H.Əliyev adına liseydə nasir, yazıçı- dramaturq Elçin Hüseynbəyli ilə görüş keçirildi.

Dünən Bakı şəhəri, H.Əliyev adına liseyin akt zalında nasir, yazıçı- dramaturq, publisist Elçin Hüseynbəyli ilə görüş keçirildi.

Yüzdən artıq şagirdin iştirak etdiyi bu tədbirdə mən də iştirak etdim. Son illərin saysız-hesabsız tədbirlərindən fərqli olan bu görüşün təəssüratından hələ də ayrıla bilməmişəm. Dərsliklərdə əsərləri tədris edilən yazıçı haqqında şagirdlərin geniş və əhatəli məlumatlarına və apardıqları müzakirələrə  heyran qalmamaq olmurdu. Görüş ərzində şagirdlərin demək olar ki, hər biri  yazıçıya müxtəlif suallar ünvanlayırdı. Uşaqların vətənpərvərlik ruhunda böyüməsində Qarabağ mövzusunda yazılan əsərlərin təsiri aydın hiss olunurdu. Bunu sualların çoxunun Qarabağ mövzusuna aid olmasından da hiss etmək olurdu. Şagirdlər “Füruzə qaşlı xəncər”i, demək olar ki, nöqtə və vergülünə qədər təhlil edir, bəzi məqamlara aydınlıq gətirilməsi üçün müəllifə suallar ünvanlayırdı. Şagirdlərin yaddaşında önəmli iz qoyan bu qəbildən olan görüşlərin keçirilməsi bugünümüz və sabahımız üçün çox təqdirəlayiqdir.

Tədbirin yüksək səviyyədə keçirilməsində müəllimlərin əməyini qeyd etməyə bilmərəm. Gələcəyimiz olan bu uşaqların milli ruhda böyüməsində, elmə, biliyə sahiblənməsində onların gərgin və şərəflə çalışmaları bu peşə sahiblərini gözümüzdə bir daha ucaldır və qutsallaşdırır.

 

İLQAR TÜRKOĞLU       

Müstəqil.Az

                              

Share: