Feministlərin Bakı aksiyası: rüsvayçılıq, yoxsa..

Rəfiqə ƏLİSƏFA  yazdı

Dünən Bakının mərkəzi küçələrindən birində feministlərin etiraz aksiyası baş tutdu.

Yürüş haqda əvvəlcədən eşidəndə qadınların özlərinin və həmcinslərinin hüquqlarının müdafiəsində durması ideyası xoşuma gəlsə də, müşahidə etmək qərarı verdim. Aksiya, doğrudan da, təqdirəlayiq olarsa, önümüzdəki illərdə sözügedən xanımlara qoşulub, feminist olmasam da, qadın hüquqlarının müdafiəsində duraraq, vətəndaş borcumu yerinə yetirməyi planlaşdırırdım.

Axşam aksiyadan fotolar gəldi, nə gəldi…

Xanımların şüarları, polislə danışıq tərzləri, özlərini aparmaqları məni çox təəccübləndirdi. Məgər qadın bu qədərmi aqressiv, bu qədərmi “sərbəst”, bu qədərmi kobud olar?

Xeyr, mən “Azərbaycan qadını nağılları” danışmaq fikrində deyiləm. Amerikalı, mozambikli, rus, ingilis… – qadın qadındır və bizi kişilərdən fərqləndirən əsas cəhətlərimiz dünən aksiyada iştirak edən qadınlarda gözə çarpmadı. Bərabər hüquqlar tələb etmək, kişilərlə çiyin-çiyinə çalışmaq, mübarizə aparmaq, öz istədiyin kimi yaşamaq, əlbəttə ki, lazımdır, amma bunu layiqli şəkildə etmək də olar. Şiddətə etiraz edən xanımlar özləri nə üçün ətrafdakılara şiddət nümayiş etdirir? Etirazçılar əllərini divara vuraraq, bağıraraq, radikallıq nümayiş etdirərək bərabərlikmi tələb edir? Sizin evdə əlini masaya çırpıb xanımına öz dediklərini zorla qəbullandırmağa çalışan adamdan fərqiniz nə oldu?

Dünənki protest o aksiyanı kənardan müşahidə edib və bu xanımlara gələcəkdə qoşulmaq planı olan, bəlkə də yüzlərlə iştirakçını itirdi…

Mən qətiyyən konservativ insan deyiləm, hətta bəlkə də lazım olduğundan daha müasirəm. Amma cinsi orqanının adı yazılan şüarla küçələrdə öz hüquqlarını tələb etmək feminizm yox, seksizimdir. Bu şüardakı sətiraltı mesaj heç kimi maraqlandırmadı, insanlar gördüklərini qavradı və əgər mənim kimi müasir insan bunu belə qavrayır və qətiyyən müdafiə etmirsə, orta statistik azərbaycanlı necə bu cür radikal şüarları anlasın, hörmət etsin? Məgər etirazçı xanımlar Marsdan gəlib? Məgər həmin xanımlar yaşadıqları ölkənin adi primitiv normalarından xəbərsizdirlər? Hələ yolun başlanğıcında ikən bu qədər düşmən qazanmaq kimə lazım idi?

Sosial şəbəkə istifadəçlilərinin böyük əksəriyyəti dünənki etirazı pisləyir, hətta iştirakçılarını tərbiyədən məhrum adlandırırlar. Ola bilər ki, orta statistik azərbaycanlının fikri etirazçı xanımları maraqlandırmır. Bəs onda etirazı kimə edirdiniz? Səsinizi kimə çatdırırdınız? Hədəf nöqtəniz sadə xalq deyildimi?

Mən sizə Sara Xatundan, Natavandan danışmaq fikrində deyiləm, amma reallığı da görmək lazımdır. Qonşu ölkələrdəki feminist etirazlarını imitasiya etmək heç bir uğura vəsilə olmayacaq. Əvvəlcə özünüzü tanıyın, orfoqrafiya qaydalarını öyrənin. Azərbaycanda o qədər azad, intellektual, öz hüquqlarını müdafiə etməyi bacaran qadın var ki, onlar heç bir vəchlə bu bayağı etirazlara qoşulmaz.

Bax, siz o auditoriyanı itirdiniz. Sizə qalan yazmağı güclə bacaran, saç rənginin fərqliliyindən başqa fəxr edəsi bir şeyi olmayan, feminizmin “f”ini qanmayıb, macəra axtarışında olan yeniyetmər oldu. Əlinizdə “Mən Həcər nəvəsiyəm” şüarı ilə çıxmalıydınız demirəm, amma bullinqə məruz qalan, zorlanan, qətlə yetirilən, döyülən qızlarımızın hüquqlarını bədən üzvlərinizin adlarını gözə soxaraq müdafiə edib azadlıq istəyirsinizsə, bizə belə azadlıq lazım deyil. Və mənim bu cümləmi dəstəkləyəcək yüz minlərlə intellektual, müasir, azad Azərbaycan qadını var.

Məgər sizin bu radikal addımlarınız ucqar rayonlarda köməyə ehtiyacı olan qadınlarımızın gündəlik yaşayışında nəyisə dəyişdimi? Gələn 8 marta bəlkə yürüşümüzü rayonlara edək? Bircə günlük də olsa, ehtiyacı olan qızlarımıza maarifləndirici seminarlar keçməklə nələrisə öyrətməyə çalışaq, hüquqlarını izah edək, nələrisə öyrədək?

Ya da yox, gələn 8 marta dünənki etirazçı xanımlara düzgün yazılış, davranış, danışıq qaydalarını öyrədək. Feminist xanımlarımıza isə deyəcək bir sözüm var: dünyanı dəyişmək istəyirsinizsə, özünüzdən başlayın. Bəlkə də köməyi ehtiyacı olan elə özünüzsünüz.

135 baxılıb
mersin escort