“Günəşin Nuru” layihəsinin Gəncə təqdimatı balaca Ayxanın əziz xatirəsinə həsr olundu- FOTO

Bu il “Günəşin Nuru” layihəsinin Gəncə təqdimatı Ayxan balanın əziz xatirəsinə həsr olundu.
Layihə rəhbəri Esmira Günəş, şairənin həyat yoldaşı Arif Abbasov, Xasay Cahangirov adına Ədəbi Məktəbin sədri Solmaz Cahangirova, gənc aşıqlardan Şəhriyar Kəlbəcərli, Ayxanın dayısı Elşad Haqverdiyev Raya xanımla birlikdə ilk olaraq məzarı ziyarət etdilər.
Nənəsi Raya xanım Ayxanın vaxtsız ölümü ilə barışa bilmir və qəlbinin fəryadını qələmini dindirərək kağızlara danışır. Yazdığı hər şeirdə Ayxanı səsləyir “səndən doya bilmədik, dünyadan vaxtsız gedən, balam” deyərək şeirlərinə sığınır. Göz yaşlarını mürəkkəb edən Raya xanım dərdini yazdığı şeirlərlə ovutmağa çalışır.
Biz qəbiristanlıqda Ayxanın ev muzeyi ilə qarşılaşdıq. Şəkillərdən, Raya xanımın Ayxana həsr etdiyi kitabdan Ayxanın məzarı haqqında xəbərim olsa da orda olmaq, hər şeyin şahidi olmaq misralara sığa bilməyən duyğuların qarışığıdır. İnanın ki, bu ailə balaca övladları üçün sözün əsl mənasında muzey yaradıb orada. Ayxanın məktəb gündəliyindən tutmuş, oyuncaqları da məzarında ona yoldaş idi.
Vaxtsız dünyasını dəyişən körpə uşaqların şəkli əks olunmuş lövhədə :”Ayxanın cənnətdəki dostları” yazısını oxuyarkən insan göz yaşlarına boğulur. Məzarı ziyarət edənlər yorulmasın deyə “Ayxan Masası” adlı masanın ətrafında dörd oturacağı olduğu halda, məzarla üzbəüz Ayxanın şəkli olan üzərində qızılgül ləçəkləri üzən çarhovuzu belə vardı.
Hər il 8 ədəd ağ qızılgüllə nəvəsini ziyarət edən Raya xanım qeyd etdi ki, “ailə üzvlərindən heç kəs Ayxanın ölümü ilə barışa bilmir. Bu məzar onların təsəlli mənbəyidir. Onlar Ayxanın qoxusunu torpağından almağa çalışırlar.”
Ayxan 10.10.2010 tarixində doğulmuşdu. Hər kəs elə düşünürdü ki, bu rəqəmlər onun uğuru olacaq. Lakin Ayxanın vaxtsız ölümü bu tarixi ailəsi üçün təqvimin qara rəngə boyanmış günlərindən birinə çevirdi.
Daha sonra tədbir məkanına keçən dəyərli insanlar Ayxana həsr olunan şeirlərdən səsləndirərək Ayxan haqqında qonaqların xatirələrini dinlədilər. Müəllimləri Ayxan haqqında “Ayxan….hələ də sinifə girəndə gözümüzün axtardığı dəyərli şagirdimizdir bizim. Onun oturduğu parta bütün müəllimlərinə, sinif yoldaşlarına əzizdir. Biz onu heç bir zaman unutmarıq”, deyərək qonaqları kövrəltdilər.
Tədbirin sonunda hər kəs Ayxan balanı ayaq üstə bir dəqiqəlik sükutla yad etdi.
Esmira Günəş
Müstəqil.Az
Share: