BU DÜNYADA BİRCƏ HALAL ADAM VARSA, O DA YOXDUR

Bu gün təqvimdə İbrahim İlyaslı günüdür. Xoş gəlmisən bu dünyaya, əfəndim!

Müstəqil.Az Vasif Süleymanın İbrahim İlyaslının ad günündə illər öncə yazdığı bir yazını yayınlayır

Şübhən varsa, İbrahim İlyaslının şerlərində ara bunu:
Hardasan, ay haqqa-zaval,
Səninkidi bu cah-calal.
Bu dünyada bircə halal,
Adam varsa, o da yoxdur.
deyən şair SÜKUTUNDAN ASILMAĞA BİR KOMA, BİR ODA AXTARIR. Baş götürüb getməyə kimsəsiz ada gəzir. Çünki şair qənaətində haqlıdır ki, DÜNYAYA KEFƏ GƏLMİRİK, BİR AZ DA GÖZ YAŞIN OLSUN. kimsəsizlikdə dada yetən göz yaşı. Çərxi-fələyin gərdişindən az-çox hali olanlar İbrahim İlyaslının
Dünyanın ən böyük işi, 
Bələkdə körpədən keçir-
fikri ilə razılaşmaya bilməzlər.

Vasif Süleyman adlı şəxsin şəkli.
…Bir neçə ildir ki, Sumqayıtda Əli Kərim adına Poeziya ocağında neçə-neçə gənc yazarları cəm eləyən şair İbrahim İlyaslının bu günlərdə «Ağrıdağ» nəşriyyatında çapdan çıxan «Hamı bir körpüdən keçir» adlı şerlər kitabını oxuyandan sonra HAMININ BİR KÖRPÜDƏN KEÇDİYİNƏ şübhə ilə yanaşmazsan. Poeziya klubuna rəhbərlik etdiyi müddətdə neçə-neçə gənc şair və yazıçının kitabının nəşrində müstəsna xidmətləri olan İbrahim nəhayət ki, özünə də bir gün ağlamağa vaxt tapdı. Şəhər ədəbi mühitinin formalaşmasında müstəsna xidmətləri olan şairin özündə bəlkə də ilk kitabın sevinci deyilən hiss qalmayıb. Ancaq mən əminəm ki, onu qəzet-jurnal səhifələrindən sevən oxucuları artıq buna sevinibdir.
İl olunca gün var, ay var,
Hər şeydən hamıya pay var.
Bu dünyada bircə çay var,
Hamı bir körpüdən keçir.
İbrahim İlyaslı Akif Səmədin ön sözdə yazdığı kimi söz üçün heç kəsin qapısına borca gedən şair deyil. Şerlərinin birində özü haqqında yazır:
İnadımdan aşağıyam,
İnamımın işığıyam.
Mən dərdimin aşığıyam,
Məni oxudan oxudur.
Sazlı-sözlü bir ocaqda dünyaya göz açan İbrahim elə ömrünü o sazın, o sözün işığında yaşıyır. BİR AZ BU AĞACA, BİR AZ O DAŞA, BİR AZ BU TORPAĞA OXŞAYIRAM MƏN -deyən şair KƏLMƏ-KƏLMƏ əriməyini, SƏTİR-SƏTİR yaşadığını da etiraf edir:
Ahımdan qaya laxlayır,
Halıma quşlar ağlayır.
Məni bir ALLAH saxlayır,
Bir də səbr, yaşayıram.
İbrahim İlyaslının «Hamı bir körpüdən keçir»kitabı ciddi təhlilə ehtiyacı olan kitabdır. Yəni ki, tənqidçilər onun sətir-sətir, misra-misra yaşadığı anları nə vaxtsa çözələyəcəklər. Mən sadəcə olaraq bir Allah adamının gecikmiş sevincinə İbrahim sevərlərin adından qoşulmaq istədim. Haqq axtara-axtara hərdən nahaqqa dirənən, ağrılı-acılı şair ömrü yaşayan İbrahimin poetik həqiqətləri bir kitabça şəklində oxucuların ixtiyrındadır:
Bu bazardı, seç, nə yoxdur?!
Bu ömürdü – köç nə yoxdur?!
Haqq deyilən heç nə yoxdur,
Ancaq dəyər axtarmağa.
Dəyər…
Share: