Bu gün tanınmış şair Əliağa Kürçaylının anım günüdür…

Əliağa Həsənağa oğlu Vəliyev 1928-ci il fevral ayının 20-də Salyan rayonu Kürqaraqaşlı kəndində doğulub. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub, 1944-1946-cı illlərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb.Daha sonra Bakı Təbabət Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş fəhlə olmuş, Rusiya Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946-1947).

Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. “Sənin gözlərin” adlı ilk şeiri ilə (“RUSİYA GƏNCLƏRİ, 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Moskva radio qovşağında redaktor işləmiş, yaşlı yazıçıların I . müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib İİO-nun Filologiya fakültəsinə daxil olmuşdur.

Onu M.Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər, abu-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirir (1949-1954), eyni zamanda “Diaform” qəzeti redaksiyasında ədəbi işçi, “İncəsənət” qəzetində şöbə müdiri (1953-1955) işləyir. Bakıda ali ədəbiyyat kursunun dinləyicisi (1955-1957), “Azərbaycan gəncləri” qəzeti redaksiyasında şöbə müdiri (1959-1965), “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965-1966), “Literaturnıy Azerbaydjan” jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966-1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, yazıçılar ittifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), “Yazıçı” nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur.

1980-ci il fevralın 11-də vəfat etmişdir.

Əliağa Kürçaylının son nəfəsindən yarım saat sonra qızı Ülkər atasının ölüm xəbərini eşidən zaman özünü dənizə ataraq həlak etmişdir.

 

Bakı

Uzaq elli əziz dostum soruşdu
-Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: -Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Çıiçək desən- könül açan çiçəyi,
Külək desən- ev uçuran küləyi,
Qasırğada ağ dalğalar ləçəyi,
Sakit gündə gözü mavi Xəzərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.

 

Yadına düşürəmmi?

Qaldı arxada artıq ömrün xöşbəxt illəri,
İndi mənim əlimə dəyməz sənin əllərin.
Söylə hərdən əsəndə soyuq payız yelləri,
Dağılanda üzünə o pərişan tellərin,
Deyirsənmi olaydıq eşqin gənclik yazında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Səadət fürsətini qaçırtdıq sən də, mən də,
Onu köhlən at kimi salmalıydıq kəməndə,
Hərdən sevda yolunu azıb dumanda, çəndə,
Sənə ümid verəcək bir işıq görməyəndə
Bələdçi olurammı cığırlar arasında?
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlıb görüşürəmmi?
Yadına düşürəmmi?

Gəl, indi xatırlayaq bütün olanları biz,
Özümüz yazmalıykən hökmü biz, qərarı biz,
Taleyin əllərinə verdik ixtiyarı biz,
Günah kimdədir görən? Mən bilmirəm! Barı biz
Bir nişanə qoymadıq xatirə dünyasında.
Heç olmasa xəyalın dumanlı aynasında
Səninlə bir anlığa gəlib görüşürəmmi?
Yadına düşürəmmi?

 

 

Lövhə

Səmada dövrələnirkən
buludların düzümü
Zillədim göylərə həsrətlə
yol çəkən gözümü.
İldırımlar
mənə göstərdi
nurlu gündüzümü.

Sübhədək
mən belə süzdüm
bahar yağışlarını,
Saplı mirvaritək üzdüm
bahar yağışlarını,
Güllərin boynuna düzdüm
bahar yağışlarını.

Yadıma sən düşürsən

Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.

Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.

Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.

Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban…
Onları belə xöşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.

 

 

Əbədiyyət

Mən sənin nəğmənin əks sədası,
Könlünün tükənməz arzularıyam.
Qışında- bir ilıq payız havası,
Yayında- bir sərin quzey qarıyam.

Gecə zülmətində, qaranlığında
Qəfildən parlayan qəmərinəm mən.
Kədərli çağında, qəmli çağında
Dərdini dağıdan xəbərinəm mən.

Səadətli keçən illərinəm mən,
Mənsiz itirirsən bu səadəti.
Günəşə uzanan əllərinəm mən
Məndədir qəlbinin od hərarəti.

Mən sənin yaşanmış dəqiqələrin,
Hələ yaşanacaq ayın, ilinəm.
Mən sənin məhəbbət adlı əsərin,
Sevgi xallarıyla ötən dilinəm.

Mən sənin….
Təsviri mümkünmü məgər?
Hər şeyi söyləmək çətindir, çətin.
Axı necə deyim… Dağlar, dərələr
Kiçik zərrəsidir əbədiyyətin.

 

Qüssəli çağlarında…

Qüssəli çağlarında
Sənin dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə
Kədərlərin bir anda-
Bu uğurlu zamanda
Demək hələ mən varam!

Ümid dumanda, çəndə
Səni atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə günün olubsa,
Demək hələ mən varam!

Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini kəsən zaman,
Sərt yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib dərmisənsə,
Demək hələ mən varam!

Baharınam xəzanda,
Bələdçinəm azanda.
İşığınam zülmətdə,
Həyatınam qürbətdə,
Sənin çətin anında
Mən hazıram yanında,
Demək hələ mən varam!

 

 

Xərclədim gəncliyi…

Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Oxu axtarıram, axtarıram mən.

Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim?!

 

Culyetta

Səni mənim qədər kimsə anlamaz,
Kimsə duya bilməz səni mənimtək.
Sən ölmək istədin dünyada bir az,
Beş saat…
Bir saat…
Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin şirin dadını.
Sənə söyləyərdi hamı o zaman
Cavan Romeonun gözəl qadını.
Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm –
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə Culyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə devdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var.
O, həqiqət sevir, yalnız həqiqət –
Həqiqi bir həyat!
Həqiqi məzar!

 

 

Bir ovuc günəş

İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bürüyərdi qorxu, həyəcan.
Faşist təyyarəsi gəlir sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Elə ki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
“Bir ovuc günəş də qəhətdi bizə,
Qaranlıq yazılıb taleyimizə…”

O gündən bir ovuc günəş sözünü,
Bir ovuc günəşin, nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi.
Nəmli daxmaların dərmanı kimi.
Bildim o həyatdır, güldür. çiçəkdir.
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da.
Ya bir ovuc olsun, ya da bir qətrə –
O gərək nurunu salsın hər yerə.

Al günəş parlayır indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə.
Lakin gizləyərək öz həsrətini,
Bir ovuc günəşin hərarətini
Gözləyən xalqlar var, qəbilələr var.
Günəşsiz açılan neçə səhər var.
Günəşsiz günləri açıram bu gün,
Anamın sözləri keçir qəlbimdən.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür piyada yol gedirəm mən.

 

 

Səninkidir

Nə çox pəncərə var şəhərimizdə,
Ən çox işıqlısı…
O səninkidir!
Gör neçə qağayı üzür dənizdə,
Ən ağı-bəyazı
O səninkidir!

Nəzər sal xurmayı, sarı saçlara,
Ən tündü, qarası…
O səninkidir!
Qəlbimi bəzəyir neçə min yara,
Ən dərin yarası…
O səninkidir!

Mənim borc alınmış bir həyatım var.
Əmanət bir həyat…
O səninkidir!
Mənim şair kimi ülvi adım var,
Ləkəsiz, təmiz ad…
O səninkidir!

Share: