Professor Vüqar Məmmədov ziyalıların nəzərində

Bu il fevralın 9-da keçiriləcək parlament seçkilərində 22 saylı Nəsimi İkinci seçki dairəsindən deputatlığa namizədlər arasında professor Vüqar Məmmədovun da adı var. Vüqar Məmmədovun zəngin və geniş tərcümeyi-halını ictimailəşdirməyə ehtiyac görmədik. Tanış olmaq, məlumat almaq istəyən Vikipediya sistemində adı axtarışa versə yetər. Bundan başqa, Vüqar Məmmədov haqqında, onunla bağlı şəxsi fikirlərimizi də ictimailəşdirmək istəmədik. Fikirləşməsinlər ki, sifarişli bir yazıdır, hansısa jurnalistin ona olan simpatiyasından doğan məhsuldur.

Biz sadəcə ölkənin bir qrup tanınmış ziyalısı arasında kiçik sorğu keçirərək, Vüqar Məmmədov haqqında fikirlərini ictimailəşdirməyi qərara aldıq. Oxucunun Vüqar Məmmədov haqında bizim dilimizdən, qələmimizdən yox, alimlərin, ziyalıların fikirlərindən kimliyi barədə məlumat almağını daha məqsədəuyğun hesab etdik.

Müstəqil.Az Avrasiya.net-ə istinadla həmin sorğunun nəticələrini təqdim edir:

Professor Qulu Məhərrəmli: Milli Məclisə namizədliyini irəli sürmüş çoxsaylı iddialı şəxslər içərisində adamın gözü, ilk növbədə intellektualları, tanınmış ziyalıları, elm xadimlərini, hüquqşünasları axtarır. Bu mənada namizədlər arasında həm səhiyyəni, həm də hüquq sahəsini təmsil edən müasir düşüncəli elm adamı, cəmiyyətin yaxşı tanıdığı, professor Vüqar Məmmədov kimi insanları görmək çox xoşdur. Professor V.Məmmədov nadir mütəxəssislərdəndir ki, iki elm sahəsində eyni dərəcədə uğur qazanıb. Təkcə ölkəmizdə deyil, xaricdə də onu hüquq və səhiyyə sahəsində nüfuzlu ekspert kimi qəbul edirlər. Deməli, ölkə səhiyyəsindəki problemləri parlamentdə dilə gətirmək, onların həlli yollarını göstərmək və bu sahədə qanunvericiliyi təkmilləşdirmək məhz professor Vüqar Məmmədov kimi öz işinin bilicisi olan peşəkarların missiyasıdır. Ona görə də biz parlamentə məhz bu cür peşəkar və layiqli mütəxəssisləri seçməliyik ki, xalqı və öz seçilərini layiqincə təmsil etsin. Hesab edirəm ki, Azərbaycan Milli Məclisinin bugünkü siması məhz professor Vüqar Məmmədov kimi ziyalılardan ibarət olmalıdır.

Yazıçı Səfər Alışarlı: Vüqar Məmmədovun Azərbaycan tibb və hüquq elmi qarşısında böyük xidmətləri var. O insanlara qarşı münasibətində də həssas və peşəsində təmənnasızligi ilə seçilən nadir ziyalılarımızdan biridir. V.Məmmədovun görkəmli tibb professoru, eləcə də xalqını, dövlətini sevən bir ziyalı olaraq, Milli Məclisdə öz seçicilərini ləyaqətlə təmsil edəcəyinə şübhəm yoxdur. Ona bu seçkilərdə uğurlar arzulayıram!

Filologiya üzrə fəlsəfə doktoru, şairə Adilə Nəzərova: Ölkəmizdə səhiyyə sahəsində xeyli problemlər var. Bu problemlərin qaynağı bəlkə də bizdə normal səhiyyə qanunvericiliyinin olmamasıdır. Bu qanunvericiliyin yenidən qurulması və təkmilləşdirilməsinə ehtiyac var. Hesab edirəm ki, professor Vüqar Məmmədov bu iş üçün lazımi bilik və təcrübələrə malikdir. O, bir tibb eksperti olaraq həm Azərbaycanda, həm də ölkə xaricində çalışır və tanınır. Milli Məclisdə bu sahədə bir təmsilçimizin olması çox faydalı olar.

Alman dili mütəxəssisi, şair Mikayıl Bozalqanlı: ATU-nun məhkəmə təbabəti kafedrasının professoru, tibb elmləri doktoru, azərbaycanlı alim, Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti Vüqar Məmmədovun namizədliyini dəstəkləyirəm. Siz səsinizi elmə, zəkaya xalqın işıqlı gələcəyiunə verməklə hər bir insanın rifah halının yaxşılaşmasına daha yeni münasibətə səs vermiş olursunuz. Vətən özünün daha azad, daha firavan vətəndaşları ilə böyüyür, inkişaf edir. Rifahınızın daha da yaxşılaşmasına, vətənimizin ümumdünya çapında daha da tanınmasına səs verin. Unutmayin ki, bu gün verdiyiniz hər bir səs, sabah sizin gündəlik qayğılarınızın həllinə, hüquqlarınızın müdafiəsinə xidmət edəcəkdir.

Jurnalist Elçin Alıoğlu: Professoor Vüqar Məmmədov Azərbaycanın dəyərli ziyalılarından biri olmaqla yanaşı, çalışdığı sahənin əsl peşəkarlarından biridir.
Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvü, habelə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru olan V.Məmmədovun millət vəkili seçilməsini istərdim. Nədən ki, mövcud qanunvericilikdə ciddi boşluqlar var ki, onların yaratdıqları problemlərin aradan qaldırılması üçün dünya praktikasına və beynəlxalq qanunvericilik təcrübəsinə istinadla asanlıqla aradan qaldırıla biləcək qanun layihələrinin hazırlanmasına ciddi zərurət duyulur.
Eyni zamanda, V.Məmmədovun millət vəkili mandatına yiyələnməsi Azərbaycan səhiyyəsində innovasiyaların, yeniliklərin və müasir metodologiyaların tətbiqinə təkan verəcyini, səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi üçün lazımi bilik və təcrübə malik olduğundan məhsuldar fəaliyyət göstərəcəyini düşünürəm.
Unutmayaq ki, insan kapitalı dövlətimizin əsas sərvətidi, ölkənin gələcəyi isə sağlam və keyfiyyətli təhsil almış vətəndaşlardır.

Professor Çingiz Cərullayev: Vüqar Məmmədov Azərbaycanın sayılıb, seçilən alimlərindəndir. Alimin yeri isə həmişə yüksəkdə olur. Mən Vüqar müəllimin seçicilərinə demək istəyirəm ki, parlamentdə sizi layiqincə təmsil edəcək birinə, tanınmışa, ziyalıya səs verin. Əgər Vüqar müəllim parlamentə düşərsə, seçkicilərinin etimadını doğruldacaq, seçiciləri də ona səs verdiklərindən fəxr duyacaqlar.

Professor Mübariz Əliyev: Professor Vüqar Məmmədov elm adamıdır, yüksək intellekt sahibidir, elmin inkişafına xidmət edir. Elmli insan isə ölkənin varlığı, sərvətidir, onu qorumaq hər birimizin borcudur. Parlament qanunverici orqandır, ora təsadüfi adamların yeri olmamalıdır – ziyalı, elmli eyni zamanda hörmətli şəxsiyyətlər oturmalıdırlar ki, ölkəmizə, millətə xidmət etsinlər. Vüqar Məmmədov belə şəxsiyyətlərdəndir.

Professor Məmməd Kərimov: Ləyaqətli, vicdanlı alimdir, yeni formalaşacaq parlamentdə Vüqar Məmmədov kimi ziyalıların yeri görünür. Vüqar Məmmədov çalışdığı universitetlərdə həm kollektiv, həm də tələbələr arasında böyük hörmət sahibidir. Vüqar Məmmədov humanist olsa da, tələbkardır, yüksək təşkilatçılıq qabiliyyətinə malikdir, novator alimdir. Eyni zamanda dövlətinə, millətinə, xalqına bağlıdır. Heç vaxt şəxsi maraqlarının girdabına düşməyib, fəaliyyətini gənclərimizin maariflənməsinə, savadlanmasına, şəxsiyyət kimi formalaşmasına istiqamətləndirib.

Professor Nadir Hüseynov: Vüqar Məmmədov təkcə Azərbaycanda deyil, dünyada tanınmış ziyalılarımızdan biridir. Onun kimi dünya şöhrətli alimlərimizin qədrini bilməliyik. İnanıram ki, seçilərsə Vüqar Məmmədov parlamentdə millətini yüksək səviyyədə təmsil edəcək. Seçiciləri ondan razı qalacaq. Vüqar Məmmədov digər bəzi millət vəkillərindən fərqli olaraq deputat seçiləndən sonra da seçicilərinin yanında olacaq.

Professor Yaqub Qurbanov: Səviyyəli intellekt sahibidir. Təmsil olduğu bütün beynəlxalq təşkilatlarda daim Azərbaycanın milli və dövlətçilik maraqlarını qoruyub. Eyni zamanda Azərbaycanı dünyaya tanıdıb. Vüqar Məmmədov sadə və səmimi bir alimdir, məşhurluğu onun başını dumanlandırmayıb, fəaliyyətində, işində təmiz, ləkələnməyən bir alimdir. Həmişə başını dik tutub, çünki, alnı açıq, üzü ağdır. Vüqar Məmmədov parlamentdə millətini təmsil edə biləcək layiqli şəxsdir.

Professor Mansur Bünyadov: Vüqar Məmmədov tanınmış nəslin nümayəndəsidir. Alimdir, ziyalıdır, saf təfəkkürə, istedada malikdir. Elm, təhsil və iş təcrübəsi zəngindir. Ölkəmizin sayılıb, seçilən məhkəmə tibb eksperti, hüquqşünaslarından biridir. Millət fəxr edər ki, onun belə bir vəkili olsun.

Sabiq millət vəkili, iqtisadçı, ekspert Nazim Məmmədov: Nə müsbət fikir var Vüqar Məmmədov hamısına layiqdir. Mən onu yaxşı tanıyıram, insanlığına, alimliyinə, bacarığına, xüsusən də insanlarla işləməyinə söz ola bilməz. Bunlar sözgəlişi, nəyinsə xatirinə deyilən sözlər deyil. Azərbaycanın elm sahəsində istənilən şəxsdən soruşsanız, Vüqar Məmmədov haqqında ancaq xoş sözlər, fikirlər söyləyəcək. Vüqar Məmmədovun tərcümeyi-halına nəzər yetirdikdə onun haqqında dolğun məlumat və kimliyi ilə bağlı nəticə əldə etmək olar.

Share: