Aynişandan nişanlısı haqqında etiraf: “Kənan qısqananda alov kimi alışıb-yanır” – FOTO

“Kənan hər zaman istəyir ki, mən səliqəli və gözəl görünüm. O, özünə inanır. Sırf öz eqosunu məmnun etmək üçün pis göstərən geyimləri mənə məsləhət görməz”.

Oxu.Az xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımovanın bir neçə gün öncə fitness müəllimi Kənan Əliyevlə nişanlanan müğənni qızı Aynişan Quliyeva sosial media hesabında izləyicilərin suallarını cavablandırarkən yazıb.

“Kənan bəy qısqancdır? Nələri sizə qadağa qoyub?”, – sualına Aynişan belə cavab verib:

 

“Təbii ki, hər hansı geyim ona açıq-saçıq gələ bilər. Mən ona xoş gəlməyəni etmirəm. Bunu qorxduğum üçün deyil, sevdiyim üçün etmirəm. Çünki geyim önəmli deyil, hüzur önəmlidir.

O ki qaldı qısqanclığa, hər ikimiz “qoç” bürcündənik. İkimiz də qısqancıq. Məncə, o daha çox qısqancdır. Mənim qısqanclığım uşaq kimi olur. O, qısqananda isə alov kimi alışıb-yanır”.

A.Quliyeva nikah mərasimindən dərhal sonra atasının məzarı önünə gedərək, onu ziyarət etdiyini bildirib:

“Nikahdan dərhal sonra atamı ziyarət etdim. Atamla söhbətləşdim. Göz yaşlarım dayanmadan axırdı. Onun varlığını hiss edirdim. Yanımda olmasa belə, o, hər zaman məni qoruyub”.

Xatırladaq ki, Aynişanın atası Xalid Quliyev hərbçi olub. O, 1992-ci ildə Qarabağda gedən döyüşlərdə vətən uğrunda şəhid olub.

Qeyd edək ki, dekabr ayında fitness müəllimi K.Əliyevlə nişanlanan A.Quliyevanın qız toyu fevralın 1-də, oğlan toyu isə fevralın 8-də olacaq. Hər iki məclis mediaya qapalı baş tutacaq.

Share: