RƏFAİL TAĞIZADƏNİN “XOCALI” “ORATORİYA”SI… – Vaqif Osmanov yazır

Yəqin ki, bəziləri çaşqınlıq içində məni qınadı, bəziləri beynini qurdalayıb fikrə getdi ki, ayə, belə bəstəkar yoxdu axı. Mən də bilirəm, yoxdu. Rəfail Tağızadə bu günümüzün, həm də gələcəyin ünlü şairidir, Qarabağ qazisidir. Onun “Qara-qırmızı Xocalı (muğam üstündə oxunan ağı)” poemasını oxuyub onu oratoriya adlandırdım. Əslində bu ağrılı-acılı poema ilə rəhmətliklər – Üzeyir Hacıbəyli, Niyazi, Süleyman Ələsgərov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, qürbətdə yaşayıb-yaradan Cavanşir Quliyev və digər musiqi korifeyləri tanış olsaydılar, mütləq sanballı musiqi əsəri – oratoriya yaradardılar. Poemanın bədii dili və məna yükü buna imkan verir. Bunun üçün duyğulu ürək lazımdır. Bu günümüzün kompüterdə “bic və ürəksiz doğulmuş musiqi”si bu anlamları təsvir etməkdə acizdir…

Rəfail Tağızadə yaradıcılığında Qarabağ həsrəti, nisgili özünə əbədi məskən salıb, digər mövzuları sıxışdırıb. Qazi şair təkcə ona görə Qarabağı unutmur ki, orada dünyaya göz açıb. Azərbaycanın hər hansı guşəsi, Allah eləməsin, təcavüzə, işğala məruz qalsaydı Rəfail müəllim hər üç silahı – ürəyi, qələmi və avtomatı ilə cihada qalxardı. Onun və digər vətənsevərlər üçün Vətənin şimalı, cənubu, şərqi, qərbi anlayışı yoxdur. Vətənin param – parça olması hər bir qeyrətli Vətən oğlu kimi Rəfail müəllimin yaralı yeridir. Nə yaxşı ki, Süleyman Abdulla, Rəfail Tağızadə kimi qazi şairlər Qarabağı, Göyçəni, Kərkükü, Dərbəndi, Borçalını unutmağa bizə imkan vermirlər. O sağalmaz yaralarımız qaysaq bağlasaydı ağrısı azalardı, unudulardı bəlkə də. Bizim damarlarımızda unutqanlıq, laqeydlik, “məndən ötsün, qardaşıma dəysin” “fəlsəfə”si qanımızla qoşa axır. Belə əsərlər qan və gen yaddaşımızı təzələyir, “format” edir, manqurtlaşmaqdan qoruyur…

Xocalının tarixini, mədəniyyətini, arxeologiyasını, etnoqrafik xüsusiyyətlərini, əhalisinin adət-ənənələrini az-çox bilirik. Xocalı bəşər övladının ilk beşiklərindən,sivilizasiyanın məkanlarından biridir. Qədim-qayım Oğuz – Türk yurdudur, bayatılı, qəzəlli, muğamlı cənnət Qarabağın ayrılmaz parçasıdır…

Bu diyarın başına gətirilən müsibətlərdən çox yazılıb, yazılacaq da. 1992-ci il fevralın 25-dən 26-a keçən müdhiş gecənin olaylarını şou-biznes nümayəndələrindən başqa unudanlar azdır. Bunu hətta baxçalardakı körpələr də yaxşı bilir. Ağzı söyüşlü çal-çağır, alış-veriş adamlarının “qayğı”ları başqadır…

Deyə bilərsiniz ki, çoxumuz biliriksə, Süleyman müəllimin, Rəfail müəllimin poeziya inciləri nəyə lazımdır? Bircə cümlə ilə deyim ki, tarixdə deyiləndən çox yazılan söz qalır və unudulmur…

“Göylər qan ağlayan, dağlar yas saxlayan Vətən qovğası” gecəsində sükut da dəhşətdən xəbər verirdi. “Evindən qaçanlar gülləyə qaçırdı, o gecə yarımçıq yuxular da əsir” idi:

Qar yağan göylərə qan püskürürdü
müqəddəs torpağın yaralarından
O gecə utancdan dağlar da donub,
donubdu heyrətdən qaralan bulud.
O gecə qan örtür ağ qar üstünü…

O gecə “analar sinəsini gülləyə açırdı, şaxtadan don vuran körpə əlləri bayraq kimiydi”, amma yellənmirdi, qanlı ağ qarın üstünə enmişdi:

Qan qarın üstünə XOCALI yazır.
O gecə dərdlər də qara-qırmızı.

O gecədən Xocalıda bitən lalələrin qara xalları “güllə yarasına bənzəyir”, yolumuzu gözləyirlər, öcümüzü almaq üçün. Lalələr, xarıbülbüllər şahiddirlər ki:

Kəsib anasının, kəsib döşünü
basır dil açmayan körpə ağzına.
Sonra da o suçsuz, məsum körpəni,
xəncər bıçağıyla vurub divara,
soyur o yapışqan nazik dərisin,
soyur təpəsindən dırnağa kimi,
Soyur anasının gözü önündə…

Əksər xalqlardan fərqli olaraq türklər üçün namus, qeyrət, ismət ən ümdə mənəvi dəyərlərdir. Rəfail müəllim də köməksiz körpələrin, qızların, gəlinlərin, ağbirçək və ağsaqqalların fəryadını ürəyinin içindən yanar vulkan kimi püskürür:

…Sən bir arzuya bax, sən diləyə bax:
Ana bətnindəki uşağına da,
tək ölüm istədi, ölüm dilədi…
… Bir dəstə insanı qorumaq üçün,
körpə balasına qıyan Ananın
dünya sönüb gedir öz gözlərində.
Ah-nalə boğulur qan izlərində…

O gecədən Xocalı bir fəsil yaşayır – 26 fevral gecəli qış ömrü. Onun “yazına hələ də qar yağır, don vurmuş körpənin qanlı izini yayın istisi də əridə bilmir” Burda Günəş də donub qalıb, həniri, istisi, işığı yoxdur. Hamıya bir gözlə baxmağına da peşimandır, təəssüf edir ki, quduzlaşmış məxluqlara da o, həyat verib.

Amma Rəfail müəllim inamlıdır, ərənlərimizin şücaətinə arxayındır:

Dirilər tapılar bu məmləkətdə,
axışar bir yerə şəhər də, kənd də….
… Hamı ölə bilməz belə sifətdə…
… Bu körpə oğullar, bu körpə qızlar
yeni bir Xocalı yaratmaq üçün
sevgi öyrədəcək balalarına…

Bütün Vətən sevgililər, yurd həsrətlilər kimi Rəfail müəllim də öz varlığı kimi inanır ki:

Sonsuz xəyallara gün doğsun deyə,
mən sənə təzədən qayıdacağam,
mən səni təzədən yaradacağam…

İnandınızmı, Vətənin qazi şairi, Vətən yaralarına loğman olmağa çalışan Vətən oğlu sözün notlarıyla oratoriya yaza bilər, eləcə də möhtəşəm musiqi dili ilə poema…

Vətən sevgisi, sərhədsiz təxəyyül, istedad varsa…

                                                                                               
VAQİF OSMANOV

Share: