“Səni günahlandırıram. Məni Raskolnikovun cinayəti və özünü qatil hesab etməsə belə çəkdiyi cəza ilə baş-başa qoyub getdiyin üçün…” – Gülşən Mustafa

Sirli sevgi
 
Barmaqlarının toxunuşundan ürəyim döyünməyə başladı. Həyəcandan özümü itirdim. İnana bilmirdim ki, məni xatırlamısan.
Uzun zamandır eyni məkanda, eyni hislərin əsanrətindəydim. Canım çox sıxılırdı. Nə yeni bir xəbər var idi, nə də yeni bir təmas. Barmaqlarının istisini zorla qoruyub saxlamışam canımda. O istiyə qızınaraq xatirələrlə yaşamaqdan yorulmuşdum. Səyahət etməyi çox sevdiyimi bilə-bilə məni burada unutmuşdun.
Səyahətə mənsizmi çıxırdın? Yoxsa sən də xatirələrlə yaşayırdın?! Sənin o gözəlliklərdən uzaqda bir həyat yaşadığına inana bilmirəm. Qəbul etmədiyim bir fikir də vardı. Yenə yeni yerlər, yeni insanlar kəşf edirsən, amma mənsiz. Mənsiz gəzirsən, mənsiz görürsən, mənsiz oxuyursan bir sözlə mənsiz yaşayırsan. Sənsiz bir küncə qısılıb qaldığımı bilə-bilə mənsiz yaşamağın məni incidirdi. Hələ ən dəhşətli bir fikir var ki, onu heç düşünmək də istəmirəm. Dəli olurdum sənin yalnız bir səyahətlik o qıt düşüncəli yol yoldaşları ilə səyahət etdiyini düşünəndə. Nifrət edirəm o tanıdığı şəhərdən və üç-beş nəfərdən kənarı düşünməyə qadir olmayan o yaratıqlardan. Onları yaratmaq nəyə lazım idi ki, heç onu da anlamıram. Bu da bir sədaqətsizlik rəmzidir…
Axı mən sənin canıma hopmuş göz yaşını saxlayan biriyəm. Axı mən sənin dodaqlarının hərarətini unutmayan biriyəm. Bu cəza çox ağır olmadımı?! Doğrudur son səyahətimizdə hər ikimiz çox gözəl anladıq ki, hər günahın öz cəzası var. Heç bir suç cəzasız qalmaz. Mən isə heç günahımın nə olduğunu da bilmirəm. Əslində tanıdığım insanların çox azı öz səhvinin nə olduğunu anlayır, səhvini qəbul edir. Hər kəs özünü günahsız hesab edir. Hər kəs qarşı tərəfi günahlandırır. Mən də səni günahlandırıram. Məni Raskolnikovun cinayəti və özünü qatil hesab etməsə belə çəkdiyi cəza ilə baş-başa qoyub getdiyin üçün…
Bilirəm belə bir kitabdan sonra xeyli onun aurasında qalmaq və düşünmək lazımdır, amma bu zaman yaman çox oldu. Bilirəm ki yeni kitablar oxumusan, öz əlfəcini ilə çap olunmuş kitablar… Həmin yaramaz əlfəcinlər üzündən mən o kitabları duya bilməyəcəm. Eybi yox, gəldin. Məni xatırladın. Bütün günahlarından keçirəm, təki yenə sevərək bağladığın o mavi ipək lentlərimi barmaqlarının arasında sığallayaraq oxuyasan. Oxuduqca keçirdiyin hisləri canıma hopdurasan. Yenə birlikdə neçə-neçə taleləri, hadisələri birlikdə yaşayaq.
Aha, bu da yeni bir səyahət, Peterburqun küçələri, sərt qışı və bu soyuq küçələri keçərkən süzülmüş hər tərəfdən soyuğu keçirən şinelinə bürünərək işə gedən Akaki Akakiyeviç…
Gülşən Mustafa 
Müstəqil.Az
Share: