“Eşqimi sularda qayıq eləyib, Dəniz, görüşünə gəlmişəm bir də…”- Lilpar Cəmşidqızı

 

QƏZƏL

(Lilpar Cəmşidqızı)

Bilməm nə üçün yarə könül bağladım, Allah,
Çəkdikcə onun həsrətini, ağladım, Allah.

Olmuş neçə dərd ilə qəmin şahidi könlüm,
Onçun belə dəryayə dönüb çağladım, Allah.

Düşdüm elə bir atəşə, sönmür nə edim mən,
Könlüm evini atəş ilə dağladım, Allah.

Yığdım nə qədər xatirələr, var bu könüldə,
İlk gördüyüm andan, bu günə saxladım, Allah.

Gizlində durub mən gecələr yari düşündüm,
Açdım sinəmin xatirəsin yoxladım, Allah.

Hərdən bu sevən könlümə düşdükcə o yarım,
Səssiz oyanıb mən gecələr ağladım, Allah.

Etmişdi o məktublar ilə eşqini izhar,
Məktublar ilə ətrini həm qoxladım, Allah.

Qoydun məni neyçün bu qədər yarımə həsrət,
Həsrətli qalan könlümü həm oxladım, Allah.

Könlümdə olan sirrimi Lilparə demişdim,
Bilməm nə üçün mən bu qədər lafladım, Allah.

 

 

******************Qəzəl*******************

Vətənim ağrı çəkir, gör nə qədər naləsi var,
Qarabağ torpağımın orda şəhid laləsi var.

Gecə-gündüz eləyir, ahu-fəğan orda gülüm,
Qızaran güllərimin hey süzülən jaləsi var.

Yağı düşmən toxunub orda Vətən torpağına,
Susayıb qan içəcək, gör neçə piyyaləsi var.

Vətənim ağrımasın, dağdan ağır dağlarımın,
Döşünün üstə bitən, nərgizi, həm laləsi var.

Zəfərin tez gələcək, ağlama Lilparə deyin,
Qarabağ Ayə dönüb, orda zəfər haləsi var.

GƏLMİŞƏM

Mavi sularına sevgi çiləyib,
Dəniz, görüşünə gəlmişəm bir də.
Eşqimi sularda qayıq eləyib,
Dəniz, görüşünə gəlmişəm bir də.

O əsən küləyin telimi darar,
Dalğalar qucaqlar, belimi sarar.
Sevgilim bu yerdə hey məni arar,
Dəniz, görüşünə gəlmişəm bir də.

Qoy günəş isitsin üzümü mənim,
Oxşasın suların gözümü mənim.
Tapım sahilində özümü mənim,
Dəniz, görüşünə gəlmişəm bir də.

O şıltaq ləpələr oynar üzündə,
Sevinib gülərsən, bax, sən özün də.
Elə çırpınarsan, qalmaz izin də,
Dəniz, görüşünə gəlmişəm birdə.

Bir vaxt sevgilimlə qoşa gəzərdik,
Sərin sularında birgə üzərdik.
Dönüb buludlara, göydə süzərdik,
Dəniz, görüşünə gəlmişəm bir də.

Necə unutdurum könlümə səni,
Qovardın başımdan dumanı, çəni.
Sevmədim yanında bir an kimsəni,
Dəniz, görüşünə gəlmişəm bir də.

 

Ay gözəl

Sən gedəndən günüm yaman qaradı,
Ayrılığın saçlarımı daradı.
Özgə bizə elçi düşüb aradı,
Ay üzünə baxammıram, ay gözəl.

Gəl görüşək, durma belə uzaqda,
Üşüyərsən bu soyuqda, sazaqda.
Bu sevdamız qalıb yenə tuzaqda,
Ay üzünə baxammıram, ay gözəl.

Unutmadım nə əhdi, ilqarı,
Kim unudar sənin kimi bir yarı.
Dedin burda görüb özün Lilparı,
Ay üzünə baxammıram, ay gözəl.

 

 

Şəhid gülüm

Vətən sənə qurban olum, azad ol,
Şəhid gülüm çiçəkləyib güləndə.
Qov başından ağrı çəkən o çəni,
Şəhid gülüm çiçəkləyib güləndə.

Kim çağırıb yurdumuza “təkəni”,
Qarabağa dərdi, qəmi tökəni.
Qovacayıq torpağa göz dikəni,
Şəhid gülüm çiçəkləyib güləndə.

Azad Vətən, azad günün mənim ol,
Kəhrabatək zəmilərin, dənim ol.
Ulu Tanrım, düşmənələrə qənim ol,
Şəhid gülüm çiçəkləyib güləndə.

Uyuyacam torpağında, daşında,
Qar olacam dağlarının başında,
Toy edəcəm dərdlərimin yaşında,
Şəhid gülüm çiçəkləyib güləndə.

Çiçəklərin qəmi gedər, naz gələr,
Oxşamağa kaman gələr, saz gələr.
Bir gün olar, Vətənimə yaz gələr,
Şəhid gülüm çiçəkləyib güləndə.

 

Müstəqil.Az

Share: