“Ən gözəl qapıya qara bağlanır, Ən acı xatirə dirəkdə qalır…”- Cabir Həsənov…

 

 

 

Nə var ay dəli səndə

 

Sözün gözəli səndə,

Gözün gözəli səndə.

Gözüm səni axtarır,

Nə var ay dəli səndə?

Məndə xoş keçən zaman,

Keçir şübhəli səndə.

Nə var şübhəli məndə?

 

Gül üzündə qara xal,

Gözlərində min sual,

Kinli – kinli baxırsan,

Nə var bilməli məndə?

 

Şükür olsun Nəqqaşa,

Bizə hər şey bəxş edib.

Məni gözəl aşiqi,

Səni gözəl nəqş edib.

Mən axtaran gözəllik,

Varsa ay dəli səndə,

Nə var gülməli məndə?

 

 

Ən təmiz sevgilər ürəkdə qalır

 

Ən şirin uşaqlar kasıb doğulur,

Ən incik baxışlar çörəkdə qalır.

Ən ağır zərbəni yaxınlar vurur,

Ən dərin yaralar kürəkdə qalır.

 

Ən nəfis duyğular çəkilib gedir,

Ən həzin baxışlar dikilib gedir.

Ən əziz adamlar bükülüb gedir,

Ən təmiz sevgilər ürəkdə qalır.

 

Ən uca könüldə yara bağlanır,

Ən ümdə arzular vara bağlanır.

Ən gözəl qapıya qara bağlanır,

Ən acı xatirə dirəkdə qalır…

 

 

 

Arzular yerində qalır, qardaşım

 

Bu axşam sadəcə yaşın dəyişir,
Arzular yerində qalır, qardaşım.
Bu axşam zamana küsən könlünü,
Vəfalı dostların alır, qardaşım.

 

Şəhərdə bir gözəl payız axşamı,
İndi ağaclar da yarpaq dəyişir.
Dağları, daşları ana təbiət,
İnsanı gəzdiyi torpaq dəyişir.

 

Bu axşam ömürdən bir il ayrılır,
Bu payız yaşında fəsil dəyişir.
Evdə uşaqları böyütdükcə biz,
Köhnə albomlarda şəkil dəyişir.

 

Bu axşam bir azca yaşa dolursan,
Bu axşam heç nəyi vecinə alma.
Bu gözəl anları özünçün yaşa,
Bu axşam heç nəyi yadına salma.

 

Hər kəsin adından təbrik edirəm,
Dostumuz bir yeni yaşına gəlir.
Bu axşam qanını qaraltma, qardaş,
Ad günü hər kəsin başına gəlir.

 

Ən  gözəl qadının yaşı bilinmir

 

Ən sağlam binalar sözdən ucalır,

Ən qədim qalanın daşı bilinmir.

Ən müdrik kişilər ahıl yaşdadır,

Ən gözəl qadının yaşı bilinmir.

 

Zamanın nəbziylə ürək yarışır,

Səbəbsiz küsənlər asan barışır.

Nadan məclisində aləm qarışır,

Ağıllı, kamallı, naşı bilinmir.

 

Tələskən adamın alınmır işi,

Beləcə deyinmək olur vərdişi.

Şənlikdə başsıza baş olan kişi,

Dar gündə itirir başı, bilinmir.

 

 

 Bir dəfə kükrəsə şeir dənizi

 

Haçansa sevgidə imtahan olar,

Yüz saxta aşiqin yüzü çəkilər.

Həyat istədiyin alarsa bir gün,

Onda qapınızdan gözü çəkilər.

 

Hər səhər ağarar Yerin bənizi,

Xeyir əməllərin görünər izi.

Bir dəfə kükrəsə şeir dənizi,

Həvəskar şairin sözü çəkilər.

 

Bəxt ömürü yarı yolda yanlaya,

Həmişə qanmazı qanan danlaya.

Qəlbinə girməyən adam anlaya,

Bax onda yuxundan özü çəkilər.

 

 

Bu şəhərdə bir kişi var

 

Bu şəhərdə bir kişi var,
Oğlu köçüb, qızı qalıb.
Gözlərinin nuru gedib,
Ürəyinin buzu qalıb.

 

Arıq, cılız bədəni var,
Bir də qulluq edəni var.
Gələni var, gedəni var,
Çörəyinin duzu qalıb.

 

Hələ duyur, ağlı tutur,
Hələ qəlbi dağlı tutur.
Bir otağı bağlı tutur,
Bir qadının tozu qalıb.

 

Qız olmasa nə olacaq,
Getsə ona kim baxacaq.
Elçilər çox gəlir, ancaq,
Hələ eyni mövzu qalıb.

 

 

 Doğrudan da darıxıram

 

Bu bizim ilk ayrılıqdı,
Bu bizim ilk mübahisə,
Hər şey elə tez oldu ki,
Çaşıb qaldıq nə işdisə…
Sən günahı məndə gördün,
Mən təqsiri səndə bildim.
Qadınsız ev necə olur,
Bir də sən gedəndə bildim.
Örtürəm, qapın açılır,
Güzgün də üzə baxmır.
Əşyalar sənə öyrəşib,
Heç biri sözə baxmır.
Ürəyimdə qonaq idin,
Yarı ömür qalıb getdin.
Gələndə təkcə gəlmişdin,
Uşaqları alıb getdin.
Qohum-qonşudan qaçıram,
Hamıya qınaq kimiyəm.
Hər şeydən əlim soyuyub,
Evimdə qonaq kimiyəm.
Gah girirəm, gah çıxıram,
Götürüb kağız-qələmi,
Sənə bir məktub yazıram:
-“Doğrudan da darıxıram.”

 

Mahnı dağlarda qaldı

 

Bir səba yelləri əsdi sənətdə,
Meyvələr tökülüb bağlarda qaldı.
Səyavuş, Nəsibə, Yaşar getdilər,
“Hicran” da o gözəl çağlarda qaldı.

 

Onda ki, Səməndər, Nəcibə vardı,
Baxanda ruhumuz dinclik tapardı.
Hansı tez yetişsə əcəl qopardı,
Xırda şamamalar tağlarda qaldı.

 

Yenə bir xəbərdən qaraldı qanım,
Sənətin bir gülü soldu, nə danım.
Getdi aramızdan Amalya xanım,
Mahnı həmişəlik dağlarda qaldı.

 

Anlat mənə

 

Ay həyatın eşq bağında keşikçi,

Eşqdə olan qüdrəti anlat mənə.

Nə deyirsən kəlmələrin xoş olur,

Sözdə olan hikməti anlat mənə.

 

Ay payızla görüşməyə gedən qız,

Bu görüşdən danış mənə bir ağız.

Nə geymişdi son görüşə bu payız,

Pıçıltıyla, xəlvəti anlat mənə.

 

Niyə dönüb yaşıl meşə çılpağa,

Neçə arzu dəfn elədin torpağa?

Nə söylədin ağacda son yarpağa,

Təbiətlə söhbəti anlat mənə.

 

Keçdimi gün gözlə qaş arasında,

Solubmu yaz gülün daş arasında.

Mənli mənsiz ötən yaş arasında,

Darıxdığın müddəti anlat mənə.

 

Nə gətirdin bu səfərdən gələndə,

Nə qazandın bu həsrəti böləndə.

Sən həyata gözündə yaş güləndə,

Qaçırdığın fürsəti anlat mənə…

 

Sevib xoşbəxt yaşayıram hələ ki

 

Məni min zəhmətlə böyüdüb deyə,
Anamdan işgüzar qadın bilmirəm.
Atam mənə necə öyüd veribsə,
Hələ pis vərdişin adın bilmirəm.

 

Gözüm gülür adından məhəbbətin,
Çıxmamışam yadından məhəbbətin.
Məst oluram dadından məhəbbətin,
Heç kimin yaxının, yadın bilmirəm.

 

Sevinc dağdır, qaşıyıram hələ ki,
Bəxt məndədi, daşıyıram hələ ki.
Sevib xoşbəxt yaşayıram hələ ki,
Həsrətin, hicranın dadın bilmirəm.

 

Məqsədimi bilsən yetər

 

Həyat özü bir şey deyil,
Hədiyyəsi ondan betər.
Mənə bəxşiş gətirən qız,
Bircə dəfə gülsən yetər.

 

Dolanırsa gendə qismət,
Gələr gözəl gündə qismət.
Məndə abır, səndə ismət,
Məqsədimi bilsən yetər.

 

Arzular gül, ömür dibçək,
Hər telindən bir arzu çək.
Üzdə sevinc, əldə çiçək,
Asta – asta gəlsən yetər.

 

Sən bulud ol, mənsə yağış,
Vuraq bu dünyaya naxış.
Məndə ürək, səndə baxış,
Tən ortadan bölsən yetər.

 

Gülənlərə gülür həyat

 

Bir adam var telləri qar,

Gözündə sel, su ağlayır.

Sanki bir anlaşması var,

Həyat vurur, bu ağlayır.

 

Yazıq, hələ anlamır ki,

Özü qəlbinə çat vurur.

Gülənlərə gülür həyat,

Ağlayanı rahat vurur.

 

Ömrü necə yozasan ki,

Yazı onda, yozan onda.

Ondan kimə yazasan ki,

Yazan onda, pozan onda.

 

 

Bu gecə ən gözəl yaşa gəlirsən

 

Bu gecə ömründən bir il düşəcək,

Bu gecə ömrünü zaman darayır.

Bu gecə bir yarpaq qəfil düşəcək,

Bu gecə gözünü güman darayır.

 

Sən indi yolun tən ortasındasan,

Bu gecə yaşında rəqəm dəyişir.

İnsanlar həyatı vurub – bölürlər,

Axırda nə sevinc, nə qəm dəyişir.

 

Bu gecə ömürdən bir il də gedir,

Saatda hər əqrəb çaş sənə baxır.

Bu gecə qolunu geniş aç görək,

Qapıdan bir yeni yaş sənə baxır.

 

Bu gecə o yaşdan ayrılacaqsan,

Bəlkə də gözünə qəhər gələcək.

Vəfasız gecənin dalınca baxma,

Ömrünə bir yeni səhər gələcək.

 

Bu gecə heç kimi zəhmətə salma,

Bu gecə nə geysən xoşa gəlirsən.

Bu gecə heç kimi diqqətə alma,

Bu gecə ən gözəl yaşa gəlirsən.

 

 

 

 

 

Şanlı bayrağım

 

Bayraq hər ölkənin öz atributu,
Bayraq hər millətin milli rəmzidir.
Bayraq dövlət quran babalarımın,
İstiqlal uğrunda vuran nəbzidir.

 

Şanlı bayrağımın rənglərinə bax,
Qırmızı müasir cəmiyyət demək.
Göy rəng türkçülüyün əlamətidir,
Yaşıl rəng islamı göstərir örnək.

 

Türkün simvoludur qızıl aypara,
Ulduzu vətəndən nur alsa sönməz.
Rəsulzadə ucaldanda demişdi:
Bir kərə yüksəlsə, bir daha enməz.

 

 

Bir dənə sən göyçəyə öyrəşmişəm

 

Şübhə ilə baxma mənə gözəl yar,
Mən əzəldən gerçəyə öyrəşmişəm,
O qədər gəlmişəm sizin bağçaya,
Ağacdakı sərçəyə öyrəşmişəm.

 

Gəl, səhər mehini yaxanda görüm,
Bir üzük almışam, taxanda görüm.
Örtmə pəncərəni, baxanda görüm,
Gül əkdiyin dibçəyə öyrəşmişəm.

 

Mən heç kimi yada salan deyiləm,
Kimsədən bir güman çalan deyiləm.
Mən heç kimə bağlı qalan deyiləm,
Bir dənə sən göyçəyə öyrəşmişəm.

 

 

 

 

 

 

Adına ürək deyirik

 

Sinəmizdə bir guşə var,
Adına ürək deyirik.
İçinə hər şey yığırıq,
Qismətindi çək, deyirik.

 

Səhv eləsən el danışır,
Zəif duyan zil danışır.
Göz görəni dil danışır,
Cüt baxırıq, tək deyirik.

 

Gülüb özgənin üzünə,
Xoş görünürük gözünə.
Evdəkinin hər sözünə,
Darıxma görək, deyirik.

 

 

Cabir Həsənov

Müstəqil.Az

Share: