“YAŞAMAĞIN MƏNASI…”- Mikayıl Bozalqanlı Nazim Aslan haqqında yazır…

Mahiyyətindən, məzmunundan və formasından asılı olmayaraq hər kəs öz taleyini yaşayir- davranış tərzi ilə, vərdişləri ilə, sevinci ilə, kədəri ilə, qayğıları və problemləri ilə.
1960-cı ilin 22 fevral tarixində Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açmış Nazim Aslan da (Nazim Aslan oğlu Vəliyev) uşaqlığından bu günə kimi zəhməti, çalışqanlığı, zamana və hadisələrə adekvat münasibət göstərmək bacarığı ilə öz həyat yolunu gəlməkdədir.
Dünyaya göz açdığı Tovuz rayonunun Bozalqanlı kəndində ciyərlərinə çəkdiyi hava kimi saf, su kimi duru uşaqlığını da elə o arada keçirmiş, respublikada kifayət qədər məşhur olan Bozalqanlı kənd orta məktəbini bitirmişdir.
İndiki Azərbaycan Neft və Sənaye Universitetini “neftçıxarma mühəndisi” ixtisası üzrə bitirdikdən sonra 1997—1982-ci illərdə ADNA, 1998-2002-ci illərdə Dövlət İdarəçilik Akademiyasını müvəffəqiyyətlə bitirmiş, Ümumdünya texnologiya Universiteti və YUNESKO-nun Akkreditasiyasi üzrə Texnika elmləri Doktoru elmi dərəcəsinə qədər yüksəlmişdir. İşinə olan marağı və məhəbbəti onun illər keçdikcə çalışdığı müəssisədə (SOCAR) “neft yataqlarının işlənilməsi” ixtisası üzrə pillə-pillə ARDNŞ-in Baş ofisində “Elm və texnika” şöbəsinin rəisi, paralel olaraq ictimai əsaslarla Baş ofisin “Həmkarlar İttifaqı Komitəsi” sədri vəzifəsinə yüksəlmiş, üzvü olduğu kollektivin hörmətini qazanmışdır. Yaradıcı əməyinin nəticəsi olaraq dəfələrlə müxtəlif fəxri fərmanlar, diplomlar və medallar olmaqla ARDNŞ və Respublika Prezidenti tərəfindən mükafatlandırılmışdır.
Əsas fəaliyyət növü ilə yanaşı həm də hələ ilk gənclik illərindən başlayaraq ədəbiyyata, poeziya, xalq yaradıcılığına, aşıq-saz sənətinə olan marağı onu ilk şeirlərini yazmağa sövq etmişdir. Hal-hazırda “Qızıl Qələm” mükafatı ilə təltif edilmiş Nazim Aslanın 2001-cildə “Sənsiz yaşamağa dəyməz” və 2011-ci ildə “İzin qalacaq” adlı iki şeir kitabı işıq üzü görmüşdür.
Sabah, 22 fevral 2020-ci il tarixində 60 illik yubileyini qeyd etməyə hazırlaşdığımız neftçi-şair Nazim Aslan hər zaman elinə-obasına, kəndinə-kəsəyinə, ailəsinə, qohumlarına, dostlarına və tanışlarına xüsusi sevgi, diqqət və qayğı ilə yanaşmışdır.
60 illik yubileyi münasibəti ilə neftçi dostumuz, şair dostumuz Nazim Aslanı səmimi qəlbdən təbrik edir, ona sağlıqlı uzun ömür, həyatında və fəaliyyətində daha yeni uğurlar arzulayıram. Ümid edirəm ki, şairin poetik duyğuları, hissləri, poetik yaradıcılığı ilə hələ taniş omağa imkanı olmamış oxucular, eləcə də, onu yaxından tanıyanlar üçün müəllifi olduğu hər iki şeir kitabından bir neçə seçmələr vermək yerinə düşərdi.
 
SALDI
Tale yaman çəkdi məni sınağa
Çəndən çəkinirdim, dumana saldı.
Bir damcı kədərim coşdu, qaynadı,
Məni qəm mayalı ümmana saldı.
Arzum heçə çıxdı, ümid puç oldu,
Şirin xəyallarım saraldı, soldu.
Kədərin şaxtası saçıma doldu,
Alnıma qırışdan nişana saldı.
Günahım nə imiş görən dünyada
Məni saldı belə aha, fəryada?
Qurtuluş axtardım, amma, nə fayda
Yönümü qaranlıq gümana saldı.
Dərdimi deməyə varmadı dilim
Köksümə çəkildi dağ dilim-dilim.
Yaman ağır gəldi bu bahar ilim,
Ömrün gənc çağında xəzana saldı.
Yandım için-için, çıxmadı tüstüm
Oldu çilik-çilik sanki bəxt güzgüm.
Vəfasız dünyadan, həyatdan küsdüm,
Bəxtimi ömürlük zindana saldı.
Çəkildi göylərə ömür sarvanım,
Yarı yolda qaldı həyat karvanım.
Pozuldu dincliyim, nizam- rəvanım,
Gecələr yuxusuz fəqana saldı.
Allah, bu cəzamı, sınaqmı, nəmi?
Bəsdir, yetər eylə çəkdiyim qəmi!
Rəhmin əsirgəmə, hifz et ailəmi,
Desinlər rəbb özü sahmana saldı.
Bakı, 2006-ci il
 
 
 
 
 
 
 
 
GÖRƏDİR
Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!
İnsanın kökündən gəlir ləyaqət,
Genindən, qanından boy atır qeyrət.
Saflıq, mənəviyyat, dəyanət, ismət,
Abıra, həyaya, ara görədir!
Oxumaq, öyrənmək sevir zəhməti,
Əməllə qazanar insan şöhrəti.
Aqil müdrikliyi, alim qüdrəti,
Çıxardığı düz qərara görədir!
Olsa da bir kəsin çox var- dövləti,
Ola bilsin yoxdur heç ləyaqəti.
İnsanın şərəfli halal sərvəti,
Zəhmətdən boy tutan vara görədir!
Nazim, gəl qoru sən dost tək neməti,
Odur həyatında qazancın qəti.
Dostun dosta olan inam, rəğbəti,
Qazandığı etibara görədir
Bakı, 14.12.2000-ci il.
QOCALDIQMI?
Yaş üstünə bir yaş gəldi,
Ucaldıqmı bir il də biz?
Yaş da başa bir əngəldi,
Qocaldıqmı bir il də biz?
Uşaqlıqda yaşımızı,
Artırardıq hər kəs sorsa.
İndi ağsaç başımızı,
Qaraldarıq imkan olsa.
Cavan ikən yaşlılar tək,
Aparardıq özümüzü.
Əks olsa da indi istək,
Zaman bükür dizimizi.
Adam var ki, artdıqca yaş.
Üz-gözünün artır nuru.
Müdriklikdən ağarır baş,
Ağıl olur varı, pulu.
Adam da var ilbəildən,
Ağarsa da saç-saqqalı.
Əl çəkməyir pis əməldən,
Qurtarmayır qeylü-qalı.
Cavanlığa, yaşlılığa,
Yanaşmayaq qısqanc, küskün.
Yamanlığa, yaxşılığa,
Qiymət versin hər kəs düzgün.
İnsan oğlu, olma bədbin,
Öz ləzzəti var hər dövrün.
Həyata bax xürrəm, nikbin.
Olduğun tək çalış görün.
Qocaldıqca ucalaşsaq,
Qocalmağın qorxusu yox.
Ucalmaqda “qocalaşsaq”,
“Ucalmağın” qorxusu çox!
Yaş üstünə bir yaş gəldi,
Ucaldıqmı bir il də biz?
Yaş da başa bir əngəldi,
Qocaldıqmı bir il də biz?
22.02.2001-ci il Bakı.
 
OCAĞIMDA KÖZ QALACAQ!
Göz yaşlarım ümman, dəniz,
Güman yox ki, azalacaq.
Təşnələnib içər olsam,
Dodağımda duz qalacaq.
Göz yaşlarım dərdli kəhriz,
Damla-damla axır sənsiz,
Ha axsa da gizli-səssiz,
Yanağımda iz salacaq.
Göz yaşlarım çağlayan çay,
Həsrətindən mənə bir pay,
Sənsizlikdən çəkib haray,
Nakam eşqdən söz salacaq.
Göz yaşlarım gilə-gilə,
Cığır açır dərd-nisgilə,
Hicran dönsə aya, ilə,
Vüsalına buz salacaq.
Göz yaşlarım desə “bəsdi”
Sanma eşqin odu kəsdi,
Kəsilsə də alov, tüstü,
Ocağımda köz qalacaq,
Ocağımda köz qalacaq!
07.09.2001-ci il, Bakı.
 
 
MƏNİM OLA, OLMAYA….
Bir sevdanın həsrət yükü belimdə,
Ayrılığın şikayəti dilimdə.
Tutammadım səadəti əlimdə,
İndən sonra mənim ola, olmaya…
Sevən könül yaman qübar bağlayır,
Bu ayrılıq ürəyimi dağlayır.
Həsrət gözlər dolub, dolub ağlayır,
İndən sonra bir də dola, dolmaya…
Yaş dəyişir, ömür bağlı zamana,
Bu sevdanın yolu düşmüş dumana.
Vüsal itkin, vüsal qalmış gümana,
Qovuşmağa ümid qala, qalmaya…
Bu bəlkə bir haqq yazısı, qaçılmaz,
Qismət yoxsa bu eşqə nur saçılmaz.
Bəxtim düyün, açıla ya, açılmaz.
Bir də məni eşqə sala, salmaya…
Bakı, Oktyabr 2001-ci il.
 
YAŞAYIRSAN HƏLƏ DƏ!
İnsanlara kömək edib, sevirsənsə elini,
Pisliyin yox, yaxşılığın, bilirsənsə dilini.
Bir yazığın, kimsəsizin tutmusansa əlini,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bir baxışın alovundan isinirsə ürəyin,
Biganəlik qrovundan üşüyürsə kürəyin.
Bir sevdadan boy tutursa neçə arzu, diləyin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Ya sevincdən, ya kədərdən ağlayırsa gözlərin,
Ya qiymətdən, ya kəsərdən düşməyibsə sözlərin,
Lap ölsən də, bu dünyada qalacaqsa izlərin,
Demək həyat davam edir, yaşayırsan hələ də!
Bakı, 14 noyabr 2001-ci il.
YAMAN MƏYUS ETDI SEVDAMIZ BIZI
Yaman məyus etdi sevdamız bizi
Borandan, şaxtadan çıxa bilmədi.
Gəl biz qınamayaq bir-birimizi,
Yəqin taleyimiz üzə gülmədi…
Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
Sən məndə, mən səndə arayıb qüsur,
Qoyduq təməlini acı həsrətin.
Bu bir adi sınaq, ondan keçmədik,
Demək ötəriymiş bu hisslər bizdə.
Sevgini həvəsdən düzgün seçmədik,
Yamanca yanıldıq hisslərimizdə.
Güzəştə getməyə qadir olmayan,
-Bu sevgi ürəkdən deyilmiş yəqin.
Hicrandan, həsrətdən, gözü dolmayan,
-Məhəbbət boy atıb yaşasın çətin.
Səndəki təkəbbür, məndəki qürur,
Qənimi oldular bu məhəbbətin.
İndi qarşımızda bircə yol durur,
Çəkək acısını bu həqiqətin.
Bakı, 6. 11. 2002-ci il.
İÇIN- IÇIN YANDIM…
Gözə baxdım, göz dərin,
Gözlərində köz dərin.
Gözlərdəki közlərin
Atəşində yandım, ah!…
Gözə baxdım, göz dərin,
Gözəl, süzgün gözlərin.
Gözü közlü gözəlin ,
Sevdasını andım , ah!…
Gözə baxdım, göz dərin,
Gözlərində gözlərim.
Gözlərində gözlədim,
Gözün gözüm sandım, ah!…
Gözə baxdım, göz dərin,
“Gözə gələr” gözlərin.
Gözün gərək gizlədim,
Bu istəyi dandım, ah!…
Gözə baxdım, göz dərin,
Gözlərində köz “sərin”
Gözlərdəki “sözlərin”
“Yaş fərqini” qandım, ah!…
İçin-için yandım, ah!…
İçin-için yandım, ah!…
Bakı, 05.05.2000-ci il.
YAŞAMAĞIN NƏ MƏNASI?
Tonqal sitib kül olursa,
Qanqal bitib gül solursa,
İlqar itib göz dolursa,
Yaşamağın nə mənası?
“Mərd” namərdə baş əyirsə,
Namərd mərdə “yaş” deyirsə,
Mərdə dərddən daş dəyirsə,
Yaşamağın nə mənası?
Məhəbbətə hicran dolsa,
Sədaqətdə yalan bolsa,
Səadətdə güman olsa,
Yaşamağın nə mənası?
30.08. 2001-ci il, Bakı.
QURBAN OLDUĞUM
Ay kimi bərq vurur hüsn-camalı,
Hüsn-camalına qurban olduğum!
Siyah məxmər kimi göz vurur xalı,
Üzündə xalına qurban olduğum!
Yanaqlar təzə-tər qaymaqçiçəyi,
Dodaqlar çiçəyin həya ləçəyi.
Soraqlar hər aşiq bu şövq- göyçəyi,
Şövqi-cəlalına qurban olduğum!
Salxım söyüd zülfü siyah, sığallı,
Sivri kirpikləri oynayır «yallı».
Qaməti biçimli, ağıl-kamallı,
Ağıl-kamalına qurban olduğum!
Bu bir gözəllik ki, ilahi yazı,
Bir baxan istəyər yüz baxa azı.
Şəkərmi, balmıdır qəmzeyi-nazı,
Şəkəri-balına qurban olduğum!
Elə ki, gözünü süzdürüb baxır,
Sanki eşq çələngin böynuma taxır,
Nazimi sevginin oduna yaxır,
Şirin vüsalına qurban olduğum!
Bakı, 30.01.2003-cü il
KASIBLIQ
 
«Mərdi qova-qova namərd eyləyər»
Ömürü dərd-qəmə calar kasıblıq.
Şərəfi, qüruru taqətdən salıb,
Ayaqlar altına salar kasıblıq.
Nə «var»a baxar o, nə «yox»u bilər,
Evdə hər nə varsa süpürüb silər.
Şkafa baş vurar, servanta girər,
Qənddanı, güldanı talar kasıblıq.
İnsafdan, mürvətdən onda yox əsər,
Sanki «qara yel» tək daimi əsər.
İşıq, qaz pulu tək qapını kəsər,
Cibdən son manatı çalar kasıblıq.
Məzlum görkəm verər qəddə, qamətə,
Dözdürər hər cürə təhqir, minnətə.
Salıb əziyyətə, min cür zillətə,
Canı erkən ikən alar kasıblıq.
Rahat ölümü də heç rəva bilməz,
Borclu ölən kəsin ruhu da gülməz,
Borcun nişanəsin zaman da silməz
Miskin başdaşı tək qalar kasblıq.
Bakı, 2004-cü il
SƏNI SEVDIYIMI DUYARSAN YƏQIN
Həsrətdən üzülən üzümə baxsan,
Yaşdan gilə tutan düzümə baxsan,
Yolunu gözləyən gözümə baxsan,
Səni sevdiyimi duyarsan yəqin!
Yuxusuz gecədən soraq eyləsən,
Könül kitabımı varaq eyləsən,
Etibar, vəfada sınaq eyləsən,
Səni sevdiyimi duyarsan yəqin!
Sən də fikir çəkib, xəyala dalsan,
Mənim tək hicranın əlində qalsan,
Aydan, ulduzlardan bir xəbər alsan,
Səni sevdiyimi duyarsan yəqin!
Gözlərin önünə gətirsən məni,
Sezsən üz-gözümdə dumanı, çəni,
Alnımda qırışı, saçımda dəni,
Səni sevdiyimi duyarsan yəqin!
Bakı, 02.03.2005.
SEVİLƏNDƏ, SEVƏNDƏ
Dəyişər sanki həyat
Seviləndə, sevəndə.
Könül istər toy, büsat
Seviləndə, sevəndə!
Quşlar ötər daha şən,
Günəş doğar lap erkən.
Yoxa çıxar duman, çən
Seviləndə, sevəndə!
Bağça-bağlar gül açar
Güllər əldə dil açar
Dillər sirri bil, açar
Seviləndə, sevəndə!
İnsanın üzü gülər
Baxışı, gözü gülər
Söhbəti, sözü gülər
Seviləndə, sevəndə!
Mənalanar təbiət
Ağuş açar səadət
Nə gözəldir məhəbbət
Seviləndə, sevəndə!
Bakı, 25.05.2005-ci il
SIRR SAHIBI ISTƏMƏSƏ, AÇILMAZ!
Bu dünyanın dünya boyda sirri var
Sirr sahibi istəməsə, açılmaz!
Bu dünyanın çox nur saçan dürrü var
Dürr sahibi istəməsə, saçılmaz!
Bu dünyanın əzəli nə, sonu nə?
Ölçüsü nə, çəkisi nə, fonu nə?
Əndamına pərdə çəkən donu nə?
Bir sahibi istəməsə, açılmaz!
Hardan almış təbiət bu nizamı?
Kim yaratmış bu məkanı, zamanı?
Kim qurmuşdur bu tərəzi-mizanı?
Bil, sahibi istəməsə, sarsılmaz!
Mənası nə sonsuz sayda ulduzun?
Sonu varmı bu alovun, bu buzun?
Səddi harda, bu hüdudsuz «sonsuz»un?
Bil, sahibi istəməsə, aşılmaz!
Tükənməzdir ilahinin qüdrəti
Yaratmışdır bu işığı, zülməti
Cazibədən asmış gücü, qüvvəti
Bil, sahibi istəməsə, asılmaz!
Nazim Aslan, sirlə dolu bu aləm.
Kimə sevinc verir, kimiyə dərd-qəm.
Omür-qismət verilmişdir bir kərəm
Bil sahibi istəməsə, qaçılmaz!
Bakı, Noyabr 2005.
 
 
 
 
Şair dostum Zaməddin Ziyadoğlunun
«O kimdir ki…» qıfılbəndinə cavab
Zaməddin Ziyadoğlu
Şair dostum qıfılbəndi aç görüm,
Hər suala bircə kəlmə yazarsan.
Oğulsansa bu tələdən qaç görüm,
Cavabını təcili yaz bacarsan!
Ay Zaməddin, qıfılbəndin açıram,
Düz olmayan cavabları pozarsan.
Çoxcavablı suallardan qaçıram,
Özün bilən mətləblərə yozarsan!
Zaməddin Ziyadoğlu
O kimdir ki, ömrü boyu nur saçar,
O kimdir ki, fəzilətə yol açar,
O kimdir ki, ömrü boyu hey qaçar,
Bir yaşadək o kəs olar qucaqda?!
O anadır, ömrü boyu nur saçar,
O atadır, övlad üçün yol açar
O uşaqdır, yorulmadan hey qaçar,
Körpə ikən olar çox vaxt qucaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, dərisini soyublar,
O kimdir ki, gözlərini oyublar,
O kimdir ki, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda?!
Nəsimidir, dərisini soyublar,
O Alıdır, gözlərini oyublar,
Brunodur*, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, saç-saqqalı dümağdır,
O kimdir ki, adı möhtəşəm dağdır,
O kimdir ki, ölməz, əbədi sağdır,
Bizlərə pənahdır özü hər çağda?!
 
 
Şair dostum Zaməddin Ziyadoğlunun
«O kimdir ki…» qıfılbəndinə cavab
Zaməddin Ziyadoğlu
Şair dostum qıfılbəndi aç görüm,
Hər suala bircə kəlmə yazarsan.
Oğulsansa bu tələdən qaç görüm,
Cavabını təcili yaz bacarsan!
Ay Zaməddin, qıfılbəndin açıram,
Düz olmayan cavabları pozarsan.
Çoxcavablı suallardan qaçıram,
Özün bilən mətləblərə yozarsan!
Zaməddin Ziyadoğlu
O kimdir ki, ömrü boyu nur saçar,
O kimdir ki, fəzilətə yol açar,
O kimdir ki, ömrü boyu hey qaçar,
Bir yaşadək o kəs olar qucaqda?!
O anadır, ömrü boyu nur saçar,
O atadır, övlad üçün yol açar
O uşaqdır, yorulmadan hey qaçar,
Körpə ikən olar çox vaxt qucaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, dərisini soyublar,
O kimdir ki, gözlərini oyublar,
O kimdir ki, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda?!
Nəsimidir, dərisini soyublar,
O Alıdır, gözlərini oyublar,
Brunodur*, heykəlini qoyublar,
Diri-diri yandırıblar ocaqda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, saç-saqqalı dümağdır,
O kimdir ki, adı möhtəşəm dağdır,
O kimdir ki, ölməz, əbədi sağdır,
Bizlərə pənahdır özü hər çağda?!
O Qorquddur, saç-saqqalı dümağdır,
«Babadağ»dır, adı məşhur bir dağdır,
O ALLAHDIR-əbədi bir çıraqdır,
Pənah yeri, ümid yeri hər çağda!
Zaməddin Ziyadoğlu
O kimdir ki, əllicə il yaşadı,
O kimdir ki, şair adı daşıdı,
O kimdir ki, olur əsrin yaşıdı,
Dillər əzbəridir kəndi Qazaxda?!
O Səməddir əllicə il yaşadı,
«Vurğun» kimi şair adı daşıdı,
Mart ayında olur əsrin yaşıdı,
Salahlı tək kəndi vardır Qazaxda!
Zaməddin Ziyadoğlu
Düzünü yaz, dostum səni yormadım,
Düzünü yaz sənə tələ qurmadım,
Zaməddinəm, demə halın sormadım,
Cavabı yaz, çox gözləmə uzaqda!
«Nazim Aslan» imzasında var adım,
Cavabımda çox dərinə varmadım,
Dost sınağın baltalayıb, yarmadım,
Ümidvaram, büdrəmədim sınaqda!
 Cordano Bruno
 
 
XEYIRXAHLIQ EDƏCƏM!
Çöllərinə həsrətin
Vüsal gülü əkəcəm!
Yollarına qeybətin
İnamdan sədd çəkəcəm!
Sevinc, şadlıq nurunu,
Dolduracam cibimə!
Səpəcəyəm mən onu,
Bədxahların qəlbinə!
Yamanlığın, pisliyin,
Qıracağam qıçını!
Tez qocalan gəncliyin
Qaraldacam saçını!
Qəm-qüssənin buzunu,
Əridəcəm əlimdə!
Həyatın dad-duzunu,
Artıracam dilimdə!
Olmağı bu ovqatda,
Öyrədəcəm hamıya!
Çalışacam həyatda,
Pis adamlar qalmıya!
Sonunadək ömrümün,
Xeyirxahlıq edəcəm!
Ağuşuna ölümün,
Xoşbəxt kəstək gedəcəm!
(Nazim Aslan)
Mikayıl Bozalqanlı
Müstəqil.Az
Share: