Ədəbiyyat İnstitutunda Əlişir Nəvaiyə həsr olunmuş konfrans keçirildi

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə birlikdə dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirilib.

Tədbir Əlişir Nəvainin Bakıdakı heykəlinin ziyarəti ilə başlayıb. Azərbaycan və Özbəkistan milli rəqslərinin nümayişi ilə başlayan tədbirdə bir neçə ali məktəbin tələbələri də iştirak ediblər. Konfransın heykəl önündəki açılış mərasimində Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Şerzod Fayziyev, AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev çıxış ediblər. Çıxışlardan sonra konfrans iştirakçıları Əlişir Nəvainin heykəli önünə güllər qoyublar.

Sonra Ədəbiyyat İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində yaradılmış Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin açılışı olub. Həmçinin kitab və özbək rəmzi əşyalarından təşkil edilmiş sərgiyə baxış keçirilib.

Konfransı giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqı ilə özbək xalqını ortaq tarixi köklərin və mədəniyyətin birləşdirdiyini bildirib. Bakıda Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin heykəllərinin ucaldılmasını birlik və qardaşlığın simvolu kimi xarakterizə edib. 2008-ci ildə Nəvainin heykəlinin açılış mərasində Prezident İlham Əliyevin iştirakını və nitq söyləməsini dostluq və qardaşlığa verilən yüksək qiymət kimi mənalandırıb. Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən söz açıb. Akademik İsa Həbibbəyli əlavə edib ki, institut elmi şurasının qərarı ilə professor Şuxrat Sirojiddinov Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri doktoru seçilib. O, Fəxri doktor diplomunu və mantiyanı Şuxrat Sirojiddinova təqdim edib.

Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinov isə çıxışında iki qurum arasında imzalanmış müqaviləyə əsasən Daşkənddə Füzulişünaslıq Mərkəzinin fəaliyyətə başladığını söyləyib. O, özbək milli geyimi olan çapanı Akademik İsa Həbibbəyliyə təqdim edib .

Sonra Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə birinci müavini Nadir Xalbutayev AYB-nin üzvü Akif Bağırova və Almaz Ülviyə Özbəkistan Yazıçılar Birliyinin Fəxri üzvlük vəsiqəsini və Birliyin təşəkkürnaməsini təqdim edib. Həmçinin iki ölkənin mədəni əlaqələrinin inkişafındakı xidmətinə görə Yaşar Qasımbəyliyə də simvolik hədiyyə təqdim olunub.

Konfransda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Böyük özbək şairi Əlişir Nəvai haqqında söz”,  filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi “Əlişir Nəvai və Azərbaycan” adlı məruzələrlə çıxış ediblər.

Qonaqlardan şair Nadir Xalbutayev Əlişir Nəvaiyə həsr etdiyi şeirlə, Özbəkistan Yazıçılar Birliyinin Ədəbi tənqid bölməsinin müdiri, filologiya elmləri doktoru, professor Nurbay Cabbarov “Əlişir Nəvai və dil saflığı məsələləri”, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun professoru, filologiya elmləri doktoru Bokijon Tuxliyev “Əlişir Nəvai tuyuq janrı haqqında” adlı məruzələrlə çıxış ediblər.

Konfransda filologiya elmləri doktoru Yaşar Qasımbəyli “Əlişir Nəvainin lirikası”, BDU-nun professoru, filologiya elmləri doktoru Ramiz Əskər “Maqsud Şeyxzadə – böyük nəvaişünas”, filologiya üzrə fəlsəfə doktoru, nəvaişünas Alimcan Dövlətov “Əlişir Nəvai qəzəllərinin ictimai-fəlsəfi mahiyyəti” məruzələrini səsləndiriblər.

Ədəbiyyat İnstitutunun dissertantlarından İlhamə Sultanova “Əlişir Nəvai ədəbi irsi Cənnət Nağıyevanın tədqiqatlarında”, Sənubər Səmədova “Əlişir Nəvai yaradıcılığının müstəqillik illərində Azərbaycanda öyrənilməsi” adlı məruzələrlə  çıxış ediblər.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

     İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

 

Share: