Sənət aləmində də yarımçıq iş görən adam sənətkar ola bilməz.

 – Sənətkar öz qiymətini alır. Siz necə, bu qiyməti almısınızmı? Bu barədə narazılığınız yoxdur ki?

 – Rəssam öz-özünü təbliğ edə bilməz. Kənardan təbliğat olmalıdır. Mən bütün günü emalatxanada işləyirəm. Sənətlə məşğulam. Öz-özümü necə təbliğ edə bilərəm? Axi buna mənim vaxtım da yoxdur. Bizim işləri dövlət təbliğ etməlidir. O biri tərəfdən isə sənət əsərləri hərraca qoyulmalıdır. Əfsuslar olsun ki, bu “hərrac” məsələsi bizdə yoxdu. Əgər bu gün bizim əsərlər hərraca qoyulmursa, bizi dünyada da tanıyan olmayacaq. Biz düzəltdiyimiz heykəlləri şəhərin müxtəlif məkanlarında, eləcə də sərgilərdə nümayiş etdiririk. Minlərlə insanlar bunları görür və qiymət verir. Əgər kim isə kənardan hər hansı bir əsərə yaxınlaşıb onun müəllifinin kim olduğu ilə maraqlanırsa, demək o sənətkar işi deyil. Əsl sənətkarın dəsti-xətti uzaqdan bilinir. Mən isə Zakirəm! Sadəcə, Zakir Əhmədov. Çox insanlar incəsənətlə məşğul olurl. Demək olar ki, bütün ömürlərini bu işəs ərf edirlər. Amma “sənətkar” adını hər adam qazanmır. Əlbətdə ki, uzun illər çəkdiyimiz zəhmətin bəhrəsi olan bu ad ilə fəxr etməmək olmaz.

 Tələbələriniz varmı? Ümumiyyətlə hal-hazırda bu sənətə maraq varmı? Davamçılarınıza nə məsləhət verərdiniz? Nə arzulayardınız?

 – Əvvəllər tələbələrim olub. İndi isə yoxdur. Açığını deyim ki, indiki gənclərlə işləmək bir az çətindir. Əvvəllər müəllimə, böyüklərə hörmət var idi. Getdikcə bu hörmət azalır. Gənclərimiz çox səbirsizdirlər. Bu da müəllim-tələbə münasibətlərini korlayır. Adətən sosial şəbəkədə (facebook) gördüyüm işləri paylaşıram. Eyni zamanda da sərgilərdə əsərlərim nümayiş olunur. Bəzi gənc heykəltaraş və rəssamlar işlərimi bəyəndikləri üçün mənim dəsti-xəttimdən istifadə edirlər. Mənim hansı isə bir işimi demək olar ki, təkrar işləyirlər. O zaman mən onlara belə müraciət edirəm: “Əgər mənim işlərimi bəyənib sevirsənsə, onlara uyğun olaraq nə isə bir əsər yarada bilərsən. Amma mənim ideyalarımı oğurlamaq düzgün deyil. Çalış ki, əsərlərini özün hiss etdiyin kimi yarat”.

Bacarıqlı gənclər çoxdur. Mənə bu barədə təkliflər də gəlir. Amma yuxarıda qeyd etdiyim kimi, əksər gənclər bir az dəliqanlı olduğu üçün buna səbrim çatmır. Onu da qeyd edim ki, təhsil almaq o qədər də vacib deyil. Əsas isdedaddır. Məgər keçmişdə bütün rəssamlar Rəssamlıq Akademiyasını bitirirdilər?! Yaxşı, isdedadlı rəssamların tələbələri olurdu. İllər keçdikdən sonra öz ustadlarının dəsti-xətti ilə işləyirdilər. Sonra isə özləri rəssam olaraq sərbəst formada öz dəsti-xətləri ilə işləyirdilər.

İlk sərginiz nə vaxt olub? Ümumiyyətlə, hansı işiniz sizə şöhrət gətirdi? Eləcə də əsərlərinizdən ən çox bəyəndiyiniz hansıdır?

 – İlk sərgim 1994-cü ildə Bakıda olub. Ondan sonra Türkiyədə bir neçə dəfə tək və kollektiv şəkildə sərgilər olub. Bakıda da müxtəlif sərgilərdə əsərlərim nümayiş olunub. Son vaxtlar sərgilərdə iştirak etmirəm. Hal-hazırda isə “Qız qalası” və “LEYLA KHAZARİ” adlı qalereyalar ilə əməkdaşlıq edirəm. Əl işlərimi məhz bu qalereyalarda satışa qoymuşam. Eyni zamanda əsərlərimi internet səhifəmdə də paylaşıram.

 Bütün əsərlərimi sevirəm. Hamısı ayrı-ayrılıqda mənim üçün əzizdir. El arasında belə bir söz var: “Əsərlərim mənim övladlarımdır”. Amma mənim fikrimcə bu düz deyil. Övlad məhəbbəti tamamilə başqadır. Sən hansı isə əsəri kimə isə bağışlaya bilərsən. Övladı isə bağışlamaq olmaz. Belə!

Ən çox sevdiyim əsər isə məni tanıtdıran, mənə şöhrət gətirən “Sevgililər” heykəlidir.

 – Arzularınız və gələcək planlarınız barədə danışardınız, mümkünsə…

 – 2005-ci ildə Türkiyədən sifarişlər oldu. Mən də döyüşən atlardan ibarət olan “Türklər” adlı bir heykəlin eskizini göndərdim. Bəyənildi. Bu heykəlin eskizi hazırdır və bu işin üzərində işləmək – böyütmək lazımdır. Gələcək planlarımdan biri də budur. İstərdim ki, bu “Türklər” heykəli Bakıda qoyulsun. Bu mənim ən böyük arzumdur. Ümumiyyətlə, hər bir insanın arzuları olur. Arzusuz insan ölü insandır.

Sosial şəbəkədə sənətkar kimi izlənilirsiniz. Belə bir statusunuzla rastlaşmışdım: “Qocalıb eləməmişəm. Sadəcə saç-saqqalım ağarıb”. Açması?

 – Sənətdə olduğum bu illər ərzində çoxlu jurnalistlər məndən müsahibə alıb. Ancaq mənim üçün ən yadda qalanı Mələk adlı gözəl bir xanımla söhbətimiz olub. Bu xanım həm də musiqiçi idi. Hardasa olardı 1988-90-cı illər. Bu xanım Husu Hacıyev küçəsində yerləşən sərgi salonunda olarkən mənim əl işimi bəyənib və telefon nömrəmi istəyib. Zəng vurub tanışlıq verdi. Emalatxananın ünvanını dedim. Görüşdük. O vaxt 40 yaşım var idi. Məni görən kimi ilk sözləri belə oldu: “Aa… Siz qoca kişi imişsiniz ki… Mən elə bilirdim siz cavan oğlansınız. Axı o əsərləri məncə ancaq cavanlar yarada bilər”. O, mənim “Sevgililər” əsərimi bəyənmişdi. Mən də öz növbəmdə zarafatımdan qalmadım. Dedim ki, “Əsas insanın ruhudur. Yaşın nə fərqi var… Ruhun cavandırsa, deməli özün də cavansan. Ruhum cavan olmasaydı sevgi ilə bağlı əsərlər yaranmazdı”. İndi, xanım siz də bu statusumun açmasını soruşursunuz. Bəli, baxmayaraq ki, saç-saqqalım ağarıb, amma ruhum cavandır. Ruhum nə qədər cavan qalsa, o qədər də məhəbbət dolu əsərlər yaradacağam.

– Təşəkkür edirəm, Zakir müəllim! Sizə yaradıcılıq uğurları arzulayıram. Ruhunuz həmişə yüksəklərdə olsun!

Söhbətləşdi: Gülər Eldarqızı

Müstəqil.Az

 

Share: