Hardan sürgün olduq bura?-bilmirəm- Biz başqa dünyanın adamlarıyıq.

SƏN “UNUT” DEMİŞDİN….
 
Deyirlər kor olur sevginin gözü,
Külü yandıracaq, sönsə də közü.
Titrəyə-titrəyə dediyin sözü-
Sən “unut” demişdin, mən unutmadım.
 
Əziz saxlasam da hər an xətrini,
Deyirsən; bilmədim sənin qədrini,
Əlin istisini, saçın ətrini-
Sən “unut” demişdin, mən unutmadım.
 
Sevinmək yaraşır mənim harama?!
Həsrət duz basacaq hələ yarama…
Məndə günah gəzmə, günah arama-
Sən “unut” demişdin, mən unutmadım.
 
İndi başqa vaxtdı, başqa zamandı,
Qış gəlib, dağların başı dumandı.
Verdiyin vədəni, içdiyin andı-
Sən “unut” demişdin, mən unutmadım.
 
Məhəbbət qoyubdu bir küncə məni,
Bu yara göynədər ölüncə məni…
Qoşa gəzdiyimiz çölü, çəməni-
Sən “unut” demişdin, mən unutmadım.
 
Sən gedən yollara boylanıram hey…
Qismətlə barışdım, etmirəm giley,
Elə bilirsən ki, qurtardı hər şey?-
Sən “unut” demişdin, mən də unutdum?
 
 
BİZ BAŞQA DÜNYANIN ADAMLARIYIQ
 
Hardansa buraya azıb gəlmişik-
Biz başqa dünyanın adamlarıyıq.
Bəlkə də qovublar, qaçıb gəlmişik-
Biz başqa dünyanın adamlarıyıq.
 
Kiminə var-dövlət, sərvətdi dünya,
Kiminə şəkərdi, şərbətdi dünya,
Biz burda qəribik, qürbətdi dünya-
Biz başqa dünyanın adamlarıyıq.
 
Yoruldum, ayaqda dura bilmirəm,
Özümə bir yuva qura bilmirəm.
Hardan sürgün olduq bura?-bilmirəm-
Biz başqa dünyanın adamlarıyıq.
 
Kimə qəlb isidib, könül verəsən,
Daşı daş üstünə necə hörəsən?
Zənbillə düşmüşük göydən görəsən?-
Biz başqa dünyanın adamlarıyıq?
 
Varı çox olana “bəli” deyirlər,
Əhddən dönməyənə “zəli” deyirlər.
Sevirik, sevənə “dəli” deyirlər-
Biz başqa dünyanın adamlarıyıq.
 
Gözümdə qalıbsa arzum, diləyim,
Vədəsiz solubsa gülüm, çiçəyim,
Gədək bu dünyadan, mənim ürəyim-
Biz başqa dünyanın adamlarıyıq.
Biz başqa dünyanın adamlarıyıq?!
 
APAR MƏNİ GÖY ÜZÜNDƏN O YANA
 
Tanrım, sənə qurban olum, nə olar,
Apar məni göy üzündən o yana.
Ürəyimdə gül açmadı arzular-
Apar məni göy üzündən o yana.
 
Könlüm burda qərarsızdı, veyildi,
Dərdə düşüb şux qamətim əyildi…
Bu vəfasız dünya mənlik deyildi-
Apar məni göy üzündən o yana.
 
Çox boylandım işıq gələn tərəfə,
Atdığım ox heç dəymədi hədəfə.
Yerdə üzüm gülmədiki bir dəfə-
Apar məni göy üzündən o yana.
 
Ümidlərim göyərmədi bu yaz da,
Dərdlərimi dinləndirdi o saz da.
Ora sənə yaxın olar bir az da-
Apar məni göy üzündən o yana.
 
Güman etdim, istədiyim olmadı,
Sevinc məni heç vecinə almadı…
Səndən başqa umacağım qalmadı-
Apar məni göy üzündən o yana.
 
Səxavətin, rəhmin çoxdu, İlahi,
Sərvətinə gözüm toxdu, İlahi!
Bu tərəfdə halım yoxdu, İlahi-
Apar məni göy üzündən o yana.
Şərafəddin İlkin
Share: