Ölənlər geri qayıtmır

Esmira MƏHİQIZI

Anası öləndən sonra atası evləndi və Teyyub evlərindən qaçaq düşdü. hər gün binanın başında divara söykənib yola baxardı, elə diqqətlə, elə həvəslə, həm də saatlarla baxardı. Sanki baxdığı səmtdən kimsə gələcəkdi, sanki kimsə ona söz vermişdi ki, qayıdacam, o da gözlərini yollardan yığa bilmirdi. Teyyubun boz-bulanlıq gözləri yollara dağılmışdı. Hamı onun gözlərinin üstündən keçib gedirdi və Teyyubun gözləri ayaqlar altında qalıb əzilirdi. Ha istəyirdim onun gözlərini yollardan, səkilərdən, küçələrdən yığım, yığa bilmirdim..
Teyyubun gözləri yollardaydı..
**
Hərdən başına toplaşar və bir neçə dəqiqə biz də onun baxdığı səmtə baxardıq, baxardıq, tez bir zamanda yorulub oynamağa qaçardıq. Amma Teyyub baxmaqdan yorulmazdı. baxardı, baxardı.. Və anası öləndən sonra bir uşaqlıq yaşamadı, ancaq baxdı, baxdı..
Biz onda Teyyubu anlaya bilməzdik, axı..hamımızın anamız varıydı və analarımız Teyyuba şəfqətlə yanaşır, bizə yeməyə nəsə verəndə Teyyuba da verərdilər, atalarımız bizə kinoya getməyə, ya xərclik pul verəndə mütləq Teyyyubun da cibinə pul qoyardılar… O da həmin pullarla papiros alıb, xəlvətcə çəkərdi.

 

Esmira Mehiqızı adlı şəxsin şəkli.

Ehhh..Teyyub yollara necə baxardı, necə baxardı..
artıq neçə iliydi ki, biz də Teyyubun bu yalnızlığına, bu baxışlarına, bu gözləntisinə adət eləmişdik. Və Teyyubu yerində görməsək, bu boyda binanın yarıuçmuş zənn edərdik, sanki Teyyub kürəyi ilə bizim binanı saxlayır, yıxılmağa qoymurdu..
**
Bir dəfə  analığı döymüşdü..həminki yerində yerə çöməlib səssiz-səssiz ağlayırdı. yanında oturub başını yuxarı qaldırmağa çalışdım,
– Ay qa, niyə ağlayırsan?
Elə bu vaxt Teyyubun ata nənəsi gəldi, onu qucaqlayıb, o da ağlamağa başladı.
– Cann, ay dilsiz balam, harana vurdu əliyanmış, qolusınmış.
Teyyub nənəsinin sinəsinə daha da möhkəm sığınıb, bir əliylə belini göstərdi. nənəsi onun köynəyini yuxarı qaldıranda, Teyyubun belindəki qırmızı zolaqların necə qabardığını gördüm. Analığı deyəsən lap möhkəm döymüşdü onu.
Sonra nənəsi, ağı deyirmiş kimi mızıldandı,
-Bilmirəm dərdimi kimə deyim, ay el, ay oba. oğul da adamı eşitmir, gəlin də. Bax bu tifilin günahı nədir. Cannn ay balam, kürəyin zol-zoldu, cann. bıyyy səni yanasan ay qansız

Sonra da çarəsiz bir halla Teyyubun başını sığalladı
-Sən də gözünü yollardan yığ, ağrın alım. Vallah anan gəlməyəcək, heç vaxt gəlməyəcək, ay Teyyub. Ölənlər geri qayıtmır, dur gedək evə, dur gedək belinə təpitmə qoyum, oyy
**
Və…
Onda bildim ki,
əslində çox şeyi sonralar bilir adam, həm də yaşadıqlarından, gördüklərindən. Bilirsən ki, bildiklərin elə deyilmiş.
Bəlkə mən də o yaşda elə düşünə bilərdim. yəni ölənlərin geri qayıdacağını..
Amma indi dəqiq bilirəm ki, Teyyub da qayıtmayacaq.

Share: