Dünyadan bir dərviş köçdü…

Tanınmış ozan, şair-publisisti, ictimai xadim, Gürcüstan Aşıqlar Birliyinin sədri Dərviş Osman Əhmədoğlu  uzun sürən ağır xəstəlikdən sonra 72 yaşında dünyasını dəyişib. Osman Əhmədoğlu 1948-ci ildə Marneuli rayonunun Keşəli kəndində anadan olub. Doğma kəndində 8 illik, qonşu Kəpənəkçi kəndində orta məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. O, hələ orta məktəbdə oxuduğu illərdə şeir yazıb. Tələbəlik illərində mətbuatda publisistik məqalələrlə çıxış edib. O. Əhmədoğlunun “Borçalıda ocaq yanır” adlı ilk şeirlər kitabı 1989-cu ildə Bakıda “Yazıçı” nəşriyyatında işıq üzü görüb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Bədii yaradıcılıqla bərabər dövrü mətbuatda publisistik məqalələrlə çıxış edən

Şair-publisist vaxtilə Gürcüstanda nəşr olunan “Yeni Yol” qəzetində redaktor müavini vəzifəsində çalışıb. Bir müddət sonra o, “Dədə Qorqud” adlı dərgiyə rəhbərlik edib. Dərviş Osman “Meydan” dərgisinin idarə heyətinin fəal üzvlərindən biri olub. Şeirlər kitablarından əlavə Azərbaycan folkloruna həsr olunan iki kitabı çap olunub. O. Əhmədoğlu Gürcüstanda aşıq yaradıcılığının yaşadılmasında və inkişafında böyük xidmətlər göstərib. Onun təşkilatçılığı ilə əslən Gürcüstandan olan azərbaycanlı ziyalıların xatirəsinə həsr olunan bir sıra tədbirlər keçirilib.

Osman Əhmədoğlu sadə, səmimi xeyirxah bir insan əsl millət fədaisi idi. Onun  ən böyük istəyi mənsub olduğu millətin öz haqqına sahib olması idi. Şeirləriylə də, məqalələriylə də, çıxışlarıyla da bu amala xidmət edib, aşıq yaradıcılığına, sənətinə sevgiləriylə də. Borçalıda yaşayan şair bütün türk dünyasının dərdi, sevinci ilə yaşayırdı. Onun cismən aramızdan getməsi hər birimizin kədərimizdir.

Tanrı ruhunu şad etsin!

Share: