Şıxəli Qurbanov tonqalı

Qəşəm Nəcəfzadə yazır

Novruzun havası gəlir, yadıma Şıxəli Qurbanov düşür…

Əllinci illərin əvvəllərində Şıxəli Qurbanovun kəskin çıxışından sonra Səməd Vurğun ona həm “çox sağ ol” deyir, həm də bundan sonra ehtiyatlı olmağı tapşırır. Dünya görmüş Səməd Vurğun hər şeydən hali idi.

1952-ci ildə Mircəfər Bağırov tribunada çıxış edən zaman Səməd Vurğunun üstünə qışqıraraq demişdi ki, sən gecikmədən kommunizmin əlifbasını öyrənməlisən, yoxsa məhv olacaqsan.

Qız qalasının yanındayam, yadıma Şıxəli Qurbanov düşür…

1967-ci ilin mart ayının 21-də Azərbaycan Kommunist Partiyasının birinci katibi V.Axundovun həyat yoldaşı Şıxəli Qurbanovun həyat yoldaşına zəng edib deyir ki, ay qız, bu nə oyundur Şıxəli İçərişəhərdə açıb. Həmin zəngdə “nəsə” vardı.

“Koroğlu” operasının “Uvertüra”sı çalınır, Şıxəli Qurbanov yadıma düşür…

1967-ci ildə ilk dəfə olaraq Novruz bayramı Bakı şəhərində təntənəli şəkildə keçirildi. Əsas səbəbkar, Kommunist Partiyasının dili ilə desək, əsas günahkar Şıxəli Qurbanov idi. Keçəlin, Kosanın məzəli əhvalatları, qarazurnanın səsi qədim qala divarlarında əks-səda verirdi. Bu səs yüz illərin səsləri ilə görüşür, hal-əhval tutur, səs səsə qovuşur, gəlib Alim Qasımovun səsinə çatır. O vaxtlar Alim Qasımov uşaq olsa da, səsi qədim idi.

Diqqətlə baxin, Qız qalasının sarı kərpiclərində çiçəklər göyərmək istəyir, çünki kərpicin palçığında çiçək kökü var, daha doğrusu, çiçək toxumu var. Çiçək başını qaldırır, səmənini soruşur, qarazurnanı haraylayır, “Şıxəlı Qurbanov haradadır” deyir.

Şıxəlı Qurbanov harasa gedib… Bəlkə “Sənsiz” tamaşasına baxmağa, bəlkə Səməd Vurğunun yanına.

Baxın, arılar, kəpənəklər gəlib çiçəklərin görüşünə. Qız qalası onlara deyir: “Xoş gəlmisiniz”.

Çərşənbə tonqalları yurdumuzun hər tərəfində alovlanır, Şıxəli Qurbanov yadıma düşür…

Bir insan çatmır sevinməyə, bir yazıçı çatmır yazmağa, bir natiq yoxdur həqiqəti deməyə, bir Səməd Vurğun yoxdur “ehtiyatlı ol” sözünü pıçıldasın…

Diş poliklinikaları Bakını başına götürüb, yadıma Şıxəli Qurbanov düşür…

Novruz bayramında diş çəkdirməyin, adamlar! Novruz bayramında diş dibinə vurulan “novokain”lər zəhərli olur, həkimlər öyrədilmiş, satılmış olur… Dişinizi səhərə saxlayın, nə olar…

Şıxəli Qurbanov “dişli” adam idi, dişlə öldürdülər. Xalqda belə bir misal var: “Dişini çıxarıb başına çalaram”. Görən niyə bələ deyiblər, bəlkə dişli adamı susdurmaq üçün.

Həkim iynəni vurandan 3 dəqiqə sonra Şıxəli Qurbanov elə kresloda dünyasını dəyişib. Köməkçilər əl-ayağa düşəndə həkim pəncərədən tullanıb qaçıb. Həmin şpris həkimin əlindən həyətə düşüb. Görəsən, haradan gəlmişdi zəhərli iynə?

Axşam Dram Teatrında onun “Sənsiz”inin ilk tamaşası olacaqdı. Camaat tamaşaya Şıxəli Qurbanovsuz baxdı, “Sənsiz”in ikinci adı yarandı, yəni Şıxəlisiz…

Şıxəlı Qurbanovun qızı Gülnarə Qurbanova Milli Məclisin üzvü idi… Yadıma Şıxəli Qurbanov düşür.

Əsərlərini haradan alaq oxuyaq? Yadıma Şıxəli Qurbanovu oxumaq düşür…

Gəlin bir tonqalı da onun adına yandıraq, bir dəfə də tonqalın üstündən onun üçün tullanaq. Tullanaq, yerə yox, yaddaşa düşək.

Fəxri Xiyabana gedəndə yadıma Şıxəli Qurbanov düşür. Başının üstündə Səməd Vurğun dayanıb.

Müstəqillik qazandiq. İndi Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Yadıma Şıxəli Qurbanov düşür…

Gərək Şıxəli Qurbanov yadımıza düşməsin, həmişə yadımızda olsun!

Share: