Bakıda dollar şoku: Türkiyəyə baxıb, xəcalət çəkirsinizmi?

Hazırda dünyada yaşanan neft şoku dolların bahalaşmasını da gündəmə gətirib. Ancaq həyatda daha böyük şoklar var… Məsələn, insanın öz dövlətinin, millətinin taleyinə laqeydliyi.

Artıq bir neçə gündür ki, həmvətənlərimiz bir dəstə manatı götürüb düşüb bankların canına. Məqsəd dollar almaqdır. Təsəvvür edin, 100 manatı olan da dollar almaq istəyir. 5-10 manatdan ötrü avtobusa, metroya xərc çəkib gedib saatlarla bankda növbə gözləyir. Aydındır ki, 5-10 manatla onun hansısa yarası sağalmayacaq. Məsələ psixolojidir – nəsə edim, mütləq 10 manat irəli düşüm!

Yaxşı, deyək ki, sadə xalqı başa düşdük, bəs bu milyonlar yığan iş adamlarına nə olub? Elə iş adamları da var ki, manatla dolu “Kamaz”ın arxasını verir bankın qapısına, deyir, manatları tökün, dollarları yükləyin.

Bu gün Türkiyə niyə dünyada diktə edən dövlətə çevrilə bilib?

Bununla bağlı kiçik bir nümunə çəkim: dollar bahalaşanda Türkiyə xalqı bankların önündə növbəyə düzüldü – dolları lirəyə dəyişmək və dövlətə dollar bağışlamaq üçün…

Azərbaycan insanı isə dollar bahalaşmamış növbəyə düzüldü – dövlətdən dollar qopartmaq üçün.

Çünki Türkiyədə dövlətçilik, millətçilik təffəkürü var. Bizdə isə əksər iş adamları ancaq varidatlarını artırmağı düşünür. Daha başa düşmürlər ki, dollar qalxsa, camaatda pul olmasa, satmaq istədiyi məhsulu da alan olmayacaq.

Bu hadisələrin fonunda hökumət rəsmiləri bəyanat yaydılar ki, bəs, ay xalq, ay camaat, narahat olmayın, manata heç nə olmayacaq! Ekspertlər də bununla bağlı pozitiv açıqlamalar verdilər.

İndi xalqını, vətənini düşünməyən, öz ölkəsinin rəsmilərinə, mütəxəssislərinə inanmayan bu iş adamlarına biz niyə inanmalı, etibar etməliyik?

Aydındır ki, bunlar 5 qəpik irəli düşmək üçün zay məhsulları gətirib camaata sırıyarlar, necə ki sırıyırlar.

Çox utancverici durumdur. Niyə bu duruma düşdük axı?

Səbəblər çoxdur, amma ən önəmlisi və birincisi özümüzdədir.

Əsas sual isə budur: manat ucuzlaşır, yoxsa dövlətçilik təfəkkürümüz?

Şeyx Teymur

Share: