“Gerçəyin qış naxışları…”-Zahid Sarıtorpaq

 

GERÇƏYİN QIŞ NAXIŞLARI

(Zahid Sarıtorpaq)

Günün bir adı var: soyuq
Rəsmini çəkmək istəsən buz bağlayar fırçan
Canın bir dərdi var: eşq
Hər iki anlamda çəkə bilməzsən axıracan

Gözünü açanacan qapının ağzındakı o balaca
o dəngil-düngül ağacları da
böyümüş gördün artıq.
Özünü asmaq istəyən adama
tab gətirər düşündün budaqları
Həm də düşündün: dönməzliyin bir yolu var —
dözmək..

Soyuq rüzgarların və kimsəsizliyin
uca budaqlarda dağıtdığı bir quş yuvasına toxunur ölü günəş
toxunur və lələkləri tökülür
üşüyən yarımçıq şeirin üstünə.

Sözün bir dərdi var: işıq
İşığın bir dərdi var: sönməmək
Hər iki anlamda belədi könüldə cızılanlar
Hər iki aləmdə belədi yəqin
düşündün: ölməmək…

*********

Nağıl danışanın üzü görünmür,
yumuludur gözü dinləyənin də.

Deyirlər, dərdlilər yaralılar
göydən alma yerinə daş düşəndə
görünürlər biri-birinə.
Daş yağışına düşəndə göründük biri-birimizə.

Sən demə ömrü boyu
hər şeydən çox
insan öz ölümünə hazır olurmuş,
Dirilərin umuduna,
ölülərin tabutuna daş yağanda bildik bunu.

Daş yağışı, daş
ürəyimizin daş yeri də çiçəkləyəcək,
Çiçəyin haqqı daşda qalmaz axı…
Kim deyir ki diz çökənin bir dərdi var,
yalvaranın bir günahı.
Kim deyir ki
ölümünə hökm oxunanın
bir cəlladı var,
öldürülənin bir çəkimlik ahı.
Yalandır inanma, inanma daha.

Ağlayırlar indi
gözləri işığa öyrəşənlərdi,
yara-yaraşığa öyrəşənlərdi.
Belə ağlamazlar dərdi
ağlayışını bilməyən
dərdini gözdən salar.

Neynək
haqq da bir dərviş babadır,
bir gün də yolunu bizdən salar,
eşq kimi…

Müstəqil.Az
67 baxılıb
mersin escort bayan