Bu şəxslərə maaşlarının 5 misli veriləcək – Qərar

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.

Müstəqil.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

– Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

– Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

– Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər.

Qeyd edək ki, koronavirusla mübarizədə birbaşa iştirak edən tibb işçilərinin əmək haqqının 3-5 misli miqdarda əlavənin müddətli verilməsi barədə Prezident İlham Əliyev sərəncam imzalamışdı.

 

Share: