MSK bu gün seçkiyə yekun vurur – İclas

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Axar.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə bağlı daxil olmuş müraciətlərə baxılır.

MSK-nın bugünkü iclasının gündəliyinə, həmçinin seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün dairə seçki komissiyası protokolları və onlara əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim edilməsi daxildir.

İclasda ilk olaraq 29 saylı Səbail seçki dairəsi üzrə namizəd Fərəc Kərimovun şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, F.Kərimov sözügedən DSK-nın nəticələrini mübahisələnidirib və səsvermə günü bütün məntəqələrdə pozuntuların olduğunu bildirib:

“Onun göndərdiyi bir ədəd diskə baxılıb, hər hansı pozuntu aşkar edilməyib”.

MSK şikayətin əsassız sayılmasına dair qərar qəbul edib.

Daha sonra iclasda 72 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizəd Yadigar Sadıqlının şikayətinə baxılıb.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, şikayətçi ilə əlaqə saxlanılıb və o, Lənkərandan Bakıya gəldiyini, yolda olduğunu və iclasda iştirak etmək istədiyini deyib.

MSK bu şikayətə baxılmasını Yadigar Sadıqlı iclasa yetişənədək təxirə salıb.

***

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək, seçidə qanun pozuntularına yol verildiyini bildirib.

MSK üzvü Ramiz İbrahimov bildirib ki, MSK tərəfindən aparılan geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul edilib.

 

Share: